Azərbaycanda ilk robotik cərrahiyyə əməliyyatı

post-img

Oktyabrın 16-da “Texnologiya sərhəd tanımır: sağlamlıq naminə birləşirik” devizi altında keçirilən “Robotik Cərrahiyyə Körpüsü-2025” beynəlxalq tədbiri çərçivəsində Azərbaycan səhiyyəsi tarixində misilsiz innovativ hadisə yaşanıb. Belə ki, ilk dəfə olaraq Azərbaycan və Çin cərrahları bir xəstə üzərində məsafədən və eyni anda robotik cərrahiyyə əməliyyatı həyata keçiriblər.

Əməliyyat Azərbaycan Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində real xəstə üzərində aparılıb. Əməliyyat Bakıda icra edilib, lakin eyni vaxtda həm Azərbaycan, həm də Çin cərrahi komandaları əməliyyata qoşularaq beynəlxalq bir texnoloji körpü vasitəsilə birgə müdaxilə ediblər.

Əməliyyatdan əvvəl keçirilən tədbirdə çıxış edən Milli Onkologiya Mərkəzinin onkoginekologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Şəmistan Alıyev bildirib ki, Onkologiya Mərkəzində bir araya gəlməyimiz tibb tariximiz üçün çox tarixi və əlamətdar hadisədir. Mərkəzin baş direktoru akademik Cəmil Əliyevin rəhbərliyi altında bu gün dünyanın qabaqcıl tibb mərkəzləri ilə beynəlxalq səviyyədə əməkdaşlıqlar qurulur.

Milli Onkologiya Mərkəzinin Baş-boyun şişləri şöbəsinin aparıcı cərrah-onkoloqu, Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı Filialının (Seçenov Universiteti) rektoru professor Əziz Əliyev Milli Onkologiya Mərkəzinin fəaliyyətindən bəhs edən təqdimatla çıxış edib.

Çinin “Harbin Sagebot Intelligent Medical Equipment” şirkətinin vitse-prezidenti və direktorlar şurasının üzvü Pinqçuan Vu təmsil etdiyi şirkətin əsasən robotlar və müasir texnologiya sistemləri üzərində fəaliyyətə başlayandan bir neçə il sonra qlobal laporoskopiya üzrə yüksək nailiyyətlər əldə etməyə başladığını diqqətə çatdırıb.

Çunçin Tibb Universitetinin Birinci Klinik Xəstəxanasının Doğum və ginekologiya şöbəsinin müdiri, Da Vinçi cərrahiyyə robotu üzrə Çin Ginekoloji Klinik Cərrahiyyə Tədris və Nümayiş Mərkəzinin rəhbəri, tibb elmləri doktoru Tan Czünyin müasir robotik cərrahiyyə sistemlərinin texniki imkanları və Çində tətbiqindən bəhs edən təqdimatla çıxış edib.

Daha sonra cərrahi əməliyyat başlayıb. Azərbaycan tərəfindən əməliyyata Milli Onkologiya Mərkəzinin Onkoginekologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Şəmistan Alıyev, Çin tərəfindən isə Harbin Tibb Universitetinin Onkologiya Xəstəxanasının professoru Liuyan Go rəhbərlik edib. Əməliyyat xüsusi robotik cərrahiyyə sistemi və yüksəksürətli kommunikasiya infrastrukturu vasitəsilə həyata keçirilib. Həmin sistem iki ölkədən olan mütəxəssislərə real vaxt rejimində əlaqə saxlayaraq, bir xəstə üzərində sinxronlaşdırılmış şəkildə robotik əməliyyat aparmağa imkan verib.

Milli Onkologiya Mərkəzinin baş həkimi, Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli jurnalistlərə açıqlamasında 7 min kilometr məsafədən birgə icra olunan əməliyyatın təkcə ölkə səhiyyəsi üçün deyil, bütövlükdə region üçün ilk və tarixi bir hadisə olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, tədbirin təşkilatçıları Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi, “Harbin Sagebot Intelligent Medical Equipment Co. Ltd.” (Çin Xalq Respublikası) və Qazaxıstanın “Medical Technologies Ltd.” MMC şirkətidir.

XQ



Sosial həyat