“Qardaşlığımız əbədidir”. Rəsm sərgisi

post-img

YAP Yasamal rayon təşkilatı, Şimali Kipr Türk Cumhuriyyətinin Bakıdakı nümayəndəliyi, Azərbaycan Rəssamlar İttifaqı və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə “Qardaşlığımız əbədidir” adlı rəsm sərgisi təşkil olunub. Sərgidə 200 nəfərdən çox müxtəlif yaş qrupuna daxil olan rəssamların bir-birindən zəngin əsərləri təqdim olunub. Sərginin keçirilməsində məqsəd ölkələrarası mədəni əlaqələrin inkişafına dəstək verməkdir.

Azərbaycan Rəssamlar İttifaqında keçirilən tədbirdə YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, Şimali Kipr Türk Cumhuriyyətinin Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev, Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova, layihə rəhbəri Aygün Əzizova, YAP Yasamal rayon təşkilatının, Azərbaycan Rəssamlar İttifaqının, Beynəlxalq Qalereyanın əməkdaşları və müxtəlif yaş qruplarından olan rəssamlar və rayon ictimaiyyəti iştirak ediblər.

Tədbirdə çıxış edən KKTC-nin Azərbaycandakı nümayəndəsi Ufuk Turqaner iki qardaş ölkə arasındakı əlaqələr barədə məlumat verib. Diqqətə çatdırıb ki, Kuzey Kıbrısla Azərbaycan arasında çox güclü bir könül bağı mövcuddur: “Bu bağ kökləri qədim tarixə dayanan, dərin və sarsılmaz bir qardaşlıqdır. Biz bu qardaşlığı daha da möhkəmləndirmək, bu əlaqələri daha güclü etmək üçün kiçik, lakin mənalı bir addım atmaq istədik. Bu gün sərgidə nümayiş olunan əsərlər həqiqətən çox dəyərlidir. Həm peşəkar, həm də həvəskar azərbaycanlı rəssamlar ölkələrimizin təbiətini, mədəniyyətini və sivilizasiyasını əks etdirən əsərlərlə iştirak ediblər”.

Milli Məclisin deputatı, Azərbaycan – KKTC Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Cavanşir Feyziyev qeyd edib ki, digər mədəniyyət xadimləri kimi, rəssamlar da KKTC-yə xüsusi diqqət göstərir, zaman-zaman bu ölkəyə səfər edərək orada əsərlər yaradırlar: “Bu əsərlər Azərbaycan rəssamlarının Şimali Kipr haqqında təsəvvürlərinin bədii əksidir. Layihə ölkələrimiz arasında mədəni əlaqələrin güclənməsinə töhfə verməklə yanaşı, Kuzey Kıbrısın turizm potensialının tanıdılması baxımından da əhəmiyyət daşıyır. Növbəti mərhələdə sərginin Kuzey Kıbrısda keçirilməsi nəzərdə tutulur”.

YAP Yasamal Rayon Təşkilatının sədr müavini Elnarə Mustafayeva vurğulayıb ki, qardaşlıq bağları mənəvi dəyərlərin yüksək səviyyədə təzahürüdür. Onun sözlərinə görə, bu cür sərgilər ölkələrarası əlaqələri möhkəmləndirir və Azərbaycan ilə KKTC arasında münasibətlərin inkişafına töhfə verir.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov və digər çıxışçılar da sərgi barədə fikirlərini bölüşüblər.

Sonda iştirakçılara diplomlar təqdim edilib, xatirə fotoları çəkdirilib.

Şimali Kipr Türk Cumhuriyyətinin Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer XQ-yə sərgi ilə bağlı təəsuratlarını danışdı: - Bugünki sərgini çox bəyəndim. Burada sərgilənən rəsmlər hər iki ölkənin mədəniyyəti, tarixi, təbiəti və bütün təbii gözəllikləri özündə əks etdirir. Bu da ölkələrimiz arasındakı mədəni əlaqələrin və münasibətlərin uğurlu inkişafının əsas göstəricisidir. Xüsusilə, azyaşlı uşaqların sərgidə iştirak etməsi bizi çox xoşbəxt etdi. Onların çəkdikləri bu heyrətamiz əsərlər bir daha onu sübut edir ki, bu uşaqların işıqlı gələcəyi var. Sərgidə iştirak edən hər kəsə təşəkkür edirik. 

Qeyd edək ki, müxtəlif yaş qruplarını təmsil edən rəssamların əsərlərində Şimali Kipr Türk Cümhuriyyəti və Azərbaycanın zəngin təbiəti, milli ruhu, estetik dünyagörüşü və ortaq dəyərləri böyük peşəkarlıq və incə zövqlə əks olunmuşdur. Bu sənət nümunələri xalqların bir-birinə olan dərin mənəvi yaxınlığını, eyni kökdən qaynaqlanan mədəni yaddaşını və ortaq gələcəyə olan sarsılmaz inamını aydın şəkildə nümayiş etdirir. Belə sərgilər mədəniyyətin və incəsənətin xalqları birləşdirən gücünü bir daha təsdiqləməklə yanaşı, ölkələrarası münasibətlərin möhkəmlənməsinə, xüsusilə də gənc nəslin milli-mənəvi dəyərlər ruhunda formalaşmasına mühüm töhfə verir. Eyni zamanda, incəsənət və mədəni əlaqələr vasitəsilə dostluq, həmrəylik və qarşılıqlı hörmət ideyaları daha geniş auditoriyaya çatdırılır, xalqlar arasında mənəvi körpülər qurulur. Sərginin ən əsas özəlliyi isə gənc rəssamlar arasında autizm və daun sindromlu uşaqların yer alması olub. Bu uşaqlar arasında istedadların ortaya çıxarılaraq cəmiyyətə qazandırılması sərginin əhəmiyyətini artıran ən böyük dəyərdir və buna görə təşkilatşıların əməyi yüksək qiymətləndirilməlidir.

Fidan Salmanova
XQ













Mədəniyyət