“Milli proqram”da beynəlxalq təlimlər

post-img

“4Sİ Akademiyası” çərçivəsində “Milli proqram” istifadəçiləri 98 mindən çox beynəlxalq təlimi uğurla başa vurublar. Artıq növbəti qrup istifadəçilər “Coursera” təhsil platformasında təlimlərə başlayıblar.

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun (TİF) birgə icra etdiyi “4Sİ Akademiyası” çərçivəsində “Milli proqram” istifadəçilərinin sayı 70 min nəfər olub. Növbəti 7,5 min vətəndaş 4 həftə müddətində “Coursera” onlayn təhsil platformasında rəqəmsal bacarıqlar, süni intellekt, data analitikası, proqramlaşdırma, biznes və digər prioritet sahələr üzrə beynəlxalq səviyyəli təlimlərdən yararlanmağa başlayıb.

2025-ci ilin aprel ayından start verilən “Milli proqram”ın icrası çərçivəsində istifadəçilər indiyədək “Coursera” platformasında 270 min təlimə qoşulub. Onlar 98 mindən çox təlimi uğurla tamamlayaraq beynəlxalq sertifikatlar əldə ediblər.

“Coursera” platformasında Oksford, Kembric, Stenford, Yel, Dyuk, London, Edinburq, Mançester, Miçiqan, Con Hopkins, İllinoys, Florida, Sidney, eləcə də “Microsoft”, “Google”, “Meta”, IBM, “AWS”, “Oracle”, “Gitlab”, “Intel”, SAP, “Salesforce”, “Siemens” kimi dünyanın 375-dən çox ən nüfuzlu universitet və aparıcı texnologiya şirkətlərinin 18 mindən çox sahəvi kurs və proqramı “Milli proqram” istifadəçiləri üçün əlçatandır.

İstifadəçi əlçatanlığının artırılması məqsədilə 2 min 500 kurs Azərbaycan dilində altyazı ilə tərcümə edilib, ən çox tələb olunan 15 təlim isə süni intellektlə dublyaj olunub. Eyni zamanda, “Coursera” platformasında “Milli proqram”ın interfeysi Azərbaycan dilində istifadəyə verilib.

Ölkənin bütün regionlarını əhatə edən proqram vasitəsilə iştirakçılar daha çox süni intellekt, data elmi, sənaye 4.0 texnologiyaları, layihələrin idarəedilməsi, analitik düşüncə, kibertəhlükəsizlik və kommunikasiya bacarıqlarının inkişafına yönəlmiş təlimlərdən faydalanırlar.

Hər bir Azərbaycan vətəndaşı https://form.4sim.gov.az saytı vasitəsilə qeydiyyatdan keçərək bu imkandan yararlana və qlobal əmək bazarında rəqabətqabiliyyətli bacarıqlar əldə edə bilər.

XQ

İqtisadiyyat