Milli Məclisin plenar iclası

post-img

Mayın 16-da Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Sahibə Qafarova 12 məsələnin müzakirə ediləcəyini bildirib. O, birinci məsələnin İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun ­2024-cü ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumat olduğunu söyləyib. 

Daxili işlər nazirinin birinci müavini, Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru Seyfulla Əzimov 2024-cü ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı təqdim edib. O bildirib ki, 2024-cü il ölkəmizin bir sıra dövlət orqanları, vətəndaş cəmiyyəti institutları və beynəlxalq tərəfdaşlarla birgə insan alverinə qarşı mübarizə sahəsində tədbirlər, normativ-hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi davam etdirilib. Müvafiq tədbirlər çərçivəsində “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu, “2025-2030-cu illər üçün Milli Fəaliyyət Planı”, dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələbləri əks etdirən normativ sənəd layihələri üzərində işlər tamamlanaraq, aidiyyəti üzrə təqdim olunub. 

Sonra parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı barədə bu komitənin rəyini təqdim edib. Çıxışının sonunda komitə sədri Milli Koordinatorun illik fəaliyyətinin yüksək qiymətləndirildiyini bildirib, təkliflərini səsləndirib. Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı ilə bağlı rəhbərlik etdiyi komitənin mövqeyini diqqətə çatdırıb. Məsələ ilə bağlı müzakirələrdə çıxış edən deputatlar öz qeyd və təkliflərini söyləyiblər. Milli Məclisin Sədri məsələyə münasibət bildirərək, deputatların seçicilərlə görüşləri zamanı maarifləndirmə işində fəallıq göstərməsinin əhəmiyyətindən danışıb. Müzakirələrin sonunda insan alverinə qarşı mübarizəyə dair məlumatı nəzərə alınıb. 

Sonra Sahibə Qafarova növbəti 6 məsələnin üçüncü oxunuşda qanun layihələri olduğunu qeyd edib.  Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi ilə bağlı məlumatı diqqətə çatdırıb. Əli Hüseynli Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Sonra Arzu Nağıyev “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsinin mahiyyəti haqqında danışıb. Əmək və sosial siyasət komitəsinin üzvü Soltan Məmmədov “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsini diqqətə çatdırıb. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Cinayət-Prosessual Məcəllədə, İnzibati Xətalar Məcəlləsində və “Məhkəmələr və hakimlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Mədəniyyət komitəsinin üzvü Şahin Seyidzadə “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat verib. Qanun layihələri səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Milli Məclisin sədri gündəliyin digər 5 məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu bildirib. Sonra Əli Hüseynli “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Konstitusiya Qanunda dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsini (birinci oxunuş) təqdim edib. Konstitusiya qanununun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sahibə Qafarova növbəti məsələnin “İstilik təchizatı haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) olduğunu bildirib. O qeyd edib ki, bu  məsələ ilə əlaqədar energetika nazirinin müavini Orxan Zeynalov, “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev və Energetika Nazirliyinin şöbə müdiri Ələsgər Həsənov iclasda iştirak edirlər. Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “İstilik təchizatı haqqında” qanun layihəsini təqdim edib. İclasda iştirak edən energetika nazirinin müavini Orxan Zeynalov, “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev çıxışlarda qaldırılan məsələlərə münasibət bildiriblər, verilən sualları ətraflı cavablandırıblar. Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov gündəliyin onuncu məsələsi – Cinayət Məcəlləsində və Cinayət-Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib. Sənəd səsə qoyularaq birinci oxunuşda qəbul edilib.  

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib. Sənəd səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Növbəti məsələni – Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov təqdim edib.

Müzakirələrin sonunda səhiyyə naziri Teymur Musayev çıxış edib, sənədə təklif olunan dəyişiklikləri zəruri edən amillərdən söz açıb, onların əhəmiyyətini diqqətə çatdırıb, deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirib, suallarını cavablandırıb. Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatıb.

XQ

 



Son xəbərlər