“Xankəndi” gəmisi Xəzərə qayıdır

post-img

Bakı Gəmiqayırma Zavodunda “Xankəndi” gəmisinin əsaslı təmiri başa çatıb. Zavodun peşəkar mühəndis və texniki heyəti tərəfindən aparılan genişmiqyaslı bərpa və təkmilləşdirmə işləri nəticəsində gəminin texniki göstəriciləri tam bərpa olunub, etibarlılığı və istismar müddəti artırılıb. Layihənin uğurla tamamlanması Bakı Gəmiqayırma Zavodunun yüksək istehsal potensialını, texniki imkanlarını və beynəlxalq standartlara uyğun fəaliyyətini bir daha təsdiqləyir.

Xatırladaq ki, 2017-ci ilin sentyabr ayında istismara verilmiş “Xankəndi” Xəzər dənizinin 378 milyon ABŞ dolları dəyərində olan yeni flaqman gəmisidir. Ən son texniki nailiyyətləri özündə birləşdirən bu sualtı tikinti gəmisi məxsusi olaraq “Şahdəniz-2” layihəsi çərçivəsində Xəzər dənizində ən böyük sualtı hasilat sistemini quraşdırmaq üçün layihələndirilərək və inşa edilib.

Müasir sualtı hasilat texnologiyasını quraşdırmağa qadir olan bu mürəkkəb və əsl çoxfunksiyalı gəmi Azərbaycan Dövlət Neft Şirkəti, “Azərbaycan İnvestisiya Şirkəti” və “Keppel O&M” şirkətinin yaratdığı birgə müəssisə olan Bakı Gəmiqayırma Zavodunda layihələndirilib və inşa edilib.

Gəminin uzunluğu 155 metr, eni 32 metr və əsas göyərtə sahəsi isə 2 min kvadratmetr təşkil edir. Ümumi çəkisi 17 min 600 ton olan gəminin suya oturumu 6,5 metr olmaqla daşıma gücü 5 min metrik ton təşkil edir. Bu unikal su nəqliyyatında 6 ədəd 4,4 meqavat və 2 ədəd 3,2 meqavat gücündə generatoru olan 2 mühərrik bölməsi var. Gəmi 3,5 metr hündürlüyündə dalğalarda fəaliyyət göstərə bilmək üçün dinamik mövqeləndirmə sistemi, 600 metrədək dərinlikdə sualtı əməliyyatlar aparmaq üçün 900 metrik tonluq əsas kran, iki ədəd 18 nəfərlik dalğıc kapsulu sistemi, eyni sayda məsafədən idarə olunan sualtı aparat və möhkəmləndirilmiş avadanlıq endirmə şaxtası ilə təchiz edilib.

“Xankəndi” gəmisi lövbərlərə heç bir ehtiyac olmadan ən mürəkkəb işləri həyata keçirə bilər. Heyət və mütəxəssislər də daxil olmaqla gəminin göyərtəsi maksimum 175 nəfər üçün nəzərdə tutulub. İşçilərin əksəriyyəti isə yerli mütəxəssislərdir.

İqtisadiyyat