Milli Məclisin sədri Cenevrədə

post-img

Milli Məclisin sədri Sahibə Qafarova iyulun 30-da İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilən Parlament Sədrlərinin 6-cı Dünya Konfransının ikinci günündə ümumi müzakirələrə sədrlik edib.

Sonra müzakirələr Çin Xalq Respublikası Ümumçin Xalq Nümayəndələri Məclisinin Daimi Komitəsinin sədri Jao Lejinin sədrliyi ilə davam edib.

Qeyd edək ki, konfrans Birləşmiş Millətlər Təşkilatının Cenevrə ofisində BMT və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçirilir. Konfransda ümumilikdə 120 nümayəndə heyəti, o cümlədən 102 ölkənin parlament sədrləri, 38 ölkənin vitse-spikerləri, həmçinin Parlamentlərarası İttifaqın əməkdaşlıq etdiyi beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

***

Milli Məclisin sədri Sahibə Qafarova İsveçrənin Cenevrə şəhərinə işgüzar səfəri çərçivəsində iyulun 30-da İrlandiya Parlamenti Nümayəndələr Palatasının sədri Verona Mörfi və Moldova Parlamentinin sədri İqor Qrosu ilə görüşlər keçirib.

Verona Mörfi ilə görüşdə parlamentlərin beynəlxalq fəaliyyətinin, parlament diplomatiyasının əhəmiyyəti qeyd olunub. Söhbət zamanı Azərbaycan və İrlandiya parlamentləri arasında əlaqələrin daha da gücləndirilməsinin vacibliyi vurğulanıb. Görüşdə parlamentlərarası dostluq qruplarının qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi baxımından əhəmiyyəti qeyd olunub və gələcəkdə bu əlaqələrin daha da gücləndirilməsinə dair qarşılıqlı niyyət ifadə olunub.

Moldova Parlamentinin sədri ilə görüşdə isə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə olunub. Azərbaycan və Moldovanın beynəlxalq təşkilatlarda bir-birinə qarşılıqlı dəstəyi qeyd edilib.

Sahibə Qafarovanın konfransı çərçivəsində Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Yerlan Koşanov, Kot-d'İvuar Respublikası Milli Assambleyasının sədri Adama Biktogo ilə görüşləri də olub.

XQ



Son xəbərlər