Azərbaycan Yazıçılar Birliyinin “Ulduz” ədəbi-bədii jurnalının aprel sayı işıq üzü görüb. Oxucuların, xüsusilə də gənc ədəbiyyatsevərlərin hər zaman maraqla izlədikləri dərginin bu sayı da müxtəlif rubrikalar altında verilmiş bədii-publisistik yazılarla zəngindir.
İlk səhifələrdə Aqşin Evrənin “Özüylə söhbəti və şeirləri” verilib. “Nəsr” rubrikasında Cavid Zeynallının, Mirmehdi Ağaoğlunun, Nuray Nəzərovanın, Məhliqa Eyvazqızının, Oğuz Ayvazın, Maya İmranın hekayələri təqdim olunub. “Yazı masası”nda isə Taleh Mansur Xalq yazıçısı Çingiz Abdullayevlə həmsöhbət olub.
Qulu Ağsəs “Nəsrin ...mərtəbəsi”ndə gənc yazıçı Məmməd Məmmədlinin kitabından söz açıb. “Şeir vaxtı”nda Sahibə Yusif, Təranə Dəmir, Namiq Dəlidağlı, Aysel Fikrət, Adil Həsənoğlu və Şəhriyar Heydərdir. Havar Şəfiyeva və Cabir Həsənin şeirləri də bu saydadır.
Jurnalın “Təbriz eli” rubrikasında Əli Çağlanın “Şahmat” əsəri dərc edilib. “Tribuna”da Azər Fəraqi “Ürfan ədəbiyyatı İslamın budaq dili”ndən söz açırb.
“Tənqid”də isə filologiya elmləri doktoru Vaqif Yusifli “Zövlədən Ufaya: Baloğlan Cəlil” yazısı ilə Başqırdıstanda yaşayan şair soydaşımızın yaradıcılığını incələyib.
“Sənət”, “Tərcümə saatı”, “Debüt”, “Dərgidə kitab”, “Dərgidə sərgi” rubrikaları da maraqlıdır.
XQ