Qalib Bağırov – 80
Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə əsrlər boyu saxsı qablar istehsalının əsas mərkəzlərindən biri olub. Burada ətraf ərazilərdən əldə edilən əla növ gil emal olunaraq, yüksək keyfiyyətli saxsı və farfor məhsullarına çevrilib. Ötən əsrin ortalarından başlayaraq, farfor istehsalı geniş vüsət alıb, Gəncə Çini Qablar Zavodu fəaliyyətə başlayıb. Bu gün Ulu Şeyx Nizaminin yurdunda bu sənət növü ilə məşğul olan bir rəssam – Qalib Bağırov haqqında söhbət açmaq istəyirik.
Düz 80 il əvvəl Gəncədə ziyalı ailəsində anadan olan Qalib Bağırov orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində və Stroqanov adına Moskva Ali Bədii-Sənaye Məktəbində təhsil alaraq rəssam-konstruktor (dizayner) ixtisasına yiyələnib. Daha sonra Moskvada aspiranturanı bitirib, namizədlik dissertasiyasını müdafiə edərək, sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. Milli keramika sənətindən söz açanda onun təşəkkülündə xüsusi xidmətləri olanların ilk sırasında məhz Qalib Bağırovu xatırlamamaq mümkün deyil.
O, əmək fəaliyyətinə Gəncə Çini Qablar Zavodunda başlayıb, 30 il bu müəssisənin baş rəssamı olub. Azərbaycan çinisinin sənətkarlıqla cilalanmasına görə 1988-ci ildə Əməkdar rəssam fəxri adını alıb. Qalib Bağırov fəaliyyət göstərdiyi müddət ərzində 500-dən artıq dekorativ tətbiqi sənət nümunəsinin müəllifi kimi elmi araşdırmalarının nəticəsində 38 elmi məqalə müəllifi olaraq tədris resuslarında bu sahənin inkişaf etdirilməsində mühüm rol oynayıb.
Keramikaçı-rəssamın milli bədii sənət ənənələri ilə tanınmasını, onu yaradıcı bir formada inkişaf etdirməsini özünün hazırladığı çini vazalarda görmək mümkündür. Onun dahi Nizamiyə və “Xəmsə”nin qəhrəmanlarına həsr etdiyi vazalar orijinal formasına, xüsusilə səthi bəzəyən təsvirlərin şux rənglərinə görə hər zaman diqqəti cəlb edib. Əməkdar rəssamın yaradıcılığında milli cəhətlər üstünlük təşkil etməklə, onun rəssamlıq manerasında cərəyanların təsirində itmək hiss belə yoxdur. Rəssam hansı mövzuya müraciət edibsə, mütləq oradan xəlqi məzmun çıxarmaqla bəşərilik ifadəçisi olub. Bu baxımdan Qalib Bağırovun yaradıcılığı hər zaman öz müasirliyini qoruya bilib. O, müəllifi olduğu əsərlərdə həm də impressionizm, sürrealizm kimi cərəyanlardan bəhrələnən rəssam sayılırdı.
Qalib Bağırov 1996-cı ildə Şərqdə ilk dəfə məhz Gəncə şəhərində Dekorativ Tətbiqi Sənət Mərkəzini (Çini qablar müniatür muzeyini) yaratmağa müvəffəq olub. Mərkəzdə dekorativ tətbiqi sənətin davam etdirilməsi üçün ictimai əsaslarla kadr hazırlığını həyata keçirməyi də uğurla bacara bilib.
Bu gün xüsusi olaraq qeyd etmək lazımdır ki, məhz Qalib Bağırov yaradıcılığında Nizami “Xəmsə”sinin qəhrəmanlarına həsr etdiyi əsərlər müasir orijinal formasına görə maraqla qarşılanan sənət nümunələri hesab edilir.
Əməkdar rəssam Qalib Bağırov Gəncə Çini Qablar Zavodu ilə paralel 1980–2019-cu illər ərzində Azərbaycan Texnologiya Universitetində müəllim kimi çalışaraq “İstehlak mallarının texnologiyası” kafedrasının dosenti və “Dizayn” kafedrasının rəhbəri olaraq fəaliyyət göstərib. O, 30 ildən artıq bir müddət ərzində bədii layihələndirmə, dekorativ tətbiqi sənət və dizaynın əsasları fənlərini tədris edib. Həmçinin 2015–2019-cu illərdə Azərbaycan Aqrar Universitetinin “Dizayn” kafedrasında müəllim kimi də çalışıb və tədris proqramlarının tətbiqi ilə məşğul olaraq bu tədris ocağının elmi fəaliyyətində xüsusi xidmətlər göstərib.
Qalib Bağırov Gəncənin mədəni, ictimai həyatında da yaxından iştirak edərək, 1987-ci ildən həyatının sonunadək Azərbaycan Rəssamlar İttifaqının Gəncə şöbəsinə rəhbərlik edib. Əməkdar rəssam olaraq, bir çox beynəlxalq sərgilərin laureatı kimi 1985-ci ildə gümüş, 1987-ci ildə qızıl medallara və bir sıra digər mükafatlara layiq görülüb. O, Hindistanda, İran İslam Respublikasında keçirilən sərgilərdə, elmi konfranslarda, həmçinin ABŞ-da təcrübə mübadilələrində qrup rəhbəri kimi iştirak edərək Azərbaycanı layiqincə təmsil edib.
Əməkdar rəssam Qalib Bağırov Azərbaycanın milli sərvəti olan miniatür sənətini farfor üzərində əks etdirərək ona yeni nəfəs verib. Onun üçün həyat prinsipi yaradıcılıqdan kənar aləmin olmadığı anlamında idi. Məhz bu baxımdan onun yaradıcılıq aspektləri daha geniş və daha rəngarəng idi. Qalib Bağırov bütün yaradıcılığı boyu yeni forma, üslub eləcə də kompozisiya axtarışlarında olmaqla rənglər dünyasının daha uğurlu təzahürünü təsdiqləyə bilib. Məhz bu eksperimentlər rəssamın istədiyi koloriti almaq və eləcə də onun ifadə gücünün rəngarəngliyinə nail olmaq məqsədini ehtiva edir.
Qalib Bağırov 2019-cu il may ayının 31-də Gəncədə vəfat edib. Özü fani dünyanı tərk etsə də, sənəti yaşayır.
Anar Ərtoğrul Burcəliyev,
teatrşünas-tənqidçi