“OPEC plyus” neft hasilatını artırır

post-img

Gələn ay “OPEC plyus” ölkələri neft hasilatını sutkada 137 min barel artıracaqlar. Bu barədə qurumun videokonfrans vasitəsilə keçirilən görüşün yekunlarına dair açıqlamasında bildirib.

Qeyd olunub ki, hasilatın artırılması ilə bağlı qərar qlobal iqtisadi mənzərənin sabitliyi və əlverişli bazar əsasları fonunda qəbul edilib. Məlumata görə, ən böyük artım Səudiyyə Ərəbistanında gözlənilir və burada neft hasilatı sutkada 41 min barel artacaq. “OPEC plyus” ölkələri bazar konyukturasını yaxından izləməyə və qiymətləndirməyə davam edir. Onlar ehtiyatlı yanaşmanın və əlavə könüllü hasilat düzəlişlərini dayandırmaq və ya ləğv etmək üçün tam çevikliyi qorumağın vacibliyini bir daha təsdiqləyiblər”, – deyə qurumun bəyanatında bildirilib.

Qeyd edək ki, “OPEC plus” OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalını azaltması üzrə təşəbbüsdür. Hazırda Azərbaycan “OPEC plus” formatında Neft İxrac Edən Ölkələr Təşkilatı ilə sıx əməkdaşlıq edir. Ölkəmizin OPEC-lə əməkdaşlığı təşkilatın iclaslarında müşahidəçi statusunda iştirakı ilə fəallaşıb. 2016-cı ilin yanvar ayında Davos Dünya İqtisadi Forumunda çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev neftin qiymətinin sabitliyinə nail olmaq üçün OPEC-ə üzv olan və olmayan ölkələrin bir araya gələrək yeni beynəlxalq enerji formatının yaradılması ilə bağlı təşəbbüs irəli sürmüş, nəticədə “OPEC plus” formatı təsis edilmişdir.

“OPEC plus”un iştirakçıları isə Azərbaycan, Bəhreyn, Bruney, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan və Cənubi Sudandır. “OPEC plus” əməkdaşlığının əsas məqsədi dünya neft bazarında tələb və təklifin uzlaşmasına nail olmaqdır.

Xatırladaq ki, Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatına əsasən, bu ilin avqust ayında Azərbaycanda gündəlik neft hasilatı 460 min barel təşkil edib. Bu isə iyul ayının göstəricisindən 10 min barel çoxdur. Qurum analitiklərinin hesablamalarına görə, avqustda Azərbaycanda gündəlik neft hasilatı “OPEC plyus” sazişi çərçivəsində plandan gündəlik 90 min barel geri qalıb. “OPEC plyus” ölkələri nazirlərinin 37-ci iclasında əldə edilmiş razılaşmaya əsasən, 2025-ci il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.

XQ

İqtisadiyyat