Halal dəyərlərlə qlobal əməkdaşlığa doğru

post-img

Bakıda yeni iqtisadi platforma müzakirələri

Dünən Bakıda Azərbaycan Halal Biznes Forumu (AZHAB) öz işinə başladı. Məclis İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə reallaşdırılır və “Sürətlə dəyişən dünyada halal sənaye – dayanıqlılığın açarı” mövzusunu əhatə edir. İki gün davam edəcək bu beynəlxalq platforma investisiya və ticarət əlaqələrinin genişləndirilməsi, yeni tərəfdaşlıqların qurulması, eləcə də fikir və təcrübə mübadiləsinin gücləndirilməsini hədəfləyir. Forumda 30-dan çox ölkədən rəsmi şəxslər, ekspertlər, akademik dairələrin nümayəndələri, iş adamları iştirak edir, halal sənayenin inkişaf perspektivlərini müzakirə edirlər.

Forumun ilk günü olduqca aktual mövzulu çıxışlar, panel müzakirələri ilə yadda qaldı. Açılış mərasimində müqəddəs “Qurani-Kərim”dən ayələr oxundu. Daha sonra “AZHAB Film”in hazırladığı videoçarx nümayiş olundu.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Azərbaycanın işğaldan azad olunmuş əraziləri və Naxçıvan Muxtar Respublikasında halal sənayenin inkişafı barədə məlumat verdi. AQTA sədri qeyd etdi ki, halal sənaye Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən xəstəlikdən azad zonalar elan olunandan və belə ərazilərə azad status əldə olunduqdan sonra mümkün olacaq: “Fürsətdən istifadə edərək Azərbaycan sahibkarlarını həm Naxçıvan Muxtar Respublikasında, həm də işğaldan azad olunmuş ərazilərdə halal sənaye quruculuğunda yaxından iştirak etməyə dəvət edirəm”.

İqtisadiyyat nazirinin müavini Elnur Əliyev Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına (İƏT) daxil olan ölkələrlə iqtisadi əlaqələrini vurğulayaraq bildirdi ki, ölkəmizdə təşkilatın 11 minə yaxın şirkəti fəaliyyət göstərir: “Bu ilin yanvar–avqust aylarında Azərbaycanla İƏT arasında ticarət dövriyyəsinin dəyəri 6 milyard ABŞ dollarına yaxın olub. Azərbaycan regionda İƏT-in fəal üzvlərindən biridir və üzv dövlətlərlə siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafına böyük önəm verir”.

Forumun açılışında İslam Əməkdaşlıq Təşkilatının Baş katibinin iqtisadi məsələlər üzrə köməkçisi Əhməd Kavesa Sengendo, İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzinin Baş direktoru Zəhra Zümrüt Səlçuk, İslam İnkişaf Bankının Malayziyadakı Mükəmməllik Mərkəzinin rəhbəri Samer Elesavi, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidenti Taha Ayhan və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış etdilər. Natiqlər ticarət və investisiya sahəsində əməkdaşlıq imkanları, idxal-ixrac məsələləri, beynəlxalq bazarlarda rəqabət, halal sənayenin potensialı və trendlər, müvafiq sahədə innovasiya və texnologiyaların rolu, halal məhsul və xidmətlərin sertifikatlaşdırılması barədə fikirlərini bölüşdülər.

Forumda daha bir yaddaqalan məqam isə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Türkiyənin “Bilişim Vadisi” ilə KOB-ların “yaşıl” keçidinə dəstəyə dair, eləcə də Malayziyanın “Berhad” Halal İnkişaf Korporasiyası ilə əməkdaşlıq haqqında anlaşma memorandumları imzalanması oldu. Bununla yanaşı, İƏT KOB-lar şəbəkəsinin yaradılmasına qərar verildi. Şəbəkənin yaradılmasında məqsəd İƏT çərçivəsində KOB-lara dəstək verən qurumların əməkdaşlığını gücləndirməkdir.

Qeyd edək ki, “AZHAB Forumu 2025” konfrans və sərgi olmaqla iki hissədən ibarətdir. Konfrans çərçivəsində halal sənayenin ənənəvi sahələri, o cümlədən maliyyə və turizm mövzuları, halal biznesin idarəolunması, “yaşıl” keçid, biznesdə qadınların rolu və digər yeni istiqamətlər müzakirə edilir.

Forumun sərgi hissəsi də bir o qədər rəngarəng və fərqlidir. Müxtəlif şirkətlər, qurumlar onlara ayrılmış pavilyonlarda öz məhsullarını nümayiş etdirirlər. Biz də XQ olaraq pavilyonların bəzilərinə qonaq olduq, geniş fikir mübadiləsi apardıq.

Vüsal Əmirxanov, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Sertifikatlaşdırma şöbəsinin müdiri:

– Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu artıq ikinci ildir ki, bu forumun iştirakçısıdır. İnstitut 2024-cü ilin əvvəlindən etibarən İslam Əməkdaşlıq Təşkilatının standartlarına – yəni SMIC standartlarına əsaslanan Halal İdarəetmə Sistemi və Halal Sertifikatlaşdırma xidmətlərini tətbiq edir.

2024-cü ilin sonlarından etibarən AQTİ dörd istiqamət üzrə Türkiyə Halal Akkreditasiya Qurumu (HAK) tərəfindən rəsmi şəkildə akkreditasiya olunub. Keçən ilki Halal Biznes Forumundan bu günə qədər olan müddətdə İnstitut tərəfindən yeddi müəssisə Halal Sertifikatı alıb və Halal Uyğunluq nişanından istifadə hüququ qazanıb. Halal Uyğunluq Sertifikatının verilməsi Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda bir neçə mərhələdən ibarətdir. Əvvəlcə müəssisədən daxil olan müraciət qəbul olunur və təhlil edilir. Daha sonra müəssisə ilə ilkin tanışlıq mərhələsi keçirilir, təqdim edilən sənədlər araşdırılır. Uyğunluq müəyyən edildikdə, qarşılıqlı müqavilə imzalanır.

Müqaviləyə əsasən iki mərhələli sertifikatlaşdırma xidməti həyata keçirilir. İnstitut daxilində bu prosesin obyektivliyini təmin etmək məqsədilə müxtəlif komitələr – qərəzsizlik, etiraz və şikayət, həmçinin sertifikatlaşdırma komitələri fəaliyyət göstərir. Məhz bu komitələrin işi sayəsində sertifikatlaşdırma prosesinin şəffaflığı və etibarlılığı təmin edilir. Hazırda forumda AQTİ tərəfindən Halal Sertifikatı almış bəzi müəssisələr də iştirak edir. Bu, olduqca müsbət haldır, çünki həmin müəssisələr öz halal məhsullarını burada sərgiləyərək istehlakçılara təqdim edirlər.

Vakqar Baxtavari, Azərbaycan–Pakistan Ticarət və Sənaye Palatasının prezidenti:

– Palatamız yaxın zamanda fəaliyyətə başlayıb və onun yaranması ideyası Azərbaycanın İslamabaddakı səfiri Xızır Fəradunun təşəbbüsü ilə gerçəkləşib.

Halal Biznes Forumu bu mənada mühüm əhəmiyyət daşıyır. Forumda dünyanın müxtəlif regionlarından olmaqla, 30-dan çox ölkədən rəsmi şəxslər, mütəxəssislər, akademik dairələrin və beynəlxalq təşkilatların nümayəndələri, eləcə də iş adamları iştirak edir. Bu kimi platformalar bizim palata üçün də yeni tərəfdaşlıqlar qurmaq və Pakistanla Azərbaycan arasında iqtisadi əlaqələri daha da gücləndirmək baxımından olduqca dəyərlidir.

Palatanın əsas məqsədi hər iki ölkənin biznes icmalarını bir-birinə yaxınlaşdırmaq, Azərbaycan və Pakistan sahibkarları arasında əməkdaşlıq üçün vahid platforma yaratmaqdır. Yaxın gələcəkdə biz onlayn portalın yaradılmasını da planlaşdırırıq. Bu portal vasitəsilə hər iki tərəfin iş adamları bir-biri ilə birbaşa əlaqə saxlaya biləcəklər. Məsələn, Azərbaycandan biri düyü, meyvə və ya tərəvəzlə bağlı sorğu göndərmək istəsə, portaldan həmin məhsullarla məşğul olan təchizatçıların adlarını və əlaqə məlumatlarını əldə edə biləcək. Ümumiyyətlə, perspektivdə iri iqtisadi dividendlərin əldə olunmasını səbirsizliklə gözləyirik. Eləcə də Halal Biznes Forumu bu kimi məsələlərə işıq olur.

Ruslan Atakişiyev, “İqtisadi Resursların Öyrənilməsi Mərkəzi” İctimai Birliyinin sədri:

– Bu forumun əsas məqsədi halal ekosistemində fəaliyyət göstərən bütün qurumlar və təşkilatlar arasında əlaqələrin formalaşdırılmasına, həmçinin onların ölkə iqtisadiyyatındakı rolunun gücləndirilməsinə yönəlib. Qeyd etmək istərdim ki, tədbirdə Avropa ölkələrindən olan qonaqlar da iştirak edirlər və onlar halal biznes sahəsində geniş təcrübəyə malikdirlər. Forumun əsas bölmələri halal istehsalın inkişafı, halal xammalın əldə olunması, qida və xidmət sektorlarında halal biznesin təşkili mövzularına həsr olunub. Bununla yanaşı, İslam maliyyəsi, maliyyələşmə mənbələri və halal investisiyalarla bağlı məsələlər də müzakirə edilir.

Xüsusilə halal investisiyaların təşviqi, qadın sahibkarların inkişafı, eləcə də Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində investisiya imkanları ilə bağlı aparılan müzakirələr böyük əhəmiyyət daşıyır. Bundan əlavə, forum çərçivəsində ekoloji cəhətdən təmiz istehsalın formalaşdırılmasına yönəlmiş konsorsiumun yaradılması da gündəmdədir. Halallıq anlayışı əslində ekoloji təmiz istehsalla sıx bağlıdır. BMT-nin 17 davamlı inkişaf məqsədi ilə İslamın əsas dəyərləri arasında oxşarlıq var. Burada insan rifahı, sağlam qidalanma, təmiz mühit kimi məsələlər ön plana çıxır.

Forum çərçivəsində yerli istehsalçılar və halal biznes nümayəndələri ilə xarici ölkə təmsilçiləri arasında geniş əlaqələr qurulur. Qeyd etmək lazımdır ki, ötən il keçirilən forumdan sonra da bir çox sahibkar bu əlaqələri inkişaf etdirərək müxtəlif ölkələrlə iqtisadi əməkdaşlığa, o cümlədən məhsul ixracına nail olublar.

Ümumiyyətlə, forumun sərgi bölməsində Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan və digər ölkələrdən olan 30-a yaxın şirkət öz məhsul və xidmətlərini təqdim edir və halal dəyərləri və dayanıqlı inkişaf ideyalarını bir araya gətirən sərgi bu gün yekunlaşacaq.

Nurlan ABDALOV,
Rauf İBRAHİMOV (foto)
XQ







İqtisadiyyat