Mingəçevirdə beynəlxalq elmi konfrans

post-img

Mingəçevir Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Türkiyənin Gazi Universiteti və “HBN Group”un birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində ölkəmizdə “Davamlı İnkişaf Strategiyası: Qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda III Beynəlxalq Konfrans keçirilib.

Mingəçevirin Heydər Əliyev Mərkəzində təlkil edilən açılış mərasimində şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov iştirakçıları salamlayaraq konfransın şəhərin həyatında önəmli siyasi-elmi hadisə olduğunu vurğulayıb. Müstəqil Azərbaycanın 35 illik inkişaf yolu, son 22 ildə ulu öndər Heydər Əliyevin siyasi xəttini Prezident İlham Əliyevin uğurla davam etdirməsi ölkəmizi regionun aparıcı dövlətinə çevirib. Azərbaycanın siyasi və iqtisadi sabitliyi, qlobal layihələrdə lider mövqeyi isə dayanıqlı inkişaf strategiyasının uğurla həyata keçirilməsinin bariz göstəricisidir.

MDU-nun rektoru Anar Eminov bildirib ki, elmi məclisə dünyanın 19 ölkəsinın və Azərbaycanın 53 ali təhsil və elm mərkəzindən 600-dən artıq məqalə və tezis daxil olub. Davamlı inkişaf konsepsiyası həm milli inkişaf strategiyalarının, həm də ali təhsilin gələcək hədəflərinin müəyyənləşdirilməsində əsas amillərdən olduğuna görə müzakirələrdə qlobal çağırışları cavablandıran yeni bilik və innovativ yanaşmalara xüsusi önəm veriləcək.

Konfransda AzTU-nun rektoru Vilayət Vəliyev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Polşanın Vistula Universitetinin rektoru Vavrzyniec Konarski, Azərbaycan Kibertəhlükəsizlik Assosiasiyası İdarə Heyətinin sədri Pənah Musayev, Polşanın Vistula Universitetinin və Cənubi Koreyanın Koreya Universitetinin professoru Şəhriyar Muxtarov, professorlar İftixar Hasan və Rodolfo Nayga (ABŞ), Dragan Pamucar (Serbiya), Hasan Dinçər (Türkiyə) movzu ilə bağlı mülahizələrini söyləyiblər.

Konfrans elmi sessiyalarla davam edib. Bağlanış mərasimi Azərbaycan Texniki Universitetində keçirilib.

İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri



Sosial həyat