Türk xalqlarının elmi-mədəni birliyinin təməl məclisi

post-img

Birinci Türkoloji Qurultay – 100

1926-cı ilin 26 fevral – 6 mart tarixlərində Bakı şəhərində keçirilən Birinci Türkoloji Qurultay XX əsrdə türk xalqlarının elmi, mədəni və ictimai həyatında dönüş nöqtəsi kimi tarixə düşmüş mühüm hadisədir. Qurultay Sovet İttifaqında və dünyada yaşayan müxtəlif türk xalqlarının — azərbaycanlıların, tatarların, başqırdların, qazaxların, türkmənlərin, özbəklərin, qaqauzların, Krım türklərinin və başqalarının təmsilçilərini ilk dəfə bir araya gətirmişdi.

Məqsəd dil, əlifba, ədəbiyyat, etnoqrafiya və mədəniyyət sahəsindəki ümumi istiqamətləri müəyyənləşdirmək, ortaq elmi-metodik prinsiplər formalaşdırmaq idi. Qurultayda iştirak edən 131 nümayəndə arasında dövrün tanınmış alimləri, dilçiləri, tarixçiləri, yazıçı və publisistləri yer almışdı. İclaslara Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri Səmədağa Ağamalıoğlu sədrlik etmişdi. Rəyasət Heyətinə həm yerli, həm də xarici elm və siyasət nümayəndələri – Vasili Bartold, Bəkir Çobanzadə, Aleksandr Samoyloviç, Əhməd Baytursunov, Qəlimcan İbrahimov, Osman Nuri Akçökraklı, Mehmed Fuad Köprülü, Ruhulla Axundov və başqaları daxil idi. Qurultayın fəxri rəyasət heyətinə isə Əli bəy Hüseynzadə, Nikolay Marr, Anatoli Lunaçarski və Vilhelm Tomsen kimi görkəmli alimlər seçilmişdilər.

Ən mühüm müzakirələrdən biri latın qrafikalı yeni türk əlifbasına keçid məsələsinə həsr edilmişdi. Qurultay bu sahədə elmi-metodik prinsipləri işləyib hazırladı. Qəbul edilən qərar əsasında 1929-cu ildən ərəb əlifbası SSRİ-dəki türk xalqları üçün latın əsaslı yeni yazı sistemi ilə əvəz olundu. Bu qərar türk xalqları arasında mədəni inteqrasiyanın və savadlanmanın artmasına səbəb oldu. Lakin 1939-cu ildə Sovet rəhbərliyi türk xalqları arasında milli yaxınlaşma siyasətindən imtina edərək latın əlifbasını kiril qrafikası ilə əvəz etdi. Bu isə türk xalqları arasında dil və mədəni əlaqələrin zəifləməsinə gətirib çıxardı. Sonda qəbul edilən qərara əsasən, 1927-ci ildə Səmərqənddə II Türkoloji Qurultayın keçirilməsi planlaşdırılsa da, siyasi şəraitin dəyişməsi və mərkəzi sovet ideologiyasının sərtləşməsi nəticəsində bu niyyət baş tutmadı. Qurultayın çoxsaylı iştirakçılarının sonrakı taleyi isə faciəvi oldu. 1930-cu illərin repressiyaları zamanı onların əksəriyyəti “pantürkizm” və “millətçilik” ittihamı ilə həbs edildi, bir çoxu güllələndi, bəziləri isə Sibir sürgünlərində həyatını itirdi. Bəkir Çobanzadə, Qəlimcan İbrahimov, Osman Nuri Akçökraklı, Ruhulla Axundov kimi tanınmış şəxsiyyətlər bu repressiya dalğasının qurbanı oldular.

Birinci Türkoloji Qurultay yalnız elmi məclis deyil, həm də türk xalqlarının ortaq kimliyini və mənəvi birliyini təsdiqləyən hadisə idi. O, türk dünyasının ortaq mədəni istiqamətini müəyyənləşdirdi. Milli oyanış və modernləşmə proseslərinə güclü təkan verdi. Gələn il qurultayın 100 illiyi qeyd olunacaq. Bu yubiley təkcə elmi hadisənin deyil, həm də xalq yaddaşında iz qoymuş, milli birlik ideyasına xidmət etmiş bir mənəvi hərəkatın xatırlanması baxımından mühüm əhəmiyyət daşıyır.

Qurultayın 100-dən artıq iştirakçısının həyatı, elmi fəaliyyəti və faciəli taleyi türk xalqlarının mübarizə və elm tarixinin unudulmaz səhifələrindəndir. Qurultayın 100 illiyi ərəfəsində zəkalı və fədakar nəsli anmaq yalnız tarixi borc deyil, həm də milli yaddaşın bərpasıdır. Türkçülük tarixini düşünərkən unutmamalıyıq ki, o ideyalar qələmlə yazıldı, amma can bahasına qorundu. Onların hər biri yalnız bir xalqın deyil, bütün türk dünyasının ortaq taleyinin daşıyıcıları idilər. Onların hər birinin həyatı, fəaliyyəti və faciəli sonu türk mədəniyyətinin, elminin və düşüncəsinin güllələnmiş və qurban verilmiş səhifələridir.

Qəzetimizdə qarşıdakı dövrdə təqdim edəcəyimiz silsilə yazılarla yalnız tarix danışmayacaq, həm də səsi susdurulmuş alimlərin, qələmi sındırılmış ideya adamlarının ruhunu sevindirəcəyik. Bu gün türkçülüyün səssiz qəhrəmanlarını xatırlamaq, adlarını yad etmək, həm də türk dünyasının elmi və mənəvi varisliyinə sahib çıxmaq, ortaq yaddaşımızı yaşatmaq deməkdir.

Namiq QƏDİMOĞLU,
filologiya üzrə fəlsəfə doktoru,
Əməkdar jurnalist

Mədəniyyət