Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 113 Bakı şəhəri, 17 aprel 2025-ci il

“Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 15 yanvar tarixli 5 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 15 yanvar tarixli 5 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 1, maddə 66 (Cild I); 2024, № 1, maddələr 96, 110) ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası” yeni redaksiyada verilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi:

2.1. Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının (bundan sonra Məlumat bankı) formalaşdırılmasını doqquz ay müddətinədək təmin etsin;

2.2. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Məlumat bankının “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə daxil edilməsini, həmçinin fərdi məlumatların informasiya ehtiyatlarının və sistemlərinin dövlət reyestrində qeydiyyata alınmasını təmin etsin.

3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi:

3.1. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyasına uyğun olaraq, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə Məlumat bankının, o cümlədən Məlumat bankında toplanılan məlumatların (sənədlərin) ehtiyat nüsxələrinin “Hökumət buludu”nda yerləşdirilməsini təmin etsin;

3.2. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq, Məlumat bankının aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etsin.

4. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti:

4.1. Məlumat bankını mühafizə olunan telekommunikasiya kanalları ilə təmin etsin;

4.2. Məlumat bankının təhlükəsizlik meyarları üzrə monitorinqini və ildə bir dəfədən az olmayaraq təhlükəsizlik üzrə auditini həyata keçirsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları