“Ulduz” jurnalı və “Xalq qəzeti”nin birgə layihəsi olan “Ulduz”lu görüşlər” davam edir. Bu çərçivədə Azərbaycan Universitetinin təcrübəçi tələbələri Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda tanınmış şair, yazıçı və publisist, Əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənli ilə görüşüblər.
“Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəsin təşəbbüsü ilə təşkil edilən görüş zamanı bu redaksiyada təcrübə keçən tələbələr şairin yaradıcılığı ilə yaxından tanış olublar. Tədbirdə Vaqif Bəhmənli öz yaradıcılıq yolundan, müasir ədəbiyyatdakı tendensiyalardan və gənc yazarların qarşısında duran vəzifələrdən bəhs edib. Tələbələrin çoxsaylı suallarını cavablandıran şair onların yaradıcılıqla bağlı fikirlərini dinləyib, dəyərli məsləhətlər verib.
Jurnalın baş redaktoru, Əməkdar jurnalist Qulu Ağsəs gənclərin ədəbi fəaliyyətə təşviqi və yazı mədəniyyətinin formalaşdırılmasında bu cür tədbirlərin rolunu vurğulayıb. O, Azərbaycan Universiteti ilə yaradılmış əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyini bildirib.
XQ