“Politico” mənbələrə istinadən xəbər verir ki, ABŞ administrasiyası Venesuelanın müvəqqəti lideri Delsi Rodrigezdən ABŞ ilə münasibətlərin möhkəmləndirilməsinə yönəlmiş bir sıra tədbirlər görməsini tələb edib.
Nəşrin məlumatına görə, oğurlanmış prezident Nikolas Maduronun varisi narkotik qaçaqmalçılığının qarşısını almaq və ABŞ-a dost olmayan ölkələrə neft tədarükünün dayandırılması üçün konkret addımlar atmalıdır. Vaşinqton həmçinin ondan Kuba, İran və digər “düşmən” ölkələrin nümayəndələrini ölkədən çıxarmasını gözləyir. Ağ Evin məlumatına görə, bundan sonra Rodrigezin istefası gözlənilir. Amma Prezident Tramp seçkilərdən sonra hakimiyyətin təhvil verilməsi üçün konkret müddət müəyyən etməyib.
“Politico”nun məlumatına görə, yeni Venesuela lideri üçün digər bir tələb məhkum edilmiş ABŞ vətəndaşlarının azadlığa buraxılması ola bilər. Nəşrin mənbələri Venesuela müxalifətinin nümayəndələrinin də azadlığa buraxılmasının müzakirə mövzusu olub-olmadığını dəqiq bilmir.
ABŞ-ın yüksək vəzifəli rəsmisi “Politico”ya bildirib ki, Tramp administrasiyası həqiqətən də “ABŞ maraqlarını güdərkən ölkənin sabitliyini” təmin etməyə diqqət yetirir. O, mənbələrin Rodrigesə qarşı irəli sürdüyü tələblərlə bağlı şərh verməkdən imtina edib.
P.ƏMİRCANOV
XQ

