KOB sektorunda süni zəka

post-img

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) KOB sektorunda daha səmərəli strateji qərarların qəbulu üçün süni intellektə əsaslanan biznes analitikası sisteminin yaradılması üzərində düşünür. Bu fikri KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən “SOCGOV 2025: Süni zəka insan və transformasiya üçün” adlı beynəlxalq konfransda bildirib.

Agentlik sədrinin sözlərinə görə, KOBİA süni intellekt sahəsindəki qlobal trendlərdən kənarda qalmır və fəaliyyətini iki əsas istiqamət üzrə qurub: “Birinci istiqamət süni intellektə əsaslanan həllərin agentliyin daxili biznes proseslərinə və KOB-lara yönəlmiş xidmət alətlərinə inteqrasiyası ilə bağlıdır. Bu məqsədlə e-KOB evi portalı layihəsi çərçivəsində işlər aparılır. Portalda rəqəmsal mühitdə süni intellekt üzərindən “biznes bələdçisi” alətinin yaradılması nəzərdə tutulur. Yaxın gələcəkdə KOB sektorunda qiymətləndirmə və strateji qərarların qəbuluna dəstək üçün süni intellektə əsas biznes analitikası sisteminin inkişafı istiqamətində də addımlar atılacaq”.

KOBİA-nın ikinci istiqaməti süni intellekt texnologiyalarının KOB sektorunda tətbiqinin təşviqinə yönəldiyini bildirən O.Məmmədov bu istiqamətdə həm mövcud dəstək mexanizmləri, həm də tərəfdaş qurumlarla birgə layihələr çərçivəsində tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, KOB-lar cəmiyyətin süni intellekt texnologiyalarına hazırlıq səviyyəsini və bu sahədə bacarıqlarını artırmaq potensialına malikdir. Hazırda ölkəmizdə muzdlu işçi qüvvəsinin 44 faizinin KOB sektorunda çalışdığını bildirən agentlik sədri bunu geniş əhali kütləsinə çıxış və təsir imkanı baxımından mühüm göstərici kimi dəyərləndirib.

 

İqtisadiyyat