COP29 rəhbərliyi Brüsseldə COP30-IEA konfransında

post-img

COP29-un rəhbəri və Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Brüsseldə keçirilən COP30-IEA (Beynəlxalq Enerji Agentliyi) Avropa Komissiyası arasında yüksəksəviyyəli enerji dialoqu konfransında iştirak edir.

Muxtar Babayev ədalətli, nizamlı və bərabər enerji keçidinin təmin olunması, iqlim maliyyəsi öhdəliklərinin yerinə yetirilməsi və Milli Müəyyən Edilmiş Töhfələrin (NDC) gücləndirilməsinin vacibliyinə toxunub.

Muxtar Babayev ötən il Bakıda keçirilmiş COP29 konfransında əldə olunan əsas nəticələrə diqqət çəkərək bildirib ki, BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Təsirin Azaldılması üzrə İş Proqramı danışıqlarda çətinliklərlə üzləşsə də, Bakı sammitində böyük irəliləyişlərə nail olunub. Bu proqramın şəhərlər, binalar və şəhər sistemləri üzərində mühüm təsiri qeyd olunub. Bu istiqamətdə iş prosesinin davamı olaraq, Azərbaycan 2026-cı ildə Ümumdünya Şəhər Forumuna evsahibliyi edəcək.

Muxtar Babayev, həmçinin COP29-un Qlobal Enerji Saxlancı və Şəbəkələri çərçivəsində elan olunan qlobal öhdəliklər barədə danışıb. Bunlar arasında 2030-cu ilə qədər enerji saxlanması gücünün 1500 giqavata çatdırılmasını və 2040-cı ilə qədər 80 milyon kilometrə yaxın enerji ötürmə şəbəkəsinin tikilməsini nəzərdə tutan “Qlobal Enerji Saxlama və Şəbəkələr üzrə Öhdəlik”, eləcə də “Yaşıl Enerji Zonaları və Dəhlizləri üzrə Öhdəlik” və “Hidrogen üzrə Bəyannamə” xüsusi yer tutur. Bu sənədləri 60-dan çox ölkə dəstəkləyib. O, çıxışında Bakıda qəbul edilən 300 milyard dollarlıq Bakı Maliyyə Məqsədinin tarixi nəticə olduğunu vurğulayıb.

 

Son xəbərlər