Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) birgə təşkilatçılığı, Heydər Əliyev Fondunun tərəfdaşlığı ilə dekabrın 5-11-də paytaxtımızda “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” keçirilir.
Bu münasibətlə 50-dək ölkədən 300-dən artıq rəsmi nümayəndə, elm, mədəniyyət və yaradıcı sənaye ekspertləri ölkəmizə təşrif buyurub.
Dekabrın 8-də festivalın rəsmi açılış mərasimindən əvvəl Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, İƏT baş katibinin humanitar, mədəni, sosial və ailə işləri üzrə köməkçisi, qurumun Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tariq Ali Bakhit, Pakistan İslam Respublikasının federal milli irs və mədəniyyət naziri Aurangzeb Xan Xiçi, Misir Ərəb Respublikasının mədəniyyət naziri Ahmed Fuad Hanno, Liviya Dövlətinin mədəniyyət və koqnitiv inkişaf naziri Mabroukah Osman Toghi, Fələstin Dövlətinin mədəniyyət naziri İmadəddin Abdullah Salim Hamdan, Türkiyə mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslan və digər rəsmi şəxslər Fəxri xiyabanda Azərbaycan xalqının Ümummilli lideri, mədəniyyətimizin böyük himayədarı, dünyaşöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin məzarını ziyarət ediblər.
Məzarı önünə çiçək dəstələri düzülüb, Ulu öndərin əziz xatirəsi ehtiramla yad olunub.
Dekabrın 8-də Bakı Konqres Mərkəzində festivalın rəsmi açılış mərasimi olub. Mərasimdə bir sıra ölkələrdən mədəniyyət nazirləri, beynəlxalq təşkilatlardan rəsmi şəxslər, Azərbaycandakı diplomatik korpusun nümayəndələri, millət vəkilləri, tanınmış mədəniyyət xadimləri və yaradıcı sənayenin təmsilçiləri iştirak ediblər.
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli çıxış edərək festival iştirakçılarını salamlayıb, tədbirin ölkəmizin mədəni həyatı üçün əlamətdar hadisə olduğunu bildirib. Prezident İlham Əliyevin İslam dünyası ilə əlaqələrə böyük əhəmiyyət verdiyini deyən nazir Azərbaycan–İƏT əməkdaşlığının ildən-ilə inkişaf etdiyini vurğulayıb.
Qeyd olunub ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə və dünyada İslam irsinin qorunması, bərpası və təbliğinə böyük diqqət göstərilir. Fondun dəstəyi ilə İslam abidələri təmir-bərpa olunur, yeni ibadət ocaqları inşa edilir. Eyni zamanda, ölkəmizdə İslam irsinin təbliğinə xidmət edən müxtəlif sənət layihələri həyata keçirilir.
İslam Əməkdaşlıq Təşkilatı baş katibinin humanitar, mədəni, sosial və ailə işləri üzrə köməkçisi, qurumun Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tariq Ali Bakhit, Pakistan İslam Respublikasının federal milli irs və mədəniyyət naziri Aurangzeb Xan Xiçi, Misir Ərəb Respublikasının mədəniyyət naziri Ahmed Fuad Hanno, Liviya Dövlətinin mədəniyyət və koqnitiv inkişaf naziri Mabroukah Osman Toghi, Fələstin Dövlətinin mədəniyyət naziri İmadəddin Abdullah Salim Hamdan və Türkiyə mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslan çıxış edərək festivalın yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkürlərini bildiriblər.
Sonra videoinstalyasiya və bədii proqram təqdim edilib. Milli musiqi nömrələrinin yer aldığı proqram maraqla qarşılanıb.
Qonaqlar Bakı Konqres Mərkəzində təşkil olunan Yaradıcı Kənd (Creative Village), Mədəniyyət və Yaradıcı Sənayelər (MYEXPO), İslam xəttatlıq sənəti, Omarket (Orient Film Market) və İ2C startap sərgiləri ilə tanış olublar.
***
Dekabrın 8-də “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” çərçivəsində "Rəqəmsal dövrdə İslam ölkələrinin mədəniyyəti" mövzusunda panel sessiya keçirilib.
Mədəniyyət Nazirliyinin Xarici ölkələrlə əməkdaşlıq şöbəsinin müdiri Aydan Nurəlizadənin moderatorluğu ilə keçən sessiyada İslam Əməkdaşlıq Təşkilatının Mədəniyyət İşləri Departamentinin direktoru Lhoucine Rhazoui bildirilib ki, ölkələr rəqəmsal savadlılığı öz planlarında tətbiq etməlidirlər. Çünki müsəlman dünyasının hər bir fərdinin zəngin mədəni irsi qorumaq kimi məsuliyyəti var. Mədəniyyət festivalı simvolik xarakter daşıyır. Burada həmfikir insanların şəbəkəsi formalaşır. Məqsədimiz İslam ölkələrinin hədəf və məqsədlərini bir araya gətirməkdir.
İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (IRCICA) baş direktoru Mahmud Erol Kılıç festivalın təşkilinə görə Azərbaycan Hökumətini təbrik edib. O müsəlman ölkələrinin öz zəngin mədəni tarixi haqqında məlumatlı olmasının vacibliyini qeyd edib. Texnologiyaların mədəni sahədə tətbiqindən bəhs edən M.E.Kılıç deyib ki, texnologiya heç zaman mədəniyyət və insandan üstün olmamalı, lakin alət kimi istifadə edilməlidir.
İƏT-in İnformasiya və Mədəniyyət Məsələləri Daimi Komitəsinin Əlaqələndirmə Bürosunun direktoru Ameth Diallo tədbirin təşkilatçılığına görə Azərbaycan Hökumətinə və Mədəniyyət Nazirliyinə minnətdarlığını ifadə edib. O, Azərbaycan gəncliyinin böyük optimizm nümayiş etdirdiyini vurğulayıb.
ABŞ-ın Mədəniyyət və Təhsil İnstitutunun (CCEI) baş icraçı direktoru və İdarə Heyətinin sədri Vasif Eyvazzadə qeyd edib ki, sivilizasiyalar və xalqlar öz irslərini, sadəcə, qorumaqla deyil, həm də onu gələcək nəsillərə çatdırmaqla formalaşır.
BƏƏ-də "Mistika" şirkətinin icraçı yaradıcı direktoru və həmtəsisçisi Cimi Elqohari texnologiyanın İslam irsinin gözəlliyini görməyə imkan verdiyini deyib. O, rəqəmsal nəqletmə metodunun İslam mədəniyyətinə verdiyi töhfələrdən bəhs edib.
Panel sual-cavab və müzakirələrlə davam edib.
XQ

