Məşhur “Divanü lüğət-it-türk” əsərinin müəllifi, XI əsrin tanınmış filoloq və leksioqrafı Mahmud Kaşğarinin adını daşıyan Beynəlxalq Fond tərəfindən Türkiyənin Tokat vilayətinin Reşadiye rayonunda açılan kitabxanaya 600 kitab hədiyyə edilib.
Fondun prezidenti, Azərbaycan Milli Məclisinin deputatı Cavanşir Feyziyevin dəstəyi, eləcə də türkiyəli yazıçı-ədəbiyyatşünas, rəssam Selvigül Şahinin vasitəçiliyi ilə hədiyyə olunan kitablar Reşadiyenin ən ucqar kəndlərindən olan Demirçilidə oxuculara təqdim edilib.
Zəfər Bayramı münasibətilə açılan, Demirçili Bələdiyyəsinin nəzdində fəaliyyət göstərəcək kitabxanaya hədiyyə edilən nəşrlər arasında Azərbaycan və ümumtürk ədəbiyyatı, mədəniyyəti, dili və tarixini əhatə edən nümunələr, eləcə də dünya ədəbiyyatı, bədii oxu materialları, riyazi biliklər və məntiqi zəkanı inkişaf etdirən kitablar yer alır.
Açılış mərasimində Demirçili Bələdiyyəsinin sədri Mustafa Şahin çıxışında kitabxananın rayonun mədəni-maarif həyatına önəmli töhfə verəcəyini bildirib. Çıxışında nəqliyyat vasitələrinin belə çətinliklə hərəkət etdiyi, yüksək dağlıq ərazidə yaşayan soydaşları üçün kitabxana qurmaq təşəbbüsünə yaxından kömək göstərənlərə və qardaş Azərbaycan ziyalılarına minnətdarlığını bildirib. Qeyd olunub ki, Mahmud Kaşğari adına Beynəlxalq Fond tərəfindən hədiyyə edilən nəşrlər arasında “Azərbaycandan Analoduya axan türkcə”, “Türkiyəni yoğuranlar”, “Türk xalqları ədəbiyyatı” kimi kitabların olması özü də “Bir millət, iki dövlət” kəlamının bariz nümunəsidir.
Onu da deyək ki, yeni açılan kitabxanada ən böyük otaqlardan biri Azərbaycana həsr edilib.
XQ