İyunun 13-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib.
Milli Məclisin sədri iclasın Azərbaycan tarixinin gedişini dəyişmiş bir hadisənin ildönümü ərəfəsində keçirildiyini deyib. O bildirib ki, 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə dünya miqyaslı siyasi və dövlət xadimi Heydər Əliyevin ali hakimiyyətə qayıtması Azərbaycanı parçalanmaq və məhv olmaq təhlükəsindən xilas etdi.
Sonra parlamentin sədri plenar iclasın gündəliyinə 12 məsələnin daxil edildiyini bildirib. O, birinci məsələnin “Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin təsis edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi olduğunu deyib. O qeyd edib ki, qanun layihəsi beynəlxalq sənədlə bağlı olduğuna görə “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə uyğun olaraq bir oxunuşda qəbul ediləcək.
İclasda Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bu məsələni təqdim edib. O, qanun layihəsinin ölkə Prezidentinin imzası ilə Milli Məclisə daxil olduğunu bildirib. Qeyd edib ki, “Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin təsis edilməsi haqqında Saziş” Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan Hökumətlərinin təmsilçiləri tərəfindən 2024-cü il noyabrın 6-da Bişkek şəhərində imzalanıb. TDTMMM-nin məqsədi Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin, eləcə də digər dövlətlərin ərazilərində baş verə biləcək fəlakətlər və fövqəladə hallar zamanı fövqəladə ehtiyacları dəstəkləmək üçün fəlakətlərə cavab tədbirləri üzrə ortaq potensialın yaradılmasıdır. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Sahibə Qafarova növbəti 4 məsələnin üçüncü oxunuşda qanun layihələri olduğunu söyləyib. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Cinayət Məcəlləsində və Cinayət-Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) qanun layihəsini təqdim edib. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) barədə danışıb. Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsinə dair məlumat verib. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov “Pasportlar haqqında” və “Dövlət qulluğu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Qanun layihələri üçüncü oxunuşda qəbul edilib.
S.Qafarova gündəliyin digər 4 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu bildirib. O qeyd edib ki, növbəti məsələ “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsidir (ikinci oxunuş). İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov məsələ barədə məlumat verərək, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin və illik hesabatın birinci oxunuşda ətraflı müzakirə edildiyini bildirib.
İclasda iştirak edən maliyyə naziri Sahil Babayev bildirib ki, dövlət büdcəsi ölkənin strateji inkişaf istiqamətlərini, sosial öhdəliklərini, vətəndaş rifahına yönəlmiş siyasəti özündə əks etdirən əsas sənəddir. Büdcənin icrası isə bu öhdəliklərin həyata keçirilməsinin göstəricisi, Hökumətin sosial-iqtisadi fəaliyyətinin məntiqi yekunudur. O, çıxışında müzakirələr zamanı deputatlar tərəfindən səsləndirilən məsələlərlə bağlı öz fikirlərini açıqlayıb.
Milli Məclisin sədri növbəti məsələnin “İcra məmurları haqqında”, “İcra haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi olduğunu bildirib. Komitə sədri Əli Hüseynli qanun layihəsini təqdim edib. Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Vergi Məcəlləsində, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumatı nəzərə çatdırıb. Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “İstilik təchizatı haqqında” qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Qanun layihələri səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
S.Qafarova gündəliyin son üç məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu bildirib və deputatlardan çıxışlar zamanı birinci oxunuşun tələblərini nəzərə almalarını xahiş edib. O, növbəti iki məsələnin Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-biri ilə bağlı olduğunu diqqətə çatdırıb. Ona görə də layihələrin təqdimatları və müzakirəsi birlikdə aparılıb. "Qaz təchizatı haqqında" qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumatı Komitə sədri Sadiq Qurbanov təqdim edib. "Lisenziyalar və icazələr haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumatı Komitə sədri Azər Əmiraslanov nəzərə çatdırıb. Sadiq Qurbanov gündəliyin sonuncu məsələsi olan "Elektroenergetika haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat verib. Qanun layihələri birinci oxunuşda qəbul edilib.
Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatıb.
XQ