Süni intellektə hazırlıq indeksində 41 pillə irəliləyiş

post-img

“Oxford Insights” beynəlxalq tədqiqat mərkəzi tərəfindən hazırlanan “Hökumətin Süni İntellektə Hazırlıq İndeksi”nin (Government AI Readiness Index) 2025-ci il üzrə 8-ci buraxılışı dərc olunub. Hesabata əsasən, Azərbaycan ötən illə müqayisədə 41 pillə irəliləyərək 195 ölkə arasında 70-ci yerdə qərarlaşıb.

İndeks nəticələrinə görə, Azərbaycan 49,0 ümumi bal toplayaraq Cənubi və Mərkəzi Asiya regionu üzrə orta göstərici hesab olunan 41,4 balı üstələyib. Bununla yanaşı, ölkəmiz Cənubi Qafqaz ölkələri arasında ən yüksək nəticə göstərib. Qeyd edək ki, 2025-ci il buraxılışında qiymətləndirmənin 195 ölkə üzrə aparılması indeks tarixində ən əhatəli məlumat bazasının formalaşdırıldığını göstərir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Rəqəmsal Ticarət Qovşağının rəhbəri vəzifəsini icra edən Aygün Əhmədova bildirib ki, “Hökumətin Süni İntellektə Hazırlıq İndeksi” artıq qlobal səviyyədə hökumətlərin süni intellekt sahəsində hazırlığını ölçən və geniş istinad edilən əsas sənədlərdən biridir. Onun sözlərinə görə, indeks G20 daxil olmaqla, bir çox beynəlxalq platformalar üçün müqayisə və istiqamətləndirmə aləti rolunu oynayır.

2025-ci il buraxılışında qiymətləndirmə 6 əsas istiqamət üzrə aparılıb. Azərbaycanın göstəriciləri xüsusilə dövlət sektorunda tətbiq və dayanıqlılıq sahələrində yüksək olub. Belə ki, ölkəmiz “Dövlət sektorunda tətbiq” üzrə 66,97 bal, “Dayanıqlılıq” üzrə 58,27 bal, “Siyasət potensialı” üzrə 53,50 bal toplayıb.

Bu nəticələr Azərbaycanın süni intellekt sahəsində institusional tətbiqə və ictimai faydaya yönəlmiş yanaşmasını əks etdirir. O əlavə edib ki, qəbul edilən süni intellekt və rəqəmsal iqtisadiyyat strategiyaları Azərbaycanın qlobal mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verir.

XQ

İqtisadiyyat