Aşıqların Qərbi Azərbaycan salnaməsi

post-img

Dünən Azərbaycan Dövlət Pedaqoji Universitetində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Ozan dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin hazırladığı “Aşıqlar Qərbi Azərbaycanı tərənnüm edirlər” kitabının təqdimatı olub.

Mərasimi giriş sözü ilə açan ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova yeni nəşrin Qərbi Azərbaycana qayıdış hərkatına mənəvi dəstək olaraq ərsəyə gəlməsindən söz açaraq bildirib ki, kitabda XVII əsrdə yaşamış Dərdli Nəsibdən üzübəri günümüzədək ustad aşıqların poetik yaradıcılığından seçmələr –toplanıb. Qədim türk diyarındakı yer-yurd adlarını, burada yaşamış soydaşlarımıza qarşı zaman-zaman ermənilərin törətdikləri vəhşilikləri əks etdirən şeirlər dövrün ictimai-siyasi mənzərəsinin, erməni zülmünün, bu basqılara qarşı xalqımızın mübarizəsinin poetik salnaməsini təşkil edir. Toplu Qərbi Azərbaycan aşıq mühitlərini araşdıran tədqiqatçılar, tələbələr, eləcə də aşıq sənətini sevən oxucular üçün dəyərli mənbədir.

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlı “Ozan dünyası”nın yarandığı gündən aşıq sənətinin təbliği istiqamətində gördüyü işlərdən danışıb, təqdim olunan kitabın bu istiqamətdə növbəti uğurlu addımolduöunu söyləyib. Akademik Muxtar İmanov təqdim olunan kitabın bədii-ictimai dəyərindən söz açıb, birliyə peşəkar fəaliyyətlə bağlı tövsiyələrini bildirib.

Filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı, ADPU-nun ədəbiyyat kafedrasının müdiri, dosent Razim Məmmədli, ustad aşıq Altay Məmmədli və digər çıxış edənlər yeni aşıq antologiyasının “Ozan dünyası” ictimai birliyinin Qərbi Azərbaycana qayıdış hərəkatına layiqli töhfəsi olduğunu vurğulayıblar.

Sonda”Ozan dünyası”nın sədri, Əməkdar mədəniyyət işçsi Musa Nəbioğlu layihənin həyata keçirilməsinə maliyyə dəstəyinə, kitabın nəşrinə və təqdimata görə hamıya təşəkkür edib.

Mərasim ustad aşıqlar Cahangir Quliyev, Faxfur Ağbabalı və Altay Məmmədlinin çxışları ilədavam edib.

T.RÜSTƏMLİ
XQ

Mədəniyyət