Ədliyyə naziri Fərid Əhmədov gürcüstanlı həmkarı Paata Salia ilə görüş keçirib. Nazir vurğulayıb ki, ölkələrimiz arasında qarşılıqlı etimada əsaslanan əlaqələr təkcə ikitərəfli səviyyədə deyil, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edir.
Bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüşdə icra, xüsusi icra və probasiya sahələrinin təkmilləşdirilməsi məqsədilə beynəlxalq təcrübənin öyrənilməsi, bu istiqamətdə Gürcüstanla səmərəli təcrübə mübadiləsinin aparılması, həmçinin 2022-ci ildə Batumidə keçirilən Hüquq Forumu və imzalanmış Əməkdaşlıq Memorandumunun əlaqələrin inkişafına verdiyi töhfə müzakirə olunub. Tərəflər gələcəkdə də birgə tədbirlərin keçirilməsi və əməkdaşlığın yeni istiqamətləri barədə fikir mübadiləsi aparıblar.
Görüşdə ədliyyə sahəsində rəqəmsallaşmanın hər iki ölkə üçün prioritet olduğu qeyd edilib.
Sonda vurğulanıb ki, bu səfər və keçirilən görüşlər təcrübə və fikir mübadiləsinə, eləcə də Azərbaycan və Gürcüstan arasında hüquqi əməkdaşlığın daha da möhkəmlənməsinə əhəmiyyətli töhfə verəcək.
XQ

