Babil: Əfsanədən reallığa doğru yüksəliş və süqutun tarixi

post-img

Bəşər sivilizasiyasının ilk “meqapolis”i necə yarandı və niyə unuduldu?

Bəşəriyyətin mədəni yaddaşında dərin iz buraxmış şəhərlər arasında Babil yeri xüsusidir. O, yalnız qədim dünyanın güclü siyasi və iqtisadi mərkəzi deyil, həm də simvolik və dini miflərin toxunduğu bir mədəniyyət ocağı kimi yadda qalıb. Müxtəlif dövrlərdə İncil təfsirləri, renessans dövrü rəsmləri, şeirlər və romanlar bu şəhərin adını əbədiləşdirib. Babil həm reallıq, həm də mifdir — və bu ikili təbiət onun tarixinin mürəkkəbliyini əks etdirir.

Yarandığı yer: Cənubi Mesopotamiya

Qədim Cənubi Mesopotamiya ərazisində, Fərat çayının sahilində yerləşən Babilin dəqiq təsis tarixi məlum deyil. Amma əlverişli coğrafi mövqeyi bu şəhəri ticarət, mədəniyyət və dövlətçiliyin əsas mərkəzinə çevirmişdi. Babil Şumer, Akkad, Assuriya və daha sonralar digər imperiyaları ilə qarşılıqlı təsir və münaqişələrin mərkəzində dururdu.

Babil haqqında ilk və ən məşhur miflərdən biri “Babil Qülləsi” əfsanəsidir. İncildə qeyd olunur ki, insanlar Tanrıya çatmaq üçün göylərə uzanan bir qüllə tikmək istəmiş, lakin Tanrı dillərini qarışdıraraq onların işini yarımçıq qoymuşdu. Bu hadisə Babili ilahiliyə qarşı çıxış və insanın öz gücünü sınağa çəkməsi ilə assosiasiya edən əsas simvola çevirdi.

Hökmranlıq və qanunlarla yüksəliş

Babilin ilk böyük yüksəlişi Hammurapi dövründə (e.ə. 1793–1750) baş verir. Bu hökmdar təkcə hərbi uğurları ilə deyil, həm də dünyanın ilk qanun məcəllələrindən biri olan “Hammurapi Qanunları” ilə tanınır. Onun dövründə Babil iqtisadi cəhətdən çiçəkləndi, ədalət sistemi formalaşdı və şəhər bütün Mesopotamiyanın mərkəzinə çevrildi.

Lakin Hammurapidən sonra Babil bir sıra sarsıntılarla üzləşdi. Assuriya ilə uzunmüddətli müharibələr, daxili anarxiya və kənar tayfaların hücumları nəticəsində şəhərin gücü zəiflədi. E.ə. 729-cu ildə Assuriya kralı III Tiqlatpilesar  bütün bölgəni işğal etdi və Babil uzun müddət Assuriya hökmdarlarının nəzarəti altında qaldı.

Yenidən doğuluş: Nabuxodonosor və Babilin qızıl dövrü

Babilin ikinci dirçəlişi isə II Nabuxodonosor (e.ə. 605–562) dövründə baş tutur. O, yalnız hərbi uğurlarla deyil, memarlıq və mədəniyyət sahəsində də iz qoydu. Bu dövrdə Vavilonun Asma Bağları inşa edilir — qədim dünyanın Yeddi Möcüzəsindən biri hesab edilən bu bağlar şəhəri mifik bir mərkəzə çevirir. Nabuxodonosorun dövründə İudeya fəth olunur, Qüds yandırılır və Babil mədəni, siyasi və dini baxımdan zirvəyə qalxır.

Süqut: Farslar, makedoniyalı İskəndər və tarix səhnəsindən çəkilmə

E.ə. 539-cu ildə II Kir Böyük  Babili işğal edir və şəhər Əhəmənilər imperiyasının tərkibinə daxil olur. Növbəti dövrdə parflar və romalılar Babilə nəzarət etsələr də, şəhər öz əvvəlki statusunu itirir.

Lakin Babil son dəfə makedoniyalı İskəndər tərəfindən tarixin səhnəsinə qaytarılır. O, e.ə. 331-ci ildə şəhəri fəth edir və buranı Asiya imperiyasının paytaxtı elan edir. İskəndər burada son günlərini keçirir və ölümündən sonra şəhər yenidən unudulmağa başlayır. Elenist imperiya parçalanır, yeni şəhərlər (Selyukiya, Ktesifon) yaranır və Babil tədricən tərk edilmiş xarabalığa çevrilir.

Miras: Müasir dövrdə Babil

Bu gün Babil müasir İraq ərazisində yerləşir. Burada təxminən 150 min nəfər yaşayır. Şəhərin tarixi ərazisi UNESCO-nun Dünya İrsi siyahısına daxil edilib. Bütünlükdə isə Vavilon yalnız tarixçilər və arxeoloqlar üçün deyil, həm də mədəniyyətşünaslar və filosoflar üçün dərin mənaya malik bir simvoldur - insan ambisiyalarının, yüksəlişin, süqutun və yenidən doğuluşun simvolu.

Babilin hekayəsi - bu, yalnız qədim bir şəhərin deyil, həm də sivilizasiyanın öz gücünə və taleyinə verdiyi inamın simvolik dastanıdır. Onun yüksəlişi və süqutu insanlığın öz tarixində təkrar-təkrar yaşadığı bir dövrə çevrilib.

S.ELAY

XQ

Maraqlı