Paşinyanın milad aksiyasının pərdəarxası məqamları
“Yanvarın 6-sı saat 13:30-da hamınızı milad yürüşündə iştirak etməyə dəvət edirəm”. Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan özünün “Facebook” səhifəsində yazıb və videomüraciət də paylaşıb. O qeyd edib ki, yürüş İrəvandakı Maarifçi Qriqori kilsəsinin həyətindən başlayacaq. Kilsə İrəvandakı Tiqran Mets (Böyük Tiqran) prospektində yerləşir və yürüş Sayat Nova və Abovyan küçələrinin kəsişməsində yerləşən Müqəddəs Ana katolik kilsəsinə doğru davam edəcək.
Paşinyan yürüşün məramı barədə bunları deyib: “Yürüş nə deməkdir? Bu, birincisi, rəbbimizi və xilaskarımız İsa Məsihin müqəddəs mövludunu xatırladır. İkincisi, Erməni Apostol Kilsəsinin müqəddəs ənənəsinə sadiqliyimizi sübut edir. Üçüncüsü, vacib məsələ yanvarın 4-də axşam Erməni Apostol Kilsəsinin bir qrup yepiskopu ilə birlikdə yaydığımız bəyanatda bildirdiyimiz kimi, kilsənin islahatına dəstəyimizi ifadə etməkdir. Növbəti mesaj dövlətçiliyimizə dəstəyimizi və Erməni Apostol Kilsəsinin faktiki rəhbərinin (katolikos II Qaregini nəzərdə tutur–S.H.) və onun yaxın çevrəsinin suverenliyə və dövlət müstəqilliyimizə qarşı hibrid mübarizə aləti kimi Erməni Apostol Kilsəsindən istifadə etməsi əleyhinə mövqeyimizi bildirməkdir. Bu cür hərəkətlər qəbuledilməzdir və biz bənzər təcrübələrin davam etməsinə icazə verməyəcəyik”.
Ermənistan Baş naziri qeyd edib ki, bu, xüsusilə yürüş xarakterli aksiyanın məntiqi baxımından vacibdir: “Təkrar edirəm, bu yürüşlə biz Erməni Apostol Kilsəsinin faktiki rəhbərinin və onun yaxın çevrəsinin Erməni Apostol Kilsəsini xarici qüvvələrin Ermənistan Respublikasına, onun müstəqilliyinə, suverenliyinə və dövlətçiliyinə qarşı hibrid mübarizə aləti kimi istifadə etməsi ilə bağlı mövqeyimizi bildirməliyik. Biz bu cür təcrübələrin qəbuledilməzliyini və onların davam etməsinə artıq icazə verməmək iradəmizi açıq şəkildə bəyan etməliyik. Vurğulamaq istərdim ki, yürüş təbii olaraq dinc, xristian sevgisi ilə dolu və Erməni Apostol Kilsəsini islah etmək əzmi ilə dolu olacaq. Əlbəttə, yürüş Sayat Nova və Abovyan küçələrinin kəsişməsində başa çatacaq və burada qısa, çox qısa yığıncaq keçiriləcək. Hava soyuq olacaq və mən sizdən, birincisi, iştirak etməyinizi, ikincisi, qalın geyinməyinizi xahiş edirəm”.
Paşinyan yanvarın 6-sı saat 10:30-dan başlayaraq Maarifçi Qriqori kilsəsində milad liturgiyasında iştirak edəcəyini də bildirib: “Liturgiyaya gəlmək istəyənlər güc toplayıb həm liturgiyada, həm də yürüşdə iştirak edəcəklər. İştirak etmək istəməyənləri isə mən indidən saat 13:30-da başlayacaq yürüşə çağırıram. Mən bu yürüşə rəhbərlik edəcəm və ümid edirəm ki, Siz də iştirak edəcəksiniz, gəlin, iştirak edin, çünki bu, çox vacib tədbirdir və hamınızı dəvət edirəm”.
***
Məhz bu mənəvi və sakral zaman kəsiyində baş verən ictimai-siyasi hadisələr cəmiyyətdə fərqli və bəzən ziddiyyətli reaksiyalar doğura bilir. Paşinyan da milad günündə yürüşə çağırış etməklə bu həssas tarixin ictimai rəyə təsir gücündən istifadə etməyə çalışır. Onun mesajları dini dəyərlərə sədaqətlə siyasi məqsədlərin bir araya gətirildiyini göstərir. Baş nazir yürüşü iman və kilsə ənənələrinə bağlılıq kimi təqdim etsə də, açıqlamaların mərkəzində kilsə rəhbərliyi ilə açıq siyasi polemika dayanır. Bu isə dini bayramın siyasi müzakirə müstəvisinə daşınması kimi qiymətləndirilə bilər. Belə bir yanaşma baş nazirin tərəfdarları tərəfindən dövlətçiliyin müdafiəsi kimi qəbul edilsə də, əleyhdarları üçün müqəddəs günün siyasiləşdirilməsi təsiri bağışlayır. Nəticədə Paşinyanın addımı təkcə kilsə–hakimiyyət münasibətlərini deyil, həm də cəmiyyətin dəyərlər balansını sınağa çəkir.
Nikolun məhz milad günündə – kilsə üçün xüsusi məna daşıyan tarixdə şəxsən rəhbərlik edəcəyi yürüşə çağırış etməsi təsadüfi addım sayıla bilməz. Burada həm zamanlama, həm məkan seçimi, həm də səsləndirilən arqumentlər siyasi baxımdan diqqətlə ölçülüb-biçilmiş mesajlar toplusudur. Əvvəla, Paşinyan yürüşü sırf dini ayin və ya iman nümayişi kimi təqdim etməyə çalışsa da, müraciətin məzmunu göstərir ki, əsas hədəf kilsədaxili islahatlar deyil, Erməni Apostol Kilsəsinin rəhbərliyi ilə siyasi qarşıdurmanın ictimai fazaya çıxarılmasıdır. Baş nazirin “kilsənin xarici qüvvələrin Ermənistanın suverenliyinə qarşı hibrid mübarizə alətinə çevrilməsi” iddiası artıq dini müstəvidən çıxaraq təhlükəsizlik və dövlətçilik diskussiyasına daxil olub. Bu isə kilsəni təkcə mənəvi institut yox, potensial siyasi risk faktoru kimi təqdim edir.
Paşinyanın davranışındakı maraqlı məqam ondan ibarətdir ki, o, özünü kilsəyə qarşı yox, kilsənin faktiki rəhbərliyinə qarşı mövqedə göstərməyə çalışır. Bu yanaşma klassik siyasi texnikadır: institutun özünü qoruyub, rəhbərliyini hədəfə almaqla geniş dindar kütlənin etirazını neytrallaşdırmaq. Lakin Ermənistan kimi kilsənin milli identikliyin əsas sütunlarından biri sayıldığı cəmiyyətdə bu xəttin nə dərəcədə işlək olacağı sual altındadır. Çünki Erməni Apostol Kilsəsi sadəcə dini qurum deyil, eyni zamanda, xalqın kollektiv özünüdərkinin daşıyıcısıdır.
Digər tərəfdən, kilsə rəhbərliyinin son illərdə tutduğu mövqe də qəbuledilməzdir. Revanşist ritorika, siyasi bəyanatlara yaxın çıxışlar, seçkiöncəsi proseslərdə dolayı müdaxilələr kilsənin klassik “mənəvi neytrallıq” statusunu ciddi şəkildə zədələyib. Bu baxımdan, Paşinyanın kilsəni siyasi proseslərdən kənarlaşdırmaq cəhdi müəyyən auditoriya üçün məntiqli görünə bilər. Xüsusilə də İkinci Qarabağ müharibəsindən sonra kilsənin bəzi nümayəndələrinin açıq şəkildə hökumət əleyhinə siyasi mövqe tutması, kilsə ilə dövlət arasındakı münasibətləri daha da pisləşdirib.
Yürüşün məhz milad günündə keçirilməsi simvolik risklər daşıyır. Dini bayramın siyasi mesaj tribunasına çevrilməsi kilsə-hökumət qarşıdurmasını daha da kəskinləşdirə bilər. Paşinyan yürüşün “xristian sevgisi ilə dolu” olacağını vurğulasa da, Ermənistanın daxili siyasi reallıqları fonunda bu cür aksiyaların emosional reaksiyalar doğuracağı istisna deyil. Xüsusən kilsəyə sadiq olan və hökuməti milli maraqlardan uzaqlaşmaqda təqsirləndirən dairələr bunu açıq təxribat kimi də qavraya bilərlər. Bu addımın mümkün nəticələrindən biri kilsə daxilində parçalanmanın dərinləşməsidir. Artıq bir qrup yepiskopun Paşinyanın islahat çağırışlarını dəstəkləməsi göstərir ki, Erməni Apostol Kilsəsi monolit struktur olmaqdan çıxıb. Bu isə uzunmüddətli perspektivdə kilsənin ictimai nüfuzuna ciddi zərbə vura bilər. Digər tərəfdən, hökumətin kilsədaxili proseslərə bu dərəcədə açıq müdaxiləsi gələcəkdə dövlətin digər müstəqil institutlara münasibəti ilə bağlı da suallar yaradır.
Nəticə etibarilə, yanvarın 6-da planlaşdırılan yürüş Ermənistan üçün sadəcə dini-siyasi aksiya deyil, dövlət–kilsə münasibətlərinin yeni mərhələyə keçdiyini göstərən hadisədir. Bu proses nə tam şəkildə demokratik islahat kimi, nə də sırf dini dəyərlərə hücum kimi qiymətləndirilə bilər. Daha çox postmüharibə Ermənistanında legitimlik, suverenlik və identiklik uğrunda gedən mürəkkəb mübarizənin növbəti epizodu təsiri bağışlayır. Bu yürüşün cəmiyyətdə konsolidasiya yaradacağını, yoxsa parçalanmanı daha da dərinləşdirəcəyini hadisələrin inkişafı göstərəcək.
Səxavət HƏMİD
XQ

