Uşaq ədəbiyyatından qadın mətbuatına söz körpüsü

post-img

Xalidə Hasilova – 105

Yazıçı Xalidə Hasilova 1920-ci il aprelin 19-da güllər diyarı Zaqatalada dünyaya göz açıb. Elə yaradıcılığı da çiçəkli bir bağçaya bənzəyir. Əsasən, uşaq və gənclərin həyatından heç vaxt təravətini itirməyən maraqlı əsərlər yazıb.

Onun hekayələrindən biri “Çiçək dənizi” adlanır. Düzənliyə gəzintiyə çıxan uşaqlar oranı dəniz adlandırırlar. Çünki meh vuran çiçəklər dəniz kimi ləpələnir, ətrafa xoş rayihə yayırdı. Uşaqlar çoxlu zəncirotu, zəngçiçəyi, kəklikotu yığıb məktəbə və evə aparırlar. Müəllimləri onlara Vətən torpağının möcüzəli bitkilərinin gözəllik yaratdığını və sağlamlığa xeyrini bədii dillə izah edirlər. Uşaqların həm gözəllikləri duyması, həm də maariflənməsi baxımından maraqlı hekayədir.

“Atlas yarpaqlar”, “Yasəmən budağı” – adlarından da göründüyü kimi, tala-tala çiçəkləri olan Zaqatala bu bölgənin övladı olan ünlü qələm sahibinin yaradıcılığına təbii bir gözəllik gətirib. Xalidə Hasilova orta məktəbdən sonra Zaqatala Pedaqoji Texnikumunu bitirib və Leninqrad Universitetinin filologiya fakültəsinə daxil olub. Amma İkinci Dünya müharibəsi başlananda Bakıya gələrək, təhsilini Azərbaycan Dövlət Universitetində (indiki BDU) davam etdirib.

Müxtəlif illərdə “Uşaqgəncnəşr”də redaktor, “Azərbaycan qadını” jurnalında ədəbi işçi və baş redaktor olub. Bir müddət “Göyərçin” jurnalına da rəhbərlik edib. Azərbaycan qadınlarının həyatından bəhs edən “Hamı doğmadır mənə”, “İnsan ömrü bir nəğmədir” pyeslərini (başqa dram əsərləri də var), “Sular durulur”, “Kaman”, “Çəhrayı rəng”, “Çətin yollar boyunca”, “Nəğməli Könül” və s. povestlərini yazıb.

Bu sətirlərin müəllifi hələ uşaq ikən Xalidə Hasilovanın nağıl-hekayələrini Xalq artisti Aydın Qaradağlının ifasında radiodan dinləyib. “Saatsaz qarğa” və “Cəmilə” adlanan o hekayələri dinləyəndə səs salan qardaşlarıma təpinməyim də yadımdadır. Əlcəzairli adaşı ilə tanış olan balaca Cəmilənin onunla dostluğunun nəqli son dərəcə təbii idi. Qızcığaz yeni rəfiqəsinə anası kimi təyyarə bələdçisi olmaq istədiyini bildirəndə adaşı uşaq sadəlövhlüyü ilə deyir: “Təyyarə ilə Əlcəzairə gələr, evimizin üstündən keçəndə əl edərsən, səni görərəm”.

Maraqlı nəsr əsərlərinin müəllifi kimi tanınan yazıçının 1950-ci ildə çapdan çıxmış ilk kitabının adı “Kiçik hekayələr” olub. Sonra “İlk məktub”, “Lalənin kitabı”, “İki yoldaş”, “Onun taleyi”, “Nəğməli könül”, “Məhəbbət olmayanda”, “Çətin yollar boyunca”, “Xoruzlu dəsmal” və s. kitabları çap edilib. “Ucqar bir kənddə” romanı, “Ana fəryadı” povesti ciddi ədəbiyyat nümunələri kimi diqqət çəkib.

Eyni zamanda, o, kiçik yaşlı uşaqlar üçün tərcümələri ilə də ədəbiyyatımızı zənginləşdirib. N.Nosovanın “Şən ailə”, N.Tixonovun “İgid partizan”, İ.Pereranın “Zənci balası Atolo”, Ə.Nesinin “İndiki uşaqlar möcüzədir”, M.Bayramın “Günəş gözlü Mustafa Kamal” kitabları bu qəbildəndir. Yazıçının öz əsərləri də SSRİ-nin bir sıra xalqlarının, eləcə də xarici ölkə xalqlarının dillərinə tərcümə edilərək layiqincə qiymətləndirilib. Xalidə Hasilova dərin təhlili nəzəri məqalələrin də müəllifidir ki, onların əksəriyyəti uşaq ədəbiyyatı problemlərinə həsr edilib. Bunlardan “Uşaq ədəbiyyatında ədəbi tənqid haqqında”, “Gözəl duyğular”, “Uşaqlara yüksək keyfiyyətli əsərlər verək”, “Ədəbiyyat və tərbiyə”ni göstərmək olar.

Hələ 1970-ci ildə onun 50 illik yubileyi ilə bağlı keçirilən tədbirlərdə iştirak edən ümummilli lider Heydər Əliyev Xalidə Hasilovanın ünvanına xoş sözlər söyləyərək onu “Azərbaycan qadın yazıçılarının ən fəallarından biri” kimi dəyərləndirib və “Şərəf nişanı” ordeninə layiq görüb. Ulu öndər 1980-ci ildə Xalidə Hasilovanı “Qırmızı əmək bayrağı” ordeni ilə də təltif edib.

Əməkdar mədəniyyət işçisi olan yazıçının yaradıcılığı rəngarəngliyi, mövzu dairəsinin genişliyi ilə seçilib. O, həyat hadisələrinə dərindən nüfuz edir, mövzunu düşünərək seçir, xarakterik obrazlar yaradırdı.

Ə.DOSTƏLİ
XQ

Mədəniyyət