XI Bakı Beynəlxalq Kitab Sərgisi
XI Bakı Beynəlxalq Kitab Sərgisində “Bəxtiyar Vahabzadə təqdimat zonası”nda Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbaninin “Apostrof-A” nəşriyyatında işıq üzü görən, Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan “Fəxri xiyaban”, 2 dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovdan bəhs edən “Nəsillərə nümunə” kitablarının təqdimatı keçirilib.
“Apostrof-A” nəşriyyatının direktoru Akif Dənzizadə diqqətə çatdırıb ki, Abdulla Qurbani 200-dən çox kitabın, hərbi marş və vətənpərvərlik mahnılarının, opera, aratoriya, simfonik poema, librettolarının və dram əsərlərinin müəllifidir. General-mayorlar Altay Mehdiyev, Elçin Xəlilov, Vətən müharibəsi iştirakçıları polkovnik Elvin Əzizov, Rüfət Məmmədov, Elşad Əbilov və başqaları Qurbaninin əsərlərinin Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
***
Sərgidə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin məşhur “Sirlər Xəzinəsi” və “İskəndərnamə” poemalarının türk dilinə tərcüməsinin yer aldığı kitabın da təqdimatı olub.
“Xəmsə”nin türk dilinə tərcüməsini Azərbaycanın Türkiyədəki səfirliyində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşı, Ərzurumdakı Atatürk Universitetinin professoru Nimet Yıldırım həyata keçirib.
Mərasimdə Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Mahirə Hüseynova çıxış ediblər. Filologiya üzrə fəlsəfə doktoru, AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru Əlimuxtar Muxtarov dahi şairin əsərlərindən parçalar təqdim edib, şeirlərini səsləndirib.
***
Sərgi çərçivəsində keçirilən Xalq yazıçıları İlyas Əfəndiyev və Elçin Əfəndiyevin xatirəsinə həsr olunmuş “Əfəndiyevlərin unudulmaz irsi” adlı mərasimdə iki görkəmli qələm ustasının zəngin ədəbi irsini əks etdirən “Elçin və kino”, “İlyas Əfəndiyev: Geriyə baxarkən”, “Elçin. Biblioqrafiya” kitabları təqdim edilib.
Nəşrin ideya müəllifi Milli Məclisin deputatı, Mədəniyyət Komitəsinin sədr müavini Günay Əfəndiyeva, kitabın elmi məsləhətçiləri isə Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov və “Şərq-Qərb” nəşriyyatının baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlıdır.
Təqdimatda AMEA prezidenti, akademik İsa Həbibbəyli İlyas və Elçin Əfəndiyevlərin Azərbaycan ədəbiyyatı tarixində xüsusi yerə malik olduqlarını, milli dramaturgiya və nəsrin inkişafına mühüm töhfələr verdiklərini vurğulayıb. Milli Məclisin deputatı Günay Əfəndiyeva Əfəndiyevlər ailəsinin ədəbi irsinin qorunub saxlanılması və təbliğini dəstəkləyən hər kəsə səmimi təşəkkürünü bildirib.
***
Beynəlxalq sərgidə “Masal, masal Türkiyə, Türk dünyası – Azərbaycan” layihəsinin də təqdimatı keçirilib.
Layihə Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi ilə Atatürk Türk Mədəniyyət Mərkəzinin birgə əməkdaşlığı ilə ərsəyə gəlib. Bu əməkdaşlıq çərçivəsində “Masal, masal Türkiyə” mobil proqramına türk nağıllarına həsr olunmuş “Türk Dünyası – Azərbaycan” adlı yeni bölmə əlavə edilib.
Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov qeyd edib ki, layihənin məqsədi Azərbaycan şifahi xalq yaradıcılığı və folklor nümunələrinin təbliği, eləcə də müasir texnologiyalardan istifadə etməklə bu irsin daha geniş uşaq auditoriyasına çatdırılmasıdır. Atatürk Türk Mədəniyyət Mərkəzinin direktoru Zeki Özsöz bildirib ki, əməkdaşlıq çərçivəsində Azərbaycan tərəfi ilə birlikdə nağıllar seçib, onların mətnləri, illüstrasiyaları və audioversiyalarını hazırlayan xüsusi komissiya yaradılıb.
Hazırladı:
F.ƏLİYEVA
XQ