Baltikyanı ölkələrin də Azərbaycana marağı artır

post-img

Bakıda “Mərkəzi Baltikyanı – Azərbaycan” biznes forumu keçirilib. Məclisdə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi Ziya Hacılı bildirib ki, Azərbaycan, Latviya, Estoniya və Finlandiya sahibkarlarının B2B formatında keçirilən görüşləri çərçivəsində təşkil olunan işgüzar forum və imzalanan sənədlər ölkələrimizin biznes subyektləri arasında iqtisadi tərəfdaşlığın möhkəmlənməsində yeni mərhələ olacaq.

Qeyd olunub ki, Baltik və Şimali Avropa ölkələri innovativ iqtisadiyyatları, dayanıqlı sənaye modelləri və qabaqcıl rəqəmsal həlləri ilə bütün dünyada tanınır. Azərbaycan isə öz növbəsində Cənubi Qafqazın iqtisadi mərkəzi, enerji, nəqliyyat, logistika və müasir kənd təsərrüfatı sənayesində regional lider kimi yeni əməkdaşlıq imkanları təqdim edir. Ziya Hacılının sözlərinə görə, bu razılaşmalar sadəcə rəmzi xarakter daşımır, əksinə, işgüzar dairələr arasında uzunmüddətli və institusional əməkdaşlıq üçün praktiki bir “yol xəritəsi” rolunu oynayır.

Forumda bildirilib ki, birgə fəaliyyət üçün real potensial “yaşıl enerji” və bərpaolunan texnologiyalar, rəqəmsal iqtisadiyyat və innovativ ekosistemlər, o cümlədən startap sahəsində əməkdaşlıq, eləcə də kənd təsərrüfatı və qida sənayesi kimi əsas istiqamətlər də mövcuddur.

Estoniyanın Azərbaycandakı səfiri Vayno Reynart çıxışında qeyd edib ki, Azərbaycan regionda baş verən son geosiyasi dəyişikliklər fonunda logistika baxımından getdikcə daha vacib rol oynayır və Asiya ilə Avropa arasında körpü funksiyasını yerinə yetirir. Səfir, həmçinin ölkəsinin Şərq-Qərb arasında nəqliyyat dəhlizlərinin, o cümlədən Azərbaycan üzərindən keçən Orta Dəhlizin inkişafını dəstəklədiyini vurğulayıb. O, foruma qatılan Estoniya şirkətlərinin azərbaycanlı tərəfdaşlarla əməkdaşlığa, xüsusilə rəqəmsal transformasiya və “yaşıl texnologiyalar” sahəsinə maraq göstərdiyini bildirib.

Latviyanın ölkəmizdəki səfiri Edqars Skuya isə Mərkəzi Baltik dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu, bunun biznes, texnologiyalar və “yaşıl enerji” sahəsində tərəfdaşlığın uğurlu nümunəsinə çevrildiyini diqqətə çatdırıb. Səfir 2 il əvvəl oktyabr ayında Estoniya, Finlandiya və Latviyadan olan şirkət nümayəndələrinin ilk dəfə Azərbaycana səfər etdiklərini və həmin vaxt forumlar, müzakirələr və B2B görüşlərinin keçirildiyini xatırladaraq bunun 4 ölkənin sahibkarları arasında möhkəm əlaqələrin qurulmasına, bilik və təcrübə mübadiləsinə, bazar imkanlarının öyrənilməsinə töhfə verdiyini, ticarət-iqtisadi əməkdaşlıq üçün yeni perspektivlər açdığını bildirib.

Finlandiyanın Cənubi Qafqazdakı səfiri Kirsti Narinen isə çıxışında ölkəsinin “yaşıl enerji”, enerji səmərəliliyi və liman infrastrukturunun rəqəmsallaşması sahələrində Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb. Qeyd olunub ki, Finlandiya Avropa İttifaqının layihələri, o cümlədən “yaşıl enerji” dəhlizləri çərçivəsində Avropa ilə Qafqaz arasında nəqliyyat və enerji əlaqələrinin gücləndirilməsini dəstəkləyir.

Finlandiyanın energetika sahəsində özünü təmin edən ölkə olduğunu vurğulayan səfir bu şəbəkələrin necə qurulması və bərpaolunan enerji mənbələrinin inteqrasiyası ilə bağlı Azərbaycan tərəfi ilə texniki təcrübəni bölüşə biləcəklərini bildirib. Kirsti Narinen Azərbaycanda fəaliyyət göstərən “Wärtsilä” fin şirkətinin istilik elektrik stansiyalarının modernləşdirilməsi ilə məşğul olduğunu xatırladıb: “Biz bərpaolunan enerji və onunla bağlı texnologiyalar istiqamətində, eləcə də enerji səmərəliliyinin artırılması yönündə irəliləyirik. Bu da Avropanın “yaşıl keçid” çərçivəsində əməkdaşlığın əsas istiqamətidir”, – deyə o qeyd edib. Diplomatın sözlərinə görə, bu cür biznes-forumlar və görüşlər hər iki ölkənin şirkətləri arasında əlaqələrin qurulmasına kömək edir.

“Mərkəzi Baltikyanı – Azərbaycan” biznes forumu çərçivəsində, həmçinin Azərbaycan, Latviya, Estoniya və Finlandiyanın işgüzar dairələri arasında əməkdaşlığın inkişafına yönəlmiş qarşılıqlı anlaşma memorandumları imzalanıb.

Eyyub KƏRİMLİ,
iqtisadçı-ekspert

Baltikyanı ölkələr – Azərbaycan biznes forumunun əhəmiyyəti bir neçə əsas aspektdən qiymətləndirilməlidir. İlk növbədə, bu tədbir Baltik ölkələri ilə Azərbaycan arasında iqtisadi əlaqələrin genişlənməsinə, eləcə də regionlararası ticarət dövriyyəsinin artmasına mühüm imkanlar yaradır. Digər tərəfdən, Baltik ölkələri Avropa İttifaqının üzv dövlətləridir və bu baxımdan, onlar Azərbaycan üçün Avropa bazarına çıxışda mühüm körpü rolunu oynaya bilərlər.

Azərbaycanın ixrac potensialı əsasən enerji, kənd təsərrüfatı və metallurgiya kimi sahələrdə cəmləşib. Bu istiqamətlər üzrə məhsullara Baltik regionunda da tələbat yüksəkdir. Eyni zamanda, ölkəmiz beynəlxalq nəqliyyat dəhlizlərinin əsas iştirakçılarından biridir. Baltik ölkələri isə Şimali Avropaya çıxış nöqtəsi kimi strateji mövqeyə malikdir. Bu forum çərçivəsində Bakı, Riqa, Vilnüs və Tallin limanları arasında yükdaşımaların koordinasiyası, liman və dəmir yolu əlaqələrinin inkişafı kimi məsələlər müzakirə olunub. Düşünürəm ki, bu, Xəzər dənizindən Baltik dənizinədək uzanan ticarət marşrutlarının formalaşmasına xidmət edəcək.

Forumun üçüncü əsas istiqaməti investisiya və texnoloji mübadilədir. Baltik ölkələri innovasiya və rəqəmsal iqtisadiyyat sahəsində qabaqcıl təcrübəyə malikdir. Bu təcrübənin Azərbaycanda tətbiqi “startap ekosistemi”, rəqəmsal xidmətlər və “ağıllı şəhər” layihələrinin inkişafına mühüm töhfə verə bilər.

Eyni zamanda, Azərbaycan enerji infrastrukturu sahəsində Baltik ölkələri üçün etibarlı və sabit investisiya mühiti yaradır. Enerji təhlükəsizliyi və “yaşıl keçid” istiqamətində əməkdaşlıq da xüsusi əhəmiyyət kəsb edir. Bildiyiniz kimi, Baltik ölkələri Rusiyadan enerji asılılığını azaltmağa çalışır və bu kontekstdə Azərbaycan etibarlı enerji tərəfdaşı kimi ön plana çıxır.

Forumda, həmçinin bərpaolunan və alternativ enerji sahələrində əməkdaşlıq imkanları da müzakirə olunub. Bundan əlavə, turizm və mədəni əlaqələrin genişləndirilməsi, təhsil və elmi mübadilələrin təşviqi forumun diqqət mərkəzindədir. Nəticə etibarilə, bu forum təkcə böyük iqtisadi hadisə deyil, həm də geosiyasi və strateji baxımdan mühüm əhəmiyyət daşıyır. O, Azərbaycanın Avropa ilə iqtisadi əlaqələrini daha da dərinləşdirir, Cənubi Qafqaz və Baltik regionları arasında iqtisadi körpü rolunu gücləndirir.

Mirbağır YAQUBZADƏ
XQ



İqtisadiyyat