Azərbaycanda ilk dəfə olaraq XIX əsrin sonu – XX əsrin əvvəlinin böyük bəstəkarı – yaradıcısı olduğu peşəkar Litva musiqisini təsviri sənətlə bir vəhdətdə təqdim etmiş simvolist rəssam Mikaloyus Konstantinas Çürlyonisə aid caz improvizələri səsləndirildi.
Musiqisevərləri Bakı Beynəlxalq Muğam Mərkəzinə toplamış “M.K.Çürlyonis Cazda - Günəşin prelüdü” adlı konsert Litva dövlətinin bərpasının 108-ci ildönümünə həsr olunmuşdu. Gecənin təşkilatçıları Litva Respublikasının ölkəmizdəki Səfirliyi və Beynəlxalq Muğam Mərkəzi idi.
Tədbirdə çıxış edən Litvanın Azərbaycandakı səfiri Kęstutis Vaşkeleviçius Litva dövlətçiliyinin 1918-ci ildə xalqın iradəsi və istiqlal uğrunda aparılan qəhrəmanlıq mübarizələri nəticəsində bərpa edildiyini vurğulayıb. O qeyd edib ki, həm Litva, həm də Azərbaycan 1918-ci ildə müasir dövlətçilik yoluna qədəm qoymuş və hər iki xalqın əzmkarlığı sayəsində bu proses uğurla nəticələnmişdir. Sonra Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev çıxış edərək Azərbaycan-Litva münasibətlərindəki uğurlardan danışıb və Litva xalqını təbrik edib.
Tədbirdə M.K.Çürlyonisın keşməkeşli və zəngin həyatı həm musiqi, həm də rəsm əsərlərində öz parlaq ifadəsini tapmışdır. Onun bədii təxəyyülünün məhsulları bənzərsiz Baltik mədəniyyətinin simvolik kodlarını açan kosmizm, simvolizm və mifologiyanın fəlsəfi motivləri ilə süslənərək, özəl bədii ifadə yaradır. Litvanın gözəl təbiəti, qalın dumanlı meşələri, geniş dəniz sahilləri və orada günəşin bənzərsiz qürub mənzərələri bir tam halında göz-könül oxşayır.
Taleyinə qısa, lakin mənalı ömür düşmüş rəssam-bəstəkar “Baharın sonatası”, “Dənizin sonatası”, “Ulduzların sonatası” və sair kimi 300-ə yaxın rəsmin, bir çox musiqi əsərlərinin, o cümlədən “Meşədə” və “Dəniz” simfonik poemalarının müəllifidir. Rəsm əsərlərini musiqi terminləri ilə adlandırması, musiqi ritmlərini və quruluşunu rəsmin kompozisiya həllinə keçirməsi musiqi donlu təsviri incəsənət təqdimatı kimi diqqət çəkir.
Konsert proqramını auditoriya üçün Azərbaycanın məşhur cazmen bəstəkarı Salman Qəmbərovun və məşhur “Bakustic Jazz” qrupu səsləndirib. Salman Qəmbərov çərçivələrə sığmayan yaradıcı şəxsiyyətdir. Onun musiqisi və improvizələri ümumbəşəri humanizmi, universal-bədii harmoniyanı ehtiva edən dərin fəlsəfi formullara əsaslanır. Məhz bu səbəbdən ərsəyə gətirdiyi musiqilər hər zaman dinləyicilərin ürəyinə yol tapır və nə olursa olsun, kainatın mükəmməlliyinə ümid aşılayır.
Uğurla keçən konsert hər kəsə xoş və unudulmaz təəssürat bağışladı.
Əli NƏCƏFXANLI
XQ


