Milli Məclisin sədri COP30-un Liderlər Sammitində

post-img

Milli Məclisin sədri Sahibə Qafarova Braziliyanın Belem şəhərində keçirilən COP30-un Liderlər Sammitində çıxış edib.

S.Qafarova çıxışında Azərbaycanın təşkilatçılığı ilə COP29-un əldə etdiyi mühüm nailiyyətlər barədə geniş məlumat verib. O deyib ki, böyük maneələrə və qeyri-müəyyənliklərə baxmayaraq, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə ən uğurlu COP-lardan birinə ev sahibliyi edərək, qlobal iqlim prosesinə mühüm töhfə verib.

Qeyd edilib ki, COP29 zamanı tərəflər arasında fikir ayrılıqları aradan qaldırılıb, əvvəlki danışıqlarda həllini tapmamış məsələlər üzrə tarixi konsensus əldə olunub. Azərbaycan COP29-da Bakı Maliyyə Hədəfinin qəbuluna nail olub. Bu sənəd 2025-ci ildən etibarən inkişaf etməkdə olan ölkələr üçün hər il 300 milyard ABŞ dollarının səfərbər edilməsini nəzərdə tutur. Bu, BMT-nin indiyədək qəbul etdiyi ən böyük maliyyə paketi hesab olunur. Həmçinin COP29-da inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilədək iqlim maliyyəsinin illik ən azı 1,3 trilyon dollara çatdırılması hədəfi müəyyən edilib. Bu məqsədlə Azərbaycan Braziliya ilə birgə “Bakı–Belem Yol Xəritəsi”nin hazırlanması istiqamətində sıx əməkdaşlıq həyata keçirib.

Qeyd olunub ki, COP29, həmçinin 2025-ci ildən “İtki və Zərər Fondu”nun fəaliyyətə başlamasına və resursların istifadəyə hazır olmasına şərait yaradıb. Qlobal iqlim fəaliyyətində şəffaflıq və hesabatlılığın artırılması məqsədilə Genişləndirilmiş Şəffaflıq Çərçivəsi aktivləşdirilib. Bundan əlavə, uyğunlaşma, gender bərabərliyi, yerli xalqlar və digər prioritet istiqamətlər üzrə də razılaşmalar əldə olunub.

Sahibə Qafarova çıxışında Azərbaycanın ən həssas qrupların dəstəklənməsinə xüsusi önəm verdiyini vurğulayıb. Deyib ki, bu istiqamət ölkəmizin COP29 sədrliyinin əsas prioritetlərindən biri olub. Azərbaycan İnkişaf etməkdə olan Kiçik Ada Dövlətləri (SIDS) və Ən Az İnkişaf Etmiş Ölkələrin (LDCs) nümayəndələrinin COP29-da iştirakını maliyyə baxımından dəstəkləyib.

Sahibə Qafarova qeyd edib ki, COP29 yalnız mühüm nəticələrlə deyil, həm də çoxtərəfli əməkdaşlıq sisteminə inamın bərpası ilə yadda qalıb. Azərbaycan COP28 və COP30 sədrlikləri ilə birgə iddialı Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələri (NDC) təşviq etmək istiqamətində güclü öhdəlik nümayiş etdirib. Ölkəmiz 2050-ci il üçün müəyyən edilmiş iqlim hədəflərinin reallaşdırılmasını 15 il önə çəkərək, bu məqsədlərə 2035-ci ilədək çatmağı planlaşdırır.

Sonda Sahibə Qafarova qeyd edib ki, COP29-un nəticələri iqlim fəaliyyəti üzrə yeni mərhələnin əsasını qoyub. COP30 isə bu istiqamətdə daha iddialı planların həyata keçirilməsi üçün mühüm fürsət yaradır. Azərbaycan COP30 prezidentliyinin “İcra COP-u” baxışını tam dəstəkləyərək, bu prosesə töhfə verməyə hazırdır.

***

Milli Məclisin sədri Sahibə Qafarova səfər çərçivəsində “Enerji Keçidi” mövzusunda tematik sessiyada da çıxış edib.

Parlamentin spikeri çıxışında qeyd edib ki, təmiz enerjiyə keçidin sürətləndirilməsi istixana qazı emissiyalarının azaldılması, iqlim dəyişikliyinə qarşı mübarizə aparılması və dayanıqlı inkişafın təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, bu məqsədə nail olmaq üçün indiyədək əldə olunmuş nailiyyətlər əsasında ardıcıl və qətiyyətli səylər göstərilməlidir.

Azərbaycan Beynəlxalq Enerji Agentliyi ilə birgə dörd Yüksək Səviyyəli Enerji Keçidi Dialoqu təşkil edib, dünyanın müxtəlif regionlarından tərəfdaşları bir araya gətirib. Bu müzakirələr enerji sahəsində gündəliyin formalaşdırılmasına istiqamət verib. Nəticə etibarilə, BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO), Avropa İqtisadi Komissiyası (UNECE), Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP), Beynəlxalq Enerji Agentliyi (IEA) və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) ilə sıx əməkdaşlıq çərçivəsində COP29 sədrliyi üç mühüm enerji təşəbbüsünü təqdim edib: Qlobal Enerji Saxlancı və Şəbəkələri Vədi, Yaşıl Enerji Zonaları və Dəhlizləri Vədi və COP29 Hidrogen Bəyannaməsi.

Milli Məclisin sədri deyib ki, bu təşəbbüslər Paris Sazişi çərçivəsində aparılmış ilk Qlobal Qiymətləndirmədən əldə olunan nəticələrə və mövcud öhdəliklərə əsaslanır, icra boşluğunun aradan qaldırılmasının və təxirəsalınmaz addımların zəruriliyini əks etdirir.

Bərpaolunan enerji resurslarımızın texniki potensialı quruda 135 QVt, dənizdə isə 157 QVt, bu resursların iqtisadi potensialı isə təxminən 27 QVt səviyyəsində qiymətləndirilir. Hazırda bərpaolunan enerjinin payı ümumi quraşdırılmış enerji gücünün təxminən 18,8 faizini təşkil edir ki, bu da təqribən 1,8 QVt-a bərabərdir. 2027-ci ilə qədər ümumi gücü 2 QVt-dan artıq olan yaşıl enerji layihələrinin həyata keçirilməsi planlaşdırılır.

Eyni zamanda qeyd olunub ki, 2030-cu ilə qədər ölkəmizdə istehsal edilən enerjinin təxminən 40 faizinin bərpaolunan enerji mənbələrindən əldə olunması nəzərdə tutulur.

Çıxışının sonunda Milli Məclisin sədri qeyd edib ki, beynəlxalq ictimaiyyətin məsul üzvü kimi Azərbaycan bərpaolunan enerji gücünü artırmaq, hidroenerji potensialını inkişaf etdirmək və enerji səmərəliliyi tədbirlərini gücləndirmək istiqamətində səylərini davam etdirəcək.

XQ

Son xəbərlər