Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində keçirilən tədbirdə kənd təsərrüfatı naziri vəzifələrini icra edən, nazir müavini Xəyalə Dadaşova çıxış edərək mal-qaranın sağlamlığının qorunmasının birbaşa insan sağlamlığına xidmət etdiyini vurğulayıb. Bu sahədə aidiyyəti dövlət qurumlarının, o cümlədən istehsalçıların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edən nazir müavini dövlət dəstəyi hesabına vaksin ehtiyatı yaradıldığını, mütəmadi olaraq bölgələrdə peyvəndləmə tədbirlərinin aparıldığını diqqətə çatdırıb.
Bildirilib ki, vaksin ehtiyatı yaradılarkən onların saxlanması və daşınması zamanı soyuq zəncir prinsiplərinə əməl olunmalıdır. Eyni zamanda dezinfeksiya işləri apararkən fərdi geyim vasitələri ilə təminat da həyata keçirilməlidir. Bütün bunlar nəzərə alınaraq nazirlik tərəfindən fərdi baytarlıq xidməti ilə məşğul olan şəxslər üçün yeni avadanlıq və ləvazimatlar alınıb.
Qeyd olunub ki, nazirlik tərəfindən damazlıq heyvandarlıq təsərrüfatının uçota alınmasına dair xidmətlərin göstərilməsi üçün reqlament təsdiq olunub. Reqlamentdə ölkəmizin digər bölgələrinə münasibətdə fərqli yanaşma tətbiq olunub. Belə ki, ölkəmizin digər bölgələrində cins iribuynuzlu heyvanların damazlıq təsərrüfatı üzrə 100 baş inəyin və 80 baş camışın olması tələb olunursa, muxtar respublika üzrə bu say 30 baş inək və 10 baş camışdır. Xırdabuynuzlu heyvanlara münasibətdə isə ölkəmizin digər bölgələrində 500 baş ana qoyunun və 200 baş ana keçinin olması mütləqdirsə, muxtar respublikada 150 baş qoyunun və 50 baş keçinin olması nəzərdə tutulub.
Sonra digər çıxışlar dinlənilib, yeni təqdim olunan avadanlıqlara baxış keçirilib.
Qeyd edək ki, muxtar respublika üzrə fərdi baytarlarlıq xidməti ilə məşğul olan şəxslər üçün 87 soyuducu, 100 dezinfeksiya aparatı və 100 termoçamadan, o cümlədən zəruri ləvazimatlar və geyim dəstləri alınıb.