VIII Beynəlxalq Animasiya Festivalına hazırlıq işləri görülür

post-img

Sentyabrın 3-dən 7-dək Bakıdakı Nizami Kino Mərkəzi, Şirvanşahlar Saray Kompleksi və Animasiya Evində VIII Beynəlxalq Animasiya Festivalı - ANIMAFILM keçiriləcək. Mədəniyyət Nazirliyi, Kino Agentliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun dəstəyi ilə baş tutacaq tədbirin təşkilatçıları qismində Azərbaycan Animasiya Assosiasiyası və “PERI FILM” MMC çıxış edirlər.

AZƏRTAC xəbər verir ki, bu il ANIMAFILM festivalı “Pişiklər” mövzusunda keçiriləcək. Tədbirin proqramına 62 ölkədən 4 beynəlxalq və 1 yerli kateqoriya üzrə 317 filmlə bağlı müraciətlər daxil olub. Seçim komissiyası bütün müraciətləri qiymətləndirdikdən sonra 20 ölkədən 39 filmin müsabiqədə iştirakına razılıq verib. Onlardan 10-u yerli, 29-u isə beynəlxalq kateqoriyada təqdim olunacaq. Seçilmiş bütün filmlər beynəlxalq münsiflər heyəti və tamaşaçılar tərəfindən qiymətləndiriləcək və qaliblər festivalın bağlanış mərasimində mükafatlandırılacaq.

Festivalın nominasiyaları aşağıdakılardır:

- Ən yaxşı qısametrajlı cizgi filmi – QRAN PRİ (18+)

- Ən yaxşı Azərbaycan qısametrajlı cizgi filmi (8+)

- Ən yaxşı qısametrajlı tələbə animasiya filmi (16+)

- Uşaqlar üçün ən yaxşı qısametrajlı cizgi filmi (5+)

- Pişiklər haqqında ən yaxşı qısametrajlı cizgi filmi (18+)

ANIMAFİLM Beynəlxalq Animasiya Festivalının direktoru, rejissor, prodüser, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev AZƏRTAC-ın müxbirinə müsahibəsində qarşıdan gələn tədbir haqqında daha ətraflı danışıb.

“Hazırda komandamız festivala fəal şəkildə hazırlaşır, təşkilati məsələləri həll edirik. Bu il çox mühüm bir yenilik gözlənilir - animasiya layihələrinin pitçinqi (müdafiə mərhələsi) keçiriləcək. VIII Beynəlxalq Animasiya Festivalının builki mövzusu pişiklərdir. Bununla əlaqədar olaraq, ANIMAFILM məktəbinin tələbələri tərəfindən yaradılan festivalın “Bu pişiklər hara gedir?” adlı rəsmi treyleri yayımlanıb. Bilet satışından əldə edilən gəlir pişiklərə qulluq üçün yerli təşəbbüslərə yönəldilib”, -deyə Rəşid Ağamalıyev qeyd edib.

VIII Beynəlxalq Animasiya Festivalı çərçivəsində animasiya filmlərinin nümayişi, tədbirlər, ustad dərsləri, xarici və azərbaycanlı mütəxəssislərlə görüşlər, təqdimatlar və viktorinalar da təşkil olunacaq.

Mədəniyyət