Şəhərdə kənd təbiəti, kənddə şəhər abadlığı

post-img

Ölkənin quruculuq proqramlarının hədəfi belədir

Azərbaycanın dayanıqlı inkişaf modelinin əsas prinsiplərindən biri regionlararası iqtisadi tarazlığın təmin edilməsidir. Bu baxımdan paytaxt Bakı ilə ölkənin digər bölgələri arasında sosial-iqtisadi fərqlərin azaldılması iqtisadi məsələ olmaqla bərabər, həm də sosial ədalətin, milli təhlükəsizliyin və uzunmüddətli sabitliyin tərkib hissəsidir. Elə buna görə də hazırda regional inkişaf siyasətinin dərinləşdirilməsi və yeni yanaşmaların tətbiqinin diqqətdə saxlanılması yönündə mühüm layihələrin həyata keçirilməsi xüsusi önəm daşıyır.

Azərbaycan iqtisadiyyatı uzun illərdir ki, yüksək dərəcədə mərkəzləşdirilmiş struktur nümayiş etdirir. Statistik göstəricilər də bunu açıq şəkildə göstərir. Belə ki, ölkə ərazisinin cəmi 2,5 faizini təşkil edən Bakı şəhəri ümumi iqtisadi fəallığın 70 faizdən çoxunu cəmləşdirir. Sənaye istehsalında isə bu rəqəm daha da yüksəkdir və 80 faizdən artıq pay paytaxtın üzərinə düşür. Regionlar isə ərazi baxımından üstünlük təşkil etsə də, iqtisadi cəhətdən geri qalır.

Belə bir tarazlığın pozulması bir neçə əsas istiqamətdə, məsələn, ümumi daxili məhsulun bölgüsü, sənaye istehsalında yüksək göstəricilərin əldə edilməsi, kredit və maliyyə resurslarına çıxışın əlçatan olması, eləcə də sosial xidmətlərin keyfiyyəti və məşğulluq, eyni zamanda, əmək bazarı məsələlərində özünü göstərir. Nəticədə regionlardan paytaxta davamlı miqrasiya prosesi baş verir ki, bu da Bakının infrastrukturuna əlavə yük yaradır, bölgələrdə isə demoqrafik və iqtisadi boşluqlar formalaşdırır.

Düzdür, son 20 il ərzində həyata keçirilən regional inkişaf proqramları bu sahədə mühüm dönüş yaradıb. 2004–2023-cü illəri əhatə edən 4 Dövlət Proqramı çərçivəsində bölgələrə 100 milyard manatdan artıq investisiya yönəldilib. Bu vəsait daha çox yol və nəqliyyat infrastrukturu, enerji təminatı, rabitə və internet şəbəkələri, sosial obyektlər (məktəb, xəstəxana və s.) kimi sahələrə sərf olunub. Layihələr nəticəsində regionların fiziki infrastrukturu əhəmiyyətli dərəcədə yaxşılaşıb.

Lakin bu inkişaf daha çox “fiziki infrastruktur modeli” üzərində qurulub, ona görə də iqtisadi fəallığın dərinləşdirilməsi və yerli istehsalın stimullaşdırılması sahəsində istənilən nəticələr tam əldə edilməyib. Regional inkişafın qeyri-bərabərliyinin davam etməsinin əsas səbəbləri isə iqtisadi fəaliyyətin Bakı ətrafında cəmləşməsi, paytaxtın həm maliyyə resurslarının, həm də insan kapitalının əsas mərkəzi olması, böyük şirkətlər, banklar və investorların daha çox burada fəaliyyət göstərməsi ilə bağlı olub. Bu məsələyə yerli idarəetmə strukturlarının zəifliyi, qurumların tam formamalaşması da öz mənfi təsirini göstərib. Başqa sözlə, regionlarda yerli özünüidarəetmə institutlarının məhdud imkanları iqtisadi təşəbbüslərin inkişafını ləngidib.

Bakı ilə ölkənin digər bölgələri arasında sosial-iqtisadi fərqlərin azaldılmasında biznes mühitinin arzulanan səviyyədə olmaması, regionlarda sahibkarlıq üçün şəraitin paytaxtla müqayisədə daha zəif inkişaf etməsi, investisiya risklərinin daha ciddi şəkildə nəzərə çarpması, logistika xərclərinin davamlı artmasının narahatlıq doğurması kimi məsələlər daha çox diqqət çəkir. Əlbəttə, burada kadr çatışmazlığının mövcudluğu, əmək bazarının məhdudluğu da regional inkişafa təsirsiz ötüşmür. Digər tərəfdən yüksək maaşlı və ixtisaslı iş yerlərinin əsas hissəsinin Bakıda yerləşməsi isə miqrasiyanı stimullaşdırır.

Şəhər–kənd yaxınlaşması

Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafına dair müəyyən edilən prioritetlərdə regional tarazlıq xüsusi yer tutur. “Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət” modelinin qurulması məhz bölgələrin inkişafı ilə birbaşa bağlıdır. Xatırladaq ki, 2022-2026-cı illəri əhatə edən strategiyada regionların ümumi məhsuldakı payının 35 faizdən 42 faizə çatdırılması əsas hədəflərdən biridir. Bu isə infrastruktur layihələri ilə bağlı olmaqla bərabər, həm də kompleks və innovativ yanaşmalarla mümkündür.

Bəs yeni mərhələdə hansı layihələrin həyata keçirilməsi zəruridir? Ekspertlər bu suala cavablarında bildirirlər ki, mövcud çağırışlar fonunda regional siyasət, ilk növbədə, yeni məzmun və vasitələr tələb edir. Bu sırada regional sənaye və innovasiya klasterlərinin, hər regionun özünəməxsus üstünlüklərinə uyğun sənaye zonalarının, aqrar bölgələrdə aqroparkların yaradılması da xüsusi yer tutur. Belə bir yanaşma isə əlavə dəyər zəncirlərinin formalaşmasına əlverişli şərait yaradar.

İqtisadçı-ekspert Vüqar Həsənovun sözlərinə görə, regionların inkişafını şərtləndirən zəruri amillər sırasında vergi və maliyyə stimulları, başqa sözlə, bölgələrdə fəaliyyət göstərən müəssisələr üçün vergi güzəştlərinin tətbiq edilməsi, subsidiyaların və aşağı faizli kreditlərin verilməsi də diqqətdə saxlanılmalıdır. Bu stimullar investorların bölgələrə marağını daha da artıra bilər. Eyni zamanda, rəqəmsal iqtisadiyyatın inkişafına xüsusi önəm verilməlidir. Çünki rəqəmsallaşma regionlar üçün böyük sıçrayış imkanı yaradır, uzaqdan iş imkanlarının, elektron ticarət platformalarının yaradılmasını şərtləndirir.

V.Həsənov söhbətində regionlarda startap ekosistemlərinə xüsusi önəm verilməsini, insan kapitalına investisiya qoyulmasını, məsələn, peşə təhsili mərkəzləri və universitet filiallarının yaradılmasını, eləcə də texnoloji təlim proqramlarının hazırlanmasını zəruri hesab edir. İqtisadçı-ekspert bütün bunlarla yanaşı, yerli özünüidarəetmənin gücləndirilməsi, başqa sözlə, bələdiyyələrin və yerli icra strukturlarının maliyyə müstəqilliyinin artırılması, layihə idarəetmə qabiliyyətinin gücləndirilməsi məsələlərini də prioritet istiqamətlər kimi qiymətləndirir.

İqtisadçı-ekspert Araz Qulubəyov isə bu məsələdə beynəlxalq təcrübədən bəhrələnməyi daha üstün hesab edir. O, regional bərabərliyin gerçəkləşdirilməsinin inkişaf etmiş ölkələrdə də aktual məsələ olduğunu və bu məqsədlə müxtəlif modellərin tətbiq edildiyini bildirir. Eyni zamanda, Almaniya modelində xüsusi əhəmiyyət verilən “bərabər həyat şəraiti” siyasətini önə çəkir, bu ölkədə regionlararası fərqlərin azaldılması məqsədilə federal büdcədən zəif bölgələrə böyük transfertlər ayrıldığını vurğulayır. Araz Qulubəyov Cənubi Koreyaya səfəri zamanı bu ölkədə geniş tətbiq edilən sənaye zonaları layihəsi ilə dərindən maraqlandığını xatırladır və bu dövlətin regionlarda xüsusi iqtisadi zonalar yaradaraq sənayenin paytaxtdan kənara uğurla çıxarılmasına nail olduğunu diqqətə çatdırır.

Yuxarıda vurğulandığı kimi, müasir dövrdə regionlararası fərqlərin azaldılması təkcə klassik infrastruktur layihələri ilə məhdudlaşmır. Qlobal iqtisadi transformasiyalar, rəqəmsallaşma və dayanıqlı inkişaf prinsipləri yeni nəsil layihələrin tətbiqini də zəruri edir. Bu baxımdan “ağıllı həllər”, insan kapitalının coğrafi balanslaşdırılması, turizm və aqrar-sənaye inteqrasiyası xüsusi önəm daşıyır.

Son illər Azərbaycanda, xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tətbiq edilən “ağıllı” kənd və “ağıllı” şəhər konsepsiyaları regional inkişafın yeni mərhələsini formalaşdırır. Belə bir modelin digər regionlara da genişləndirilməsi bir neçə istiqamətdə mühüm təsir göstərə bilər. Onu da qeyd edək ki, ilk növbədə, “ağıllı” yanaşma yalnız yolların və kommunikasiyaların qurulması ilə məhdudlaşmır. Belə bir məsələdə rəqəmsal idarəetmə, enerji səmərəliliyi (“yaşıl” enerji), “ağıllı” kənd təsərrüfatı, eləcə də elektron xidmətlər bir sistem halında fəaliyyət göstərir. Bu isə bölgələrdə məhsuldarlığı artırır və iqtisadi fəallığı gücləndirir.

Əgər regionlarda sürətli internet, keyfiyyətli kommunal xidmətlər, rəqəmsal səhiyyə və təhsil imkanları formalaşarsa, insanların Bakıya köçmək istəyi əhəmiyyətli dərəcədə azalar. Bu zaman innovasiya mərkəzlərinin yaranmasına da ciddi ehtiyac duyular. Başqa sözlə, innovasiya mərkəzlərinin yaradılması ilə “ağıllı” kəndlər gələcəkdə kənd startaplarının və aqrotexnologiya innovasiyalarının mərkəzinə çevrilər. Nəticədə bu modelin tətbiqi sayəsində bölgələr “dotasiya alan ərazilərdən” “dəyər yaradan iqtisadi vahidlərə” çevrilər.

Beləliklə, Bakı ilə regionlar arasında fərqlərin azaldılması iqtisadi göstəricilərin yaxşılaşdırılması ilə bərabər, eyni zamanda, sosial sabitliyin təmin edilməsi, əhalinin rifahının yüksəldilməsi, miqrasiyanın tənzimlənməsi, milli iqtisadiyyatın şaxələndirilməsi deməkdir. Azərbaycan üçün növbəti mərhələdə isə əsas vəzifə infrastruktur yönümlü inkişaf modelindən iqtisadi fəallıq və innovasiya istiqamətli modelə keçiddir. Bu keçid mərhələsində dövlət – özəl sektor – cəmiyyət arasında yeni əməkdaşlıq mexanizmlərini formalaşdırılmaqla həm də regionların potensialını tam reallaşdırmaq və bu halda ölkədə həqiqi regional tarazlığı gerçəkləşdirmək, dayanıqlı inkişaf modelinə nail olmaq mümkündür.

Samir HEYDƏROV,
iqtisadçı-ekspert

Bu mövzu ilə bağlı əvvəlcə bir məqamı diqqətə çatdırmaq istərdim. Hazırda təhsil və səhiyyə xidmətlərinin əsas hissəsi Bakıda cəmləşib. Bu isə həm sosial, həm də iqtisadi tarazlığı dərinləşdirir. Aparıcı universitetlərin regionlarda filiallarının mərhələli şəkildə yaradılması və ya əsas kampuslarının köçürülməsi, bununla da bölgələrdə elmi-tədqiqat mühitinin formalaşdırılması gənclərin paytaxta axınının qarşısının qismən alınmasını şərtləndirir. Beynəlxalq təcrübə də göstərir ki, ali təhsil müəssisələri yerləşdiyi regionun iqtisadiyyatına mühüm təsirə malikdir. Çünki bu zaman kirayə bazarı canlanır, xidmət sektoru inkişaf edir və startap ekosistemi formalaşır.

Regionlararası fərqlərin azaldılması məqsədilə səhiyyə xidmətlərinin balanslaşdırılması da zəruridir. Belə ki, bölgələrdə ixtisaslaşmış xəstəxanaların yaradılması tibbi miqrasiyanın azaldılmasını, əhalinin sağlamlıq göstəricilərinin yaxşılaşdırılmasını, sosial bərabərliyin gücləndirilməsini şərtləndirir. “Təhsil-iqtisadiyyat” əlaqəsinin genişləndirilməsi isə regionlarda yerləşən universitetlərin yerli iqtisadi ixtisaslaşmaya uyğun kadr hazırlığını sürətləndirir. Bu fikri bir qədər də konkretləşdirib deyə bilərəm ki, kənd təsərrüfatı üzrə formalaşan bölgələrdə aqrar, sənaye rayonlarında texniki, turizm sektorunun inkişafı üçün uyğun hesab olunan zonalarda isə xidmət sahələri üzrə ixtisasların hazırlanma strategiyası sözügedən iqtisadi rayonların inkişafına müsbət təsir edir.

Azərbaycanın bölgələri zəngin təbii, mədəni və tarixi resurslara malikdir. Lakin bu potensial hələ tam reallaşdırılmayıb. Buna görə də qlobal səviyyədə rəqabətədavamlı turizm komplekslərinin yaradılması, bu istiqamətdə yeni iş yerlərinin açılması, kiçik və orta biznesin stimullaşdırılması qarşıya mühüm vəzifələr kimi qoyulub.

Bütün bunlarla yanaşı, bölgələrdə turizmin inkişafı məqsədilə təkcə otel tikintisi kifayət etmir. Bunun üçün, ilk növbədə, nəqliyyat əlçatanlığı reallaşdırılmalı, əyləncə və istirahət infrastrukturu qurulmalı, yerli məhsulların brendləşdirilməsi diqqətdə saxlanılmalı, peşəkar xidmət kadrları hazırlanmalıdır. Yalnız bu yolla turizmi regionların “qeyri-neft iqtisadiyyatının aparıcı sahəsinə” çevirmək mümkündür.

Regionların əsas iqtisadi bazası kənd təsərrüfatıdır. Lakin bu sahədə məhsuldarlıq və əlavə dəyər səviyyəsi hələ də aşağıdır. Bu çatışmazlığı aradan qaldırmaq üçün aqrar-sənaye zəncirinin formalaşdırılmasına böyük ehtiyac var. Bu məqsədlə emal sənayesi, logistika və marketinq kimi sahələrin inkişafı diqqətdə saxlanılmalıdır. Yalnız bu strategiyanın reallaşdırılması ilə kənd təsərrüfatının yüksək gəlirli sahəyə çevrilməsi mümkündür.

Beləliklə, regional tarazlıq siyasəti respublikamız üçün artıq alternativ deyil, strateji zərurətdir. Qarşıdakı mərhələdə əsas məqsəd bölgələri istehlak məkanından istehsal və innovasiya məkanına çevirmək olmalıdır. Bu isə yalnız kompleks, koordinasiyalı və uzunmüddətli siyasət nəticəsində gerçəkləşə bilər.

Regionların potensialının tam reallaşdırılması, insanlara fəaliyyət üçün zəruri şəraitin yaradılması və rəqabətqabiliyyətli, yüksək maaşlı iş yerlərinin açılması mühüm əhəmiyyət daşıyır. Bu tədbirlər regionlardan paytaxta miqrasiyanı azalda, eyni zamanda Bakının nəqliyyat və infrastruktur yüklənməsini də müəyyən qədər azalda bilər.

Vaqif BAYRAMOV
XQ



İqtisadiyyat