Oktyabrın 15-16-da Uqandanın paytaxtı Kampala şəhərində Qoşulmama Hərəkatının (QH) 19-cu Nazirlər İclası keçirilib.
Kampala Nazirlər İclası çərçivəsində beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi, davamlı inkişafın təşviqi, Hərəkatın institusional potensialının artırılması, eləcə də Yaxın Şərqdə vəziyyət və digər aktual gündəm məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
İclasda Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
Samir Şərifov toplantının açılış seqmentində çıxış edərək ölkəmizin sədrlik dövründə həyata keçirdiyi təşəbbüslər, o cümlədən Hərəkatın institusional inkişafına verdiyi töhfələrə toxunub, habelə üzv ölkələr arasında həmrəyliyin və birliyin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. Nazir müavini Azərbaycan-Ermənistan normallaşma gündəliyi üzrə son irəliləyişlər və işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə iştirakçılara məlumat verib.
Hərəkatın keçmiş Sədri və hazırkı Troyka üzvü qismində ölkəmiz, həmçinin QH-nin Fələstin üzrə Nazirlər Komitəsinin iclasında təmsil olunub.
İclas çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib, Azərbaycan və Uqanda hökumətləri arasında diplomatik və xidməti pasport sahibləri, Azərbaycan və Somali hökumətləri arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında sazişlər imzalanıb.
XQ