Heydər Əliyev Fondu tərəfindən Samuxda inşa olunan yeni məktəb binası istifadəyə verilib

post-img

Heydər Əliyev Fondu tərəfindən Samux rayonunun Alıuşağı kəndində yeni inşa olunan tam orta məktəb binası istifadəyə verilib. 

Bu münasibətlə keçirilən mərasimdə dövlət tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan söz açılıb. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təhsilin keyfiyyətinin yüksəldilməsinə yönələn layihələrinin əhəmiyyətindən, bu layihələrin paytaxtla yanaşı, regionları da əhatə etməsindən bəhs olunub. 

Diqqətə çatdırılıb ki, 70-dən artıq yaşı olan Samux rayon Alıuşağı kənd Mirzə Fətəli Axundov adına tam orta məktəbin yenilənməsinə ehtiyac var idi. Belə ki, 1953-cü ildə inşa olunan təhsil ocağı ötən müddət ərzində istifadəyə yararsız vəziyyətə düşmüşdü. Heydər Əliyev Fondu tərəfindən 2024-cü ildə üçmərtəbəli, 4 korpusdan ibarət yeni məktəb binasının inşasına başlanılıb. Burada sinif otaqları, fizika, kimya, biologiya laboratoriyaları, informatika, STEAM mərkəzi, hərbi təlim, tibb, əmək təlimi otaqları, eləcə də məktəbəqədər sinif otağı, kitabxana, yeməkxana, akt və idman zalları qurulub, məktəbin ərazisində açıq idman meydançası yaradılıb. 

Məktəbin direktoru Musa Əsədov bildirib ki, yeni binanın inşası kollektiv üçün ən böyük hədiyyədir. “Müasir tələblərə cavab verən məktəbimizin olması bizi ruhlandırır. İnanırıq ki, məktəbimizin nəticələri bundan sonra daha da yaxşı olacaq”, - deyə məktəbin direktoru qeyd edib.

XQ

 





Son xəbərlər