Bakı şəhəri Mədəniyyət baş idarəsinin tabeliyində olan Xətai Rayon Mərkəzi Kitabxanasinda Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş "Şairin qələmi-millətin ürəyi" adlı ədəbi-bədii tədbir keçirilib.
Tədbirdə şair-yazıçı, AYB-nin üzvü Rafiq Ələkbər, "Xalq qəzeti"nin məhsul katibi, AYB üzvü, əməktar jurnalist İlqar Rüstəmov, bədii qiraətçi və hərbi mütəxəssis Cəbrayıl Qəmbər, Mərkəzi Kitabxananın əməktaşları və oxucuları istirak ediblər.
Yubiley tədbiri xalqın sevimli şairinin həyat və yaradıcılığından bəhs edən və kitabxana əməkdaşları tərəfindən hazırlanmış video çarxın nümayişi ilə başlayıb. Sonra şair-yazıçı Rafiq Əkbər şair Bəxtiyar Vahabzadənin yaradıcılıq dünyasına səyahət edərək, onun gənclik illərindən başlayaraq milli azadlıq ruhunda yazdığı cəsarətli şeirlərdən, xalqımızın milli-mənəvi dəyərlərinin təbliğındən, doğma dilimizə məhəbbətini izhar edən poeziyasından geniş məlumat verib.
Məclisdə çıxış edən digər qonaqlar şairin həyat və yaradıcılığı ilə yanaşı, onun 1990-cı il qanlı 20 Yanvar hadisələri zamanı nümayiş etdirdiyi vətənpərvərlikdən və müstəqillik illərinin ilk günlərindən başlayan ictimai-siyasi fəaliyyətindən də geniş söhbət açıblar.
Sonra məclis millətin ürəyindən keçənləri nəzmə çəkən Bəxtiyar Vahabzadə poeziyasından seçmə incilərin bədii qiraəti ilə davam edib.