Dahi Üzeyir bəyin xatirəsinə ehtiram
Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”ın dəstəyi ilə keçirilən 14-cü musiqi bayramı ətraf dağlarda əks-səda verməkdədir.
Məlum olduğu kimi, Qəbələ festivalı bu dəfə Azərbaycan musiqisinin tacı – dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr edilib. Rəsmi hissədə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli və digər rəsmi çəxslər, tanınmış ictimai xadimlər, Qəbələ sakinləri və qonaqlar iştirak ediblər.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, festivalın bədii rəhbəri Fərhad Bədəlbəyli çıxışında bu ənənəvi bayramın mədəniyyətimiz üçün əlamətdar hadisə olduğunu bildirib. Qeyd edilib ki, festival bu dəfə də dünya musiqisinin müxtəlif simalarını bir məkanda toplayaraq, beynəlxalq mədəni dialoqun önəmli ünvanına çevrilib. Bu sənət bayramı təkcə klassik əsərlərin təntənəsi deyil, eyni zamanda, xalqları birləşdirən, sərhədləri aşan mənəvi dəyərlərin təcəssümüdür.
Həmin axşam Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş xüsusi konsert proqramı ilə yadda qalıb. Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Fikrət Əmirov adına Əməkdar Kollektiv, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xor qrupu, tanınmış ifaçılar tamaşaçılara maraqlı ifalar təqdim ediblər. Üzeyir bəyin “Cəngi” əsəri ilə başlanan konsertdə Səid Rüstəmov, Vasif Adıgözəlov, Hacı Xanməmmədov, Ramiz Mirişli, Polad Bülbüloğlu, Emin Sabitoğlu, Süleyman Ələsgərov, Fikrət Əmirov, Fərhad Bədəlbəyli, Müslüm Maqomayev və digər bəstəkarların əsərlərini, eləcə də xalq mahnıları səsləndirilib.
Jurnalistlərə müsahibəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyeva deyib:
– Milli musiqimiz, mədəniyyətimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyliyə borcludur. Odur ki, bu böyük dühanın adına layiq festival keçirmək əzmindəyik. Bir qədər həyəcanlıyıq, amma əminik ki, belə də olacaq. Ümumiyyətlə, Qəbələ festivalının ilk buraxılışından belə bir gözəl ənənəsi var ki, həmin ilə təsadüf edən bütün ildönümləri, yubileyləri mütləq qeyd edək. Prezident İlham Əliyevin bu il dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyinin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı imzaladığı sərəncam bizə böyük ilham verdi ki, həmin yubileyi, eləcə də Rauf Atakişiyevin 100 və Vasif Adıgözəlovun 90 illik yubileylərini bu festivalda onların adına layiq şəkildə keçirək.
Festival çərçivəsində “Mercadonegro” musiqi qrupunun çıxışı hər kəsə unudulmaz təsir bağışlayıb. Latın Amerikası ruhunda konsertdə əsasən Kuba musiqisindən yaranan salsa ritmləri ilə musiqi axşamına özünəməxsus enerji dolu ovqat qatıb.
Musiqisevərlər həmçinin Tbilisi Big Band ansamblının (Gürcüstan), “Ciurlionis” kvartetinin (Litva), həmçinin “Gənclərə dəstək” layihəsi iştirakçılarının, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin, “Detaşe-Sabah” violinoçular ansamblının, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası tələbələrinin, Bakı Dövlət Kamera Orkestrinin, tanınmış musiqiçilərin çıxışlarını izləyə biləcəklər.
Artıq gözəl ənənəyə çevrilən və sentyabr ayında keçiriləcək möhtəşəm Üzeyir Musiqi Günü ərəfəsində əsl yubiley proloqu olan festival daha bir neçə gün davam edəcək.
XQ