Rəqəmsal transformasiya TRIPP-in önəmini yüksəldir

post-img

Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzi marşrut barədə belə yazır

Qurumun yazılı açıqlamasında qeyd edilir ki, TRIPP-in (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) səmərəliliyinin və rəqabət qabiliyyətinin artırılmasında rəqəmsal transformasiya mühüm rol oynayır.

Mərkəzin məqaləsində bildirilir ki, Avropa Dəmir Yolu Hərəkətinin İdarəetmə Sistemi (ERTMS) üzrə mövcud təcrübəyə əsaslanaraq, Avropa İttifaqı Ermənistan və Azərbaycanın rəsmi müraciəti əsasında rəqəmsal gömrük və tranzit platformalarının yaradılmasına dəstək göstərə bilər. Bu sistemlər məlumatların elektron mübadiləsini, kağızsız sənəd dövriyyəsini və yüklərin real vaxt rejimində izlənilməsini təmin edəcək.

Yazı müəllifinin fikrincə, standartlaşdırılmış gömrük kodları, elektron plomblar və radiotezlik identifikasiyası (RFID) kimi intellektual logistika texnologiyalarının tətbiqi TRIPP-in TRACECA və Avropa rəqəmsal standartlarına uyğunlaşdırılmasına imkan verər. Eyni zamanda, Aİ-nin inteqrə olunmuş sərhəd idarəçiliyi proqramları gecikmələrin azaldılmasına, gömrük xidmətlərinin peşəkar səviyyəsinin yüksəldilməsinə və hüquqi uyğunluğun gücləndirilməsinə töhfə verə bilər.

Məqalədə Azərbaycan, Ermənistan, Türkiyə və Gürcüstan arasında Aİ və ABŞ-ın həmsədrliyi ilə texniki koordinasiya platformasının yaradılması da təklif olunur. Belə bir platforma texniki standartların sinxronlaşdırılmasına, məlumat mübadiləsinin sadələşdirilməsinə və dəhlizin effektiv idarə olunmasına xidmət edə bilər.

GCSP mina çirklənməsini TRIPP üçün əsas risklərdən biri kimi qiymətləndirir və mina təmizləmə proqramlarının genişləndirilməsini zəruri sayır. Bununla yanaşı, müəllif Aİ-nin TRIPP layihəsinə Bakı–Tbilisi–Ceyhan neft kəmərində tətbiq edilən strateji yanaşma ilə yanaşmalı olduğunu vurğulayır. Bildirilir ki, Aİ və ABŞ-ın davamlı siyasi və iqtisadi dəstəyi layihənin uğurunu təmin edə bilər, lakin proses üzərində əsas nəzarət Azərbaycan və Ermənistanın əlində qalmalıdır.

XQ

İqtisadiyyat