Bu şöhrətli sənət ocağı böyük Əbdurrəhim bəy Haqverdiyevin yadigarıdır
Ağdamda ilk teatr tamaşası 1902-ci ildə yerli ziyalıların və yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevin köməkliyi, yaxından iştirakı ilə göstərilib. Yerli səhnədə ilk dəfə Mirzə Fətəli Axundovun “Sərgüzəşti-vəziri-xani-Lənkəran” və Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq” pyeslərinin tamaşaları oynanılıb. Uzun illər aktyorlar teatrda ictimai əsaslarla fəaliyyət göstəriblər.
1923-cü ildə yaradıcı kollektivə dövlət teatrı statusu verilib. Teatrın daim zəngin repertuarı olub. Amma 1949-cu ildə dövlət rəhbərliyi respublikanın bir çox teatrını, o cümlədən Ağdam Dövlət Dram Teatrını da bağlamaq qərarına gəlib. Əlbəttə, bu, İosif Stalinin məkrli oyunu idi. Həmin vaxt Gürcüstanda heç bir teatr bağlanmadı. Çünki o, istəyirmiş ki, Zaqafqaziyada yalnız Gürcüstan teatrları irəli getsin. Beləcə, Azərbaycan mədəniyyətinə həmin vaxt daha bir balta çalınıb. O teatrlarda işləyən aktyorların hərəsi bir yana səpələnib. Ağdam teatrı isə həvəskar kollektiv kimi fəaliyyətini davam etdirib. O zaman burada Əməkdar artistlər Qaflan Muradov və Narınc Məlikova fədakarlıqla çalışıblar. Həmin dövrdə “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarının Ağdamda tamaşaya qoyulması sənət hadisəsinə çevrilib. Xalq artistləri – xanəndə Arif Babayev Məcnun rolunda çıxış edib, tarzən Ramiz Quliyev tamaşanı müşayiət edib.
Nəhayət, 1968-ci ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dram Teatrının dövlət teatrı statusu bərpa olunub və 1969-cu ilin martında pərdələrini İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən və ya Boy çiçəyi", Bəxtiyar Vahabzadənin "Vicdan" pyeslərinin tamaşaları ilə açıb. Həmin dövrün tamaşaları haqqında maraqlı ressenziyalar yazılıb.
1993-cü ilin iyulunda Ağdamın işğalına qədər teatrda Heydər Şəmsizadə, Rafiq Atakişiyev, Vaqif Şərifov, Ədalət Ziyadxanov, Məmmədkamal Kazımov, Ağalar İdrisoğlu, Nazir Rüstəmov, işğaldan sonra Elxan Mikayılov, Sərvər Əliyev, Novruz Cəfərov baş rejissor, bəziləri həm də direktor işləyiblər. Bir-birindən maraqlı tamaşalara quruluş verilib. Teatr yenidən fəaliyyətə başladığı dövrdən burada Xalq artistləri Fatma Mahmudova, Svetlana Həkimova, Əməkdar artistlər Narınc Məlikova, Qurban Mirzəyev, Tofiq Qarayev, Simuzər Namazova, Səkinə Süleymanova, Firəngiz Abbasova, Cəmilə Məmmədzadə, Aidə Qasımova, Fəqumə Yusifova kimi aktyorlar işləyiblər. Müxtəlif illərdə kollektivə Məmməd Əmirov, Yelmar Qasımov, Eyvaz Əliyev, Rais Əhmədov, Fəxrəddin Hacıbəyli rəhbərlik ediblər. Hazırda teatrın direktoru Məhəmməd Hüseynov, baş rejissoru Prezidentin mükafatçısı Kərim Həsənovdur.
Bildiyimiz kimi, 1993-cü ildə Ağdamın işğalından sonra teatr fəaliyyətini əvvəl Bərdədə, 2004-cü ildən isə rayonun inzibati mərkəzinə çevrilən Quzanlı qəsəbəsində davam etdirib. Teatrın Ağdamdakı binasını isə ermənilər şəhərin digər binaları kimi yerlə-yeksan ediblər. 2011-ci ildə Quzanlı qəsəbə mədəniyyət evi əsaslı təmir olunaraq teatrın istifadəsinə verilib. Üç il əvvəl Qarabağ işğaldan azad olunandan sonra Ağdamın yeni Baş planında Dövlət Dram Teatrı üçün də yaraşıqlı bir bina tikilməsi nəzərdə tutulur.
Biz bu yazını hazırlayarkən 100 yaşlı teatrın direktoru Məhəmməd Hüseynovla əlaqə saxladıq. O, Ağdamın Əliağalı kəndində anadan olub. Bakı Mədəni-Maarif texnikumunu bitirərək, Ağdam Teatrında aktyor kimi fəaliyyətə başlayıb. Sonrakı illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda ali təhsil alıb.
Müsahibimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən müharibənin ilk günlərindən, könüllü olaraq Milli Vətən müdafiəçilərinə qoşulub. Bir çox döyüşlərdə iştirak edib, sıravi əsgərdən tabor komandirinin müavini vəzifəsinə qədər yüksəlib. Məhəmməd Hüseynov 1992-ci ilin yayında cəbhədə ağır yaralanıb, müalicə alaraq yenidən döyüşən orduya qayıdıb. Atəşkəs razılığından ilyarım sonra, yəni, 1996-cı ilin yanvarında ordudan zabit kimi ehtiyata buraxılıb. Qazidir. Artıq 9 ildir ki, Ağdam Dövlət Dram Teatrına rəhbərlik edir. Ona ilk sualımız da elə müharibə ilə əlaqədar oldu:
– Məhəmməd müəllim, bildiyimizə görə, Qarabağ müharibəsi vaxtı sizin teatrın yaradıcı heyətinin bir neçə üzvü də döyüşlərdə iştirak edib. Onlar kimlərdir?
– Yubiley günlərində onları xatırlamaq borcumuzdur. O vaxtlar teatrın baş rejissoru Elxan Mikayılov eyni zamanda briqada qərargahinda xidmət edirdi, çox vətənpərvər insan idi. O, döyüşdə ağır yaralanaraq, 1-ci qrup əlil olmuşdu. Elə həmin yarasına görə də vəfat etdi. Aktyor Vüqar Əsgərov da müharibədə igidliklə vuruşdu və ağır döyüşlər zamanı həlak oldu. Rayon qəzetinin müxbiri, şair, teatrda müxtəlif rollar oynayan Həsən Qəhrəmanov da müharibədə zabit kimi döyüşdü. Ümumiyyətlə, teatrın bütün kollektivi həmin vaxt müharibədə iştirak etməyə hazır idi.
– Bəs, işğal dövründə teatrda hansı işlər görülüb?
– Teatr 1993-cü ildə Bərdəyə köçürülüb, sonra da Quzanlıda öz fəaliyyətini davam etdirib. 12 il əvvəl Quzanlı mədəniyyət evi əsaslı təmir olunaraq teatrın istifadəsinə verilib. Biz də orada əsasən vətənpərvərlik mövzusubnda tamaşalara üstünlük vermişik. Əlimizdən gələni etmişik ki, xalqın qələbə ruhunu artıraq. İndi, şükür, qalib xalqın övladları sayılırıq.
– Hazırda vəziyyət necədir?
– Teatr bu gün bütün zəruri texniki vasitələrlə (işıq, rabitə, musiqi vasitələri, səhnədə müxtəlif effektlər yaradan işıq filtrləri və s.) təchiz olunub. Kollektivimiz Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının keçirdiyi bütün festival və müsabiqələrdə iştirak edir, həmişə də fərqlənir. Ötən ilin noyabrında teatrımız Türkiyə Cümhuriyyətində “Ankara Uluslararası Teatro Festivalı”nda uğurla iştirak edib. Bu il teatr özünün 100 illik yubileyini keçirməyə hazırlaşır. Rejissorlar Səbuhi Əhmədov, Elmir Hümbətov, teatrın əsas aktyorları Əməkdar artistlər Aidə Qasımova, Fəqumə Yusifova, aktyorlar Elşən Cavadov, Xəyalə Xudadatova, Cəfər Bayramov, Afaq Əliyeva, Elşən Cavadov, Elman Məhərov, Fərhad Fərhadzadə, Hikmət Şirin, Afərdə Əhmədova, Sadiq Bağırov, Zərifə Ağayeva, Ülviyyə Qasımova , Sərdar Əlizadə, Behbud Əsgərov, Camal Zamanov, Səda İbrahimov, Tural Yusifov, Vüqar Mərdanov, Elgiz Mürşüdov, İxtiyar Məmmədov, Hakim Cəfərli, Temur Kərimov, Rəmzi Gülməmmədov, Anar Əhmədov, Nuranə Əliyeva, Qalib Abdullazadə və başqaları yubileyə töhfələr vermək əzmindədirlər. Eyni zamanda Ağdam şəhərinə – yeni tikiləcək binaya köçməyi səbirsizliklə gözləyirlər. 100 illik yubiley tədbirlərini isə ilin sonuna kimi qeyd etmək nəzərdə tutulur. Hər kəs böyük həvəslə işləyir və yeni tamaşalarda oynamağa hazırlaşır.
Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu ilə də həmsöhbət olduq. Ağalar müəllim 1985–1988-ci illərdə Ağdam Dövlət Dram Teatrına rəhbərlik eləyib. Onun dedikləri:
– Həmin dövrü heç zaman yaddan çıxarmıram. O illərdə bir-birindən maraqlı 30-dan çox tamaşa hazırlayıb təqdim etdik. Həmin vaxt teatrın baş rejissoru işləyən Məmmədkamal Kazımov, Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda səhnə danışığı müəllimim olmuş Əməkdar artist Həsən Əbluc, Əməkdar incəsənət xadimi Oruc Qurbanov, Əməkdar artist Nazir Rüstəmov, rejissorlar Eyvaz Vəliyev, Cahid Hilaloğlu da tamaşalarımıza quruluş verirdilər. Mən özüm 16 tamaşaya, eləcə də Ağdamda hər il keçirilən “Natəvan” qızlar bayramına, Novruz və Yeni il şənliklərinə quruluş verməyimi xoş xatirələrlə yada salıram.
Hələ Birinci Qarabağ müharibəsindən əvvəl Ağdam teatrı artıq respublika və ümum-ittifaq səviyyəsində yaxşı tanınırdı. SSRİ miqyasında keçirilən bir neçə festivalda iştirak eləyib, mükafatlar aldıq. O vaxt teatrda Xalq artistləri Fatma Mahmudova, Svetlana Həkimova, Əməkdar artistlər Narınc Məlikova, Qurban Mirzəyev, Tofiq Qarayev, Simuzər Namazova, Nazir Rüstəmov, Səkinə Süleymanova, Cəmilə Məmmədova, Aida Qasımova, Fəqumə Yusifova, aktyorlar Bəylər Nəcəfov, Siyavuş Sultanov, Səyyaf Əlizadə, Vəlyəddin Quliyev, Vaqif Qasımov, Xanirə İsgəndərova, Elxan Mikayılov, Qabil İbrahimli, Nizami Avirə və başqalarından ibarət çox istedadlı aktyor heyəti çalışırdı. Teatrın fədailəri – rəssamlar Çingiz Abdullayev, Elman Balakişiyev, səs rejissoru Asif Şükürovla bir-birimizi yarı sözdən başa düşürdük. Məhz ona görə də hazırladığımız hər bir tamaşa Ağdamda, Qarabağda çox böyük maraqla və sensasiya ilə qarşılanırdı.
Sonrakı dövrlərdə də mənim Ağdam teatrı ilə yaradıcılıq əlaqələrim sıx olub. 2019-cu ildə “Məhəbbətsiz həyat” pyesimə o vaxt bu teatrın baş rejissoru işləyən tələbə yoldaşım, Əməkdar artist Novruz Cəfərov “Qoşulub qaçan qız” adı ilə çox maraqlı bir quruluş verib. Tamaşanın Quzanlıdakı premyerasında həvəslə iştirak etmişəm. Ağdamın yenidən ağ damlara, saraylara çevrilməsi bizi hədsiz sevindirir. Ağdamın çox maraqlı Baş planı var. Qarabağın bel sütunu sayılan bu məntəqə tezliklə bölgədə ən füsunkar şəhər olacaq. Burada çox gözəl bir teatr binasının inşası da plana salınıb. 100 yaşlı Ağdam teatrının xoş günləri hələ qabaqdadır.
Əli ƏLİYEV, “Xalq qəzeti”




