IV Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalı çərçivəsində Ankaradan gələn kuklaçılardan ibarət nümayəndə heyəti Bakıda səfərdədir.
Azərbaycan Dövlət Kukla Teatrından bildirilib ki, festival proqramına uyğun olaraq qardaş ölkənin kukla sənətçiləri iki gün müddətində həm fərqli mövzu, janr və texnikada iki tamaşa ilə bakılı teatrsevərlər qarşısında çıxış ediblər.
Tamaşaçılar ilk olaraq Azərbaycan Dövlət Kukla Teatrında “Qaragözün macəraları” adlı tamaşanı izləyiblər.
Kukla sənətçisi, Türkiyədə öz sahəsində sevilən Seçkin Günəşin Qaragöz pərdəsi arxasından göstərmiş olduğu ifaçılıq məharəti ölkəmizdə də kifayət qədər populyar dostlar – Hacıvat ilə Qaragözün yeni hekayətinə qatmış olduğu əyləncə balaca tamaşaçılarda xoş ovqat yaradıb.
Azərbaycan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə festivalın yüksək səviyyədə təşkilinə dəstəyə görə Azərbaycan və Türkiyənin mədəniyyət nazirliklərinə, ümumilikdə qardaş sənətçilərin bir səhnədə toplaşmasında əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Sonra qonaq kuklaçılar festivalın Bakı mərhələsində uğurla iştirak etdikləri üçün təltif ediliblər.
Festival proqramının ikinci günü Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin ənənəvi sənətkarlara vermiş olduğu “Yaşayan insan xəzinəsi” ünvanına sahib kukla hazırlanması üzrə sənətkar Əli Ağbəy balacalara özünəməxsus tarixə malik kuklaların, fərqli üsullarla ərsəyə gətirilən taxta oyuncaqlardan bəhs edib, onları da prosesə qoşaraq bu sənət növü haqqında məlumatları bölüşüb.
Sonra uşaqlar Bursadan gələn kukla sənətçisi Abdullah Bəyazdaşın müəllif və ifaçısı olduğu “Dostum kukla” adlı birhissəli kukla tamaşasını izləyiblər.
İpli kuklalardan ibarət musiqili tamaşanın əsas ideyası dostluq, sevgi idi.
Qeyd edək ki, beynəlxalq festivalda Azərbaycan Dövlət Kukla Teatrının kollektivi ilə yanaşı, Türkiyə, Özbəkistan və Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) teatr sənəti ustaları da iştirak ediblər.
Ankarada start götürən sənət bayramı Bakı mərhələsindən sonra mayın 2-dən 5-dək Özbəkistanda davam edəcək.
Tədbirin bağlanışı isə Şimali Kipr Türk Cümhuriyyətində olacaq.