AZƏRTAC-ın Uşaq Bilik Portalı milli cizgi filmlərinin yayımına başlayıb

post-img

AZƏRTAC-ın Uşaq Bilik Portalı balacalar üçün maraqlı və maarifləndirici daha bir yeniliyə imza atıb. Belə ki, portalda həftədə iki dəfə - çərşənbə və cümə günləri C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan cizgi filmlər yayımlanacaq.

Bu təşəbbüs uşaqlara milli dəyərlərimizi daha yaxından tanıtmaq, onların bilik və dünyagörüşünü artırmaq, həmçinin asudə vaxtlarını faydalı keçirmələrinə şərait yaratmaq məqsədi daşıyır. Cizgi filmlərdə Azərbaycan tarixindən, milli qəhrəmanlıq salnaməsindən və nağıllarından bəhs edən maraqlı mövzular yer alır.

Uşaq Bilik Portalı balaca izləyicilər üçün təkcə əyləncə deyil, həm də öyrədici platforma rolunu olmaqda davam edir. Milli animasiya nümunələrinin təqdim edilməsi isə uşaqlarda vətənpərvərlik hissinin formalaşmasına və ana dilində keyfiyyətli vizual materiallara çıxışın təmin olunmasına töhfə verəcək.

“Cücələrim” uşaq mahnısı əsasında hazırlanmış animasiya iyunun 18-də portalda nümayiş etdirilib. Bu gün isə balacalara Abbas Pənahi Makulunun “Xoruz” poemasının motivləri əsasında çəkilmiş cizgi filmi təqdim olunacaq.

Mədəniyyət