Qardaş ölkə ilə 15 illik müqavilə imzalanıb
Azərbaycanla Türkiyə arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron" yatağından hasil edilən təbii qaz tədarükünə dair ümumi həcmi 33 milyard kubmetr olan yeni uzunmüddətli müqavilə imzalanıb. Bu barədə Türkiyənin enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktar “Kanal 7” telekanalına müsahibəsi zamanı məlumat verib.
Nazirin sözlərinə görə, “Abşeron” yatağından ildə 2,25 milyard kubmetr olmaqla 15 il ərzində Türkiyəyə qaz tədarük ediləcək. Müqaviləyə əsasən, tədarük 2029-cu ildə başlayacaq və 2040-cı illərə qədər davam edəcək. O deyib ki, Bakı-Tbilisi-Ərzurum boru kəməri vasitəsilə nəql olunacaq qaz mövcud infrastrukturdan istifadə edilərək Türkiyəyə çatdırılacaq. “Uzunmüddətli müqavilələr və mənbələrin şaxələndirilməsi strategiyası Türkiyənin enerji təchizatının təhlükəsizliyini gücləndirir və qazın rəqabətqabiliyyətli qiymətlərlə təmin olunmasına imkan yaradır”, – deyə o əlavə edib.
`Qeyd edək ki, “Abşeron” yatağı ötən əsrin 60-cı illərində Azərbaycan geoloqları tərəfindən kəşf edilib. O zaman mövcud texnika və texnologiyalar Xəzər dənizinin dərinliklərində qazma işlərinə imkan vermədiyindən yatağın istismarı mümkün olmayıb. Nəhayət, 1997-ci ildə “Abşeron” yatağı üzrə hasilatın pay bölgüsünə dair birinci beynəlxalq müqavilə imzalanıb. Layihə çərçivəsində görülən işlər uğursuz nəticələndiyindən 2005-ci ildə müqaviləyə xitam verilib. Bununla belə, Azərbaycan geoloqları, Azərbaycan Dövlət Neft Şirkətinin mütəxəssisləri “Abşeron” yatağında məhsuldar layların olması ilə bağlı fikirlərində israrlı idilər. Eyni zamanda, xarici tərəfdaşlar da burada kifayət qədər karbohidrogen ehtiyatlarının olmasına inanırdılar.
Məhz bu inamın nəticəsi olaraq 2009-cu il fevralın 27-də Azərbaycan Dövlət Neft Şirkəti ilə Fransanın “Total” şirkəti arasında “Abşeron” yatağı üzrə yeni müqavilə imzalanıb. 2015-ci ildə isə “SOCAR” və “Total” birgə “JOCAP” (Joined Operating Company Absheron Petroleum) əməliyyat şirkətini yaradıblar. Beləliklə, “SOCAR Absheron” və “Total E&P Absheron” törəmə şirkətlərinin bərabər paylarla iştirak etdiyi JOCAP (Joined Operating Company Absheron Petroleum) birgə müəssisəsi “Abşeron” yatağının operatoru elan olunub. 2023-cü ilin avqustun 4-də isə Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) ilə “Abşeron” qaz-kondensat yatağında 30 faizlik iştirak payının alınmasına dair saziş imzalanıb. Sazişə əsasən, SOCAR və “TotalEnergies” şirkətlərinin hər birinin iştirak payları isə müvafiq olaraq 35 faiz təşkil edir.
Müqavilənin 30 il müddətinə həyata keçirilməsi nəzərdə tutulur. 747 kvadratkilometr ərazini əhatə edən müqavilə sahəsində aparılan ilkin kəşfiyyat işləri uğurla nəticələnib. 2011-ci ilin sentyabr ayında “Abşeron”da çox böyük qaz ehtiyatlarının aşkar olunması rəsmən elan edilib. 2023-cü il iyulun 9-da isə yatağın birinci işlənmə mərhələsi çərçivəsində ilk quyu istismara verilib. Hasilata başlandığı vaxtdan 2025-ci ilin sonlarınadək isə buradan 3,5 milyard kubmetrdən çox qaz çıxarılıb.
Xatırladaq ki, Xəzər dənizində, “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan cənub-qərbdə, dənizin 500 metr dərinliyində yerləşən “Abşeron” yatağının ehtiyatları 350 milyard kubmetr qaz və 100 milyon tona yaxın kondensat həcmində qiymətləndirilir. Elə bu zənginliyinə görə də “Abşeron” yatağının bir neçə mərhələdə işlənməsi nəzərdə tutulur.
Yatağın işlənməsinin birinci mərhələsində ildə 1,5 milyard kubmetr qaz və 750 min ton kondensat hasilatı nəzərdə tutulur. Növbəti işlənmə mərhələsi çərçivəsində isə burada illik hasilatın, ən azı, 4 milyard kubmetrə qədər artırılacağı gözlənilir. Bütövlükdə, yatağın istismarı Azərbaycanın təbii qaza artmaqda olan daxili tələbatının ödənilməsi ilə yanaşı, ölkəmizin ixrac potensialının artmasına da əhəmiyyətli töhfə verəcək.
Qeyd etdiyimiz kimi, artıq Türkiyənin “Abşeron” qazının ilk alıcı olacağı dəqiqləşib. Bununla da, yaxın illərdə Azərbaycandan qardaş ölkəyə “mavi yanacaq” ixracı əhəmiyyətli dərəcədə artacaq. Yeri gəlmişkən, hazırda Azərbaycan Rusiyadan sonra Türkiyəyə təbii qaz ixrac edən ikinci ölkədir. Məlum olduğu kimi, Türkiyə “Şahdəniz” yatağının işlənməsinin 1-ci və 2-ci mərhələləri çərçivəsində hasil edilən qazın əsas alıcısıdır.
Xatırladaq ki, qardaş ölkə 2007-ci ilin əvvəllərində istismara verilmiş Cənubi Qafqaz boru kəməri (Bakı-Tbilisi-Ərzurum) ilə “Şahdəniz” yatağının birinci işlənmə mərhələsi çərçivəsində hasil edilən təbii qazın idxalına başlayıb. 2018-ci il iyunun 30-da isə Azərbaycan qazını Türkiyənin Avropa sərhədlərinə çatdıran Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) istifadəyə verilməsi ilə qaz nəqlinin həcmi xeyli artıb. Bununla, həm də “Şahdəniz-2” layihəsi çərçivəsində hasil edilən təbii qazın Avropaya yolu açılıb.
Azərbaycan və Türkiyənin birgə reallaşdırdığı ən uğurlu enerji layihələrindən biri olan TANAP regionun və Avropanın enerji xəritəsini yenidən formalaşdıran, beynəlxalq əməkdaşlığın uğurlu nümunəsi sayılan Cənub Qaz Dəhlizi layihəsinin əsas seqmentlərindən birini təşkil edir. “Şahdəniz” qazının kommersiya məqsədli nəqlinə başlanmasından bəri bu boru kəməri ilə nəql olunmuş ümumi qazın, təqribən, 37 milyard kubmetri Türkiyəyə satılıb. 2025-ci ilin sonlarınadək isə qardaş ölkə Azərbaycandan, ümumilikdə, təqribən, 87 milyarda kubmetr “mavi yanacaq” alıb.
Bu günlərdə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumu qaz idxalı ilə bağlı yaydığı yeni hesabatda bildirilib ki, 2025-ci ilin yanvar–oktyabr aylarında Azərbaycan Türkiyəyə 9 milyard 798,4 milyon kubmetr təbii qaz ixrac edib. Bu isə əvvəlki ilin müvafiq dövrünün göstəricisindən 3,5 faiz çoxdur. Qurumun məlumatına görə, Azərbaycan 2024-cü ildə Türkiyəyə 11 milyard 478,4 milyon kubmetr qaz ixrac edib.
Mirbağır YAQUBZADƏ
XQ

