“Yüksəliş” müsabiqəsi çərçivəsində beşinci dəfə intellektual yarış keçirilib

post-img

Aprelin 26-da “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Yüksəliş” müsabiqəsinin qalibləri, finalçıları və yarımfinalçıları arasında “Yüksəliş — Beşinci element” adlı intellektual yarış keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə “Yüksəliş” müsabiqəsinin 5 illik fəaliyyətini və əldə olunan nailiyyətləri əks etdirən qısa videoçarx nümayiş olunub. Daha sonra gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev iştirakçılara uğurlar arzulayıb.

Kvizdə ümumilikdə 220 iştirakçı olmaqla 38 komanda iştirak edib. Yarışın yekununda birinci yerə “Əsas element” komandası layiq görülüb. İkinci yerin qalibi “Parlaq zəka”, üçüncü yerin sahibi isə “XX Factor” komandaları olub.

Artıq beşinci dəfədir ki, “Yüksəliş” müsabiqəsi tərəfindən keçirilən bu intellektual yarış ənənəyə çevrilib. Qeyd edək ki, keçən ilin qış mövsümündə keçirilən “Yüksəliş” kvizi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə, payız mövsümündə baş tutan “Azərbaycanın Yüksəlişi” intellektual kvizi Müstəqilliyin Bərpası Gününə, bahar mövsümündə keçirilən kviz “Yaşıl dünya naminə həmrəylik ili”nə, inişil baş tutan yarış isə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmişdi.

Sonda qalib komandalar müxtəlif mükafatlar və diplomlarla təltif olunublar.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.

Beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 2024-cü il dekabrın 18-də müvafiq Sərəncam imzalanıb.













Mədəniyyət