Pakistanla strateji tərəfdaşlığın yeni imkanları

post-img

Aprelin 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı aparılıb.

Nazirlər iki ölkə arasında mövcud olan strateji əməkdaşlıq əlaqələrinin cari vəziyyətini və perspektivlərini, eləcə də regional təhlükəsizlik vəziyyətini müzakirə ediblər.

Söhbət zamanı iki ölkə liderləri arasında yüksəksəviyyəli təmaslar, habelə sonuncu yüksəksəviyyəli səfərlər zamanı əldə olunmuş razılıqların icrası məsələləri, iqtisadi, ticarət, investisiya, enerji təhlükəsizliyi, nəqliyyat və digər qarşılıqlı maraq doğuran sahələr üzrə tərəfdaşlıq istiqamətləri nəzərdən keçirilib.

Telefon danışığı zamanı Pakistan naziri Pakistanla-Hindistan arasında yaranmış gərginlik barədə məlumat verib. Nazir Ceyhun Bayramov öz növbəsində, gərginliyin diplomatik yolla və danışıqlar vasitəsilə aradan qaldırılacağına ümidvar olduğunu bildirib.

***

Bern şəhərində Azərbaycan Respublikası və İsveçrə Konfederasiyası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, İsveçrə nümayəndə heyətinə isə bu ölkənin Xarici İşlər üzrə Federal Departamentinin Dövlət katibinin köməkçisi, Avrasiya idarəsinin rəhbəri Muriel Peneveyre rəhbərlik edib.

Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi sahədə əlaqələr müzakirə olunub, davamlı siyasi dialoqun saxlanılması üçün qarşılıqlı səfərlərin və beynəlxalq tədbirlər çərçivəsində görüşlərin əhəmiyyəti vurğulanıb. Daha sonra iqtisadiyyat, energetika, nəqliyyat və humanitar sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri ilə bağlı müzakirələr aparılıb.

Sonda tərəflər arasında regional və beynəlxalq məsələlər, eləcə də birgə maraq kəsb edən digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

XQ

Son xəbərlər