Beyləqan
Beyləqanın Rayon Mədəniyyət Mərkəzində 15 İyun – Milli Qurtuluş Günü bayrama həsr olunmuş tədbir keçirilib.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov 1993-cü ilin iyun hadisələrinin Azərbaycan tarixində dönüş nöqtəsi olduğunu vurğulayaraq, ulu öndər Heydər Əliyevin ölkəni siyasi böhrandan xilas etdiyini və sabitlik, inkişaf yoluna çıxardığını bildirib. O qeyd edib ki, müasir müstəqil Azərbaycanın təməlləri məhz həmin dövrdə qoyulub və bu gün həmin strateji kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə Birinci Şahsevən kənd 3 saylı tam orta məktəbin direktoru Zaur Qədirov Milli Qurtuluş Gününün dövlətçilik tariximizdəki əhəmiyyətindən danışıb. Yuxarı Aran qəsəbə tam orta məktəbinin şagirdi Rəqsanə Misirxanova Ulu öndərə həsr olunmuş şeiri səsləndirib.
Bədii hissədə müğənnilər, rayonun tanınmış musiqiçiləri vətənpərvərlik ruhunda musiqi proqramı ilə çıxış ediblər.
Bakı
Fövqəladə Hallar Nazirliyi tərəfindən 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Nazirliyin məsul şəxsləri, Azərbaycan Respublikasının xalq artisti Məbud Məhərrəmov, “Nərimanfilm” kinostudiyasının direktoru, “Doğma torpaq” filminin baş prodüseri Nəriman Məmmədov və filmin yaradıcı heyətinin digər üzvləri, FHN Akademiyasının professor-müəllim heyəti və kursantları iştirak ediblər.
Çıxış edənlər Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən bəhs edib, ümummilli lider Heydər Əliyevin misilsiz xilaskarlıq missiyasından söz açıblar. Bildirilib ki, müstəqilliyimizin ilk illərində dövlət idarəetməsindəki səriştəsizlik nəticəsində ölkədə xaos və dərin böhran hökm sürmüş, gənc respublikamız məhv olmaq təhülükəsi ilə üz-üzə qalmışdı. Belə bir ağır şəraitdə xalqın təkidli çağırışlarına cavab olaraq Ulu öndərin 1993-cü ilin iyununda Naxçıvandan Bakıya qayıtması Azərbaycan tarixinin həlledici dönüş nöqtəsi oldu.
Sonda “Nərimanfilm” kinostudiyasının ərsəyə gətirdiyi “Doğma torpaq” filmi izlənilib.
Şamaxı
Şamaxıda Konstitusiya və Suverenlik İli çərçivəsində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Suverenliyə Aparan Qurtuluş Yolu” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov 15 İyun – Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından və müasir müstəqil Azərbaycanın qurulmasında əvəzsiz rolundan bəhs edib.
Daha sonra YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Şamaxı Dövlət Regional Kollecinin direktoru İlham Vəliyev, Şamaxı rayon Ağsaqqallar Şurasının üzvü Nəzakət Abdulrazaqova və ADPU Şamaxı filialının müəllimi Şasəddin Mikayılov çıxış edərək Milli Qurtuluş Gününün Azərbaycanın suverenliyinə və sabitliyinə gedən yolun başlanğıcı olduğunu vurğulayıblar.
XQ