Türkiyədə “Suverenliyimizə qovuşduran şanlı Zəfər” adlı sərgi keçiriləcək

post-img

Türkiyədə yaşayan azərbaycanlı rəssamların əsərlərindən ibarət “Suverenliyimizə qovuşduran şanlı Zəfər” adlı sərgi keçiriləcək. Tədbir ölkəmizdə elan olunmuş "Konstitusiya və Suverenlik İli", habelə 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin 5 illiyi münasibətilə Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin Ankara Rəsm və Heykəllər Muzeyi ilə birgə layihəsi əsasında reallaşacaq.

AZƏRTAC xəbər verir ki, sərginin Təşkilat Komitəsi nümayiş etdiriləcək əsərlərin seçilməsini həyata keçirəcək. Sərgiyə təqdim olunacaq dəyərli əsərlərin Azərbaycan və Türkiyənin muzeylərinə daimi eksponat kimi göndərilməsi nəzərdə tutulub.

Sərginin Türkiyənin Ankara və İstanbul şəhərlərində il ərzində keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Türkiyədə çox sayda azərbaycanlı sənət adamları və rəssamları yaşayır, aparıcı universitetlərdə, sənət mərkəzlərində fəaliyyət göstərirlər. Onların əsərləri beynəlxalq və yerli sərgilərdə nümayiş etdirilir, bir sıra rəsm qalereyalarının fondlarında saxlanılır.

Türkiyədə yaşayan azərbaycanlı rəssamların sərgisi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Azərbaycan nişanələri dünyada” adlı layihəsinə əsasən Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən keçirilir.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara 

Mədəniyyət