Kokand şəhərində Üçüncü Beynəlxalq Xalq Tətbiqi Sənət Festivalının və Beynəlxalq Dulusçuluq Forumunun açılışı olub

post-img

Özbəkistanın Kokand şəhərindəki qədim Xudayarxan sarayının qarşısında Üçüncü Beynəlxalq Xalq Tətbiqi Sənət Festivalının və Beynəlxalq Dulusçuluq Forumunun rəsmi açılış mərasimi olub.

Tədbirlərdə dünyanın 70 ölkəsindən 300-ə yaxın xalq tətbiqi sənətinin peşəkarları, bu sahənin ekspertləri qatılıb.

Mərasimdə hökumətin və parlamentin üzvləri, səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri iştirak edib. 

Ölkəmizin Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli, Bakıdan gələn rəssam Ağasadıq Süleymanov da qonaqlar arasında olub.  

Rəsmi açılış mərasimində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin festival iştirakçılarına müraciəti oxunub. 

Müraciətdə deyilir:-Xalq tətbiqi sənət nümunələrinin, onların inkişaf tarixinin, adət-ənənələrinin öyrənilməsi və təbliği məqsədi ilə keçirilən festival və forumda sənətkarlar, beynəlxalq təşkilatların, mədəniyyət və elm ictimaiyyətinin nümayəndələri iştirak edir və bu tədbirlərin beynəlxalq aləmdə artan nüfuzunu nümayiş etdirirlər.

Bu günlərdə TÜRKSOY-un Baş Katibliyi Kokandı “Türk dünyasının sənətkarlar şəhəri” elan edib. Biz bunu bu sahədə gördüyümüz işin beynəlxalq səviyyədə daha da tanınması kimi qiymətləndiririk.

Sonra böyük konsert proqramı keçirilib. 

 

Qulu Kəngərli 

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Kokand

 

 

 







Mədəniyyət