BP daha beş beynəlxalq dərsliyin Azərbaycan dilinə tərcüməsini təqdim edib. Bununla da şirkətin dünyanın ən qabaqcıl akademik resurslarının Azərbaycana gətirilməsi məqsədilə nəşr etdiyi kitabların ümumi sayı 29-a çatıb.
Bu layihə BP-nin yerli universitetlərə dünyada tanınmış qabaqcıl akademik materiallara, bilik və təcrübələrə çıxış imkanı təmin etməklə tədris və təlim prosesinin gücləndirilməsinə dəstək olmaq üçün həyata keçirdiyi geniş təhsil proqramının bir hissəsidir və şirkətin bu yöndə uzunmüddətli öhdəliyi çərçivəsində növbəti əhəmiyyətli addımdır.
Yeni nəşrlərin ictimaiyyətə təqdimatı münasibətilə keçirilmiş tədbirdə çıxış edən BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Bu beş yeni kitabın təqdimatı ilə BP-nin Azərbaycandakı ən əhəmiyyətli təhsil təşəbbüslərindən birinə yekun vururuq. İllər ərzində bu layihə elm və təhsil ictimaiyyətinə beynəlxalq aləmdə ən çox istifadə olunan 29 dərslik bəxş edib. Bu dərsliklərin hər biri bizim yerli universitetlərin mütəxəssis heyətləri ilə sıx əməkdaşlıqda, tədris müəssisələrimizin real akademik ehtiyaclarını qarşılayacaq şəkildə seçilib. Bu kitablar tərcümədən daha artıq məna kəsb edir – onlar qlobal biliklərə körpüdür. Bu yüksəkkeyfiyyətli resursları Azərbaycan dilində əlçatan etməklə ölkə universitetlərinin öz tədris və təlim proseslərini beynəlxalq standartlara uyğunlaşdırmasını dəstəkləmək istəmişik. Ümid edirik ki, BP-nin hədiyyəsi olan bu kitablar nəsillər boyu tələbələrə və müəllimlərə davamlı və əhəmiyyətli təsiri ilə real dəyər yaradacaq”.
Təqdim edilən yeni kitabların siyahısına Ekonometrikaya giriş. Müasir yanaşma (müəllif: Cefri M.Vuldric. Nəşriyyat: Cengage Learning, 2020, 7-ci nəşr), Biznes və iqtisadiyyat üçün statistika (müəlliflər: Anderson, Svini, Vilyams, Kem, Kokran, Frey, Olmann. Nəşriyyat: Cengage Learning, 2017, 14-cü nəşr), Statistik nəticəçıxarma (müəlliflər: Corc Kasella, Rocer L.Berger. Nəşriyyat: Brooks/cole, Cengage Learning, 2002, 2-ci nəşr), Korporativ maliyyə. Əsas prinsiplər (müəlliflər: Riçard A.Bril, Stüart K.Mayers və Franklin Allen. Nəşriyyat: McGraw-Hill/Irwin, 2014, 12-ci nəşr), İqtisadi idarəetmə və strategiya (müəlliflər: Cefri Perlof, Ceyms A.Brander Nəşriyyat: Pearson, 2014, 3-cü nəşr) daxildir.
Bu nəşrlər yerli universitetlər, kitabxanalar və müvafiq elm və təhsil müəssisələri üçün nəzərdə tutulub. Hər bir dərsliyin çap edilmiş 2 min nüsxəsi ilə yanaşı, rəqəmsal versiyaları da TEAS PRESS NƏŞRİYYAT EVİ-nin onlayn platformalarında yerləşdiriləcək.
Bütövlükdə, dərsliklərin nəşri layihəsinin ümumi dəyəri 2 milyon 140 min manatdan (təxminən 1 milyon 260 min ABŞ dollarından) çoxdur. Bu məbləğ son 9 il ərzində nəşr edilmiş 29 dərsliyin hamısına aid olan xərcləri, o cümlədən müəlliflik hüquqlarının alınması, qonorar ödənişləri, tərcümə, ekspert redaktəsi, korrektə, dizayn və çap, rəqəmsal versiyanın hazırlanması və layihənin idarə olunmasını əhatə edir.
Mirbağır YAQUBZADƏ
XQ