Qədir Rüstəmov – 90
Milli musiqi tariximizə çoxsaylı töhfələr vermiş Ağdam növbəti dəfə səsin sehrinə yığışanlara ev sahibliyi etdi. Rayonun Quzanlı qəsəbəsində yerləşən Muğam Mərkəzində millət vəkillərinin, ziyalıların və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə görkəmli xanəndə, Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi münasibətilə yubiley mərasimi keçirildi.
Ağdam Rayon İcra Hakimiyyətinin (RİH) təşkilatçılığı, Qarabağ Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə təşkil edilən məclisdə əvvəlcə Qədir Rüstəmovun həyat və yaradıcılığından bəhs edən filmin nümayişi oldu.
Ağdam RİH-in başçısı Vaqif Həsənov, Milli Məclisin deputatları Aqil Abbas, Bəxtiyar Əliyev, Mətbuat Şurasının sədri Rəşad Məcid, şair Vaqif Bəhmənli və başqaları musiqi mədəniyyətimizin inkişafında Qarabağ muğam məktəbinin nümayəndələrinin rolundan, Qədir Rüstəmovun həyatından, bənzərsiz ifaçılıq məharətindən bəhs ediblər. Görkəmli sənətkarın muğamlarımızın təbliği, tanıdılması və inkişafı naminə fədakar əməyi, istedadı, məlahətli səsi və özünəməxsus ifa tərzi sayəsində xalqın sevgisini qazanması, ulu öndər Heydər Əliyevin onun ifaçılığını yüksək dəyərləndirməsi xatırlandı.
Qeyd edildi ki, unudulmuş xalq mahnılarımızdan bir çoxu məhz Qədir Rüstəmovun ifası ilə yenidən həyat qazanıb. Onun son dərəcə məharətlə oxuduğu “Sona bülbüllər”, “Apardı sellər Saranı”, “Laçın”, “Ay dili-dili”, “Sarı gəlin” və neçə-neçə digər mahnılar hər kəsin qəlbində kövrək duyğular və səmimi hisslər oyadıb. Qədir Rüstəmovun ifasında “Rast”, “Çahargah” kimi bir sıra muğam dəsgahları lentə alınaraq radionun qızıl fondunda saxlanılır. Görkəmli xanəndənin milli musiqi mədəniyyəti sahəsində nailiyyətləri daim dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, o, Azərbaycan Respublikasının ali mükafatı olan “Şöhrət” ordeni ilə təltif edilib.
Bildirildi ki, Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Qədir Rüstəmovun bütün varlığı ilə bağlı olduğu Ağdam da digər torpaqlarımız kimi, azadlığına qovuşub, indi yenidən qurulur, dirçəlir, inkişaf edir.
Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının müşayiəti ilə tanınmış muğam ifaçılarının təqdimatında mərhum xanəndənin repertuarına aid xalq və bəstəkar mahnılarından ibarət musiqi nömrələri mərasimə xoş ovqat gətirdi.
Sonda sənətkarın oğlu Mehdi Rüstəmov tədbirin təşkilatçılarına və bütün iştirakçılara minnətdarlığını bildirdi.
Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri


