Dövlət təkcə konstitusiyası və hökumətinin olması ilə deyil, həm də özünün sərhədlərini və maraqlarını qorumaq qabiliyyəti ilə müəyyən edilir. Nizami ordu bu funksiyanı institusional formada yerinə yetirən bir qurumdur. O, suverenliyin təməl institutlarından biri, müstəqillik rəmzi, ərazi bütövlüyünün və daxili sabitliyin təminatçısıdır.
İstər qədim, istərsə də müasir dövlətlərin tarixi birmənalı şəkildə sübut edir ki, güclü və nizam-intizamlı ordu olmadan sabit, təminatlı və tanınan dövlətçilik qurmaq mümkün deyil. Azərbaycan müstəqilliyini bərpa etdikdən dərhal sonra, nizami ordusu, formalaşdırılmış Silahlı Qüvvələrə malik olmadığından, hərbi funksiyalar şəxsi silahlı qruplar və dəstələr tərəfindən mənimsənildi ki, bu da hakimiyyətin fəaliyyətini məhdudlaşdırdı, dövlətçiliyi iflasa sürüklədi, Ermənistan tərəfindən ərazilərin işğalına və ölkəni vətəndaş müharibəsi həddinə gətirib çıxardı.
1991-ci ildə müstəqillik haqqında bəyannamə qəbul edildikdən sonra Azərbaycan keçmiş sovet hərbi dairələri və yerli özünümüdafiə birləşmələri əsasında milli ordu formalaşdırmağa başladı. 1991-ci il oktyabrın 9-da Azərbaycan Müdafiə Nazirliyinin və Silahlı Qüvvələrinin yaradılması haqqında qərar qəbul edildi və quruma nizami bölmələr cəlb olunmağa başladı. Lakin Qarabağda Ermənistan Silahlı Birləşmələri ilə döyüşlər bu birləşmələrin son dərəcə aşağı effektivliyini nümayiş etdirdi.
Doğrudur, ölkə texnika və silahların bir hissəsini sovet ordusundan miras alaraq silahlı qüvvələrini formalaşdırmağa başlamışdı. Amma gənc ölkənin yeni yaradılmış ordusunda aydın komanda strukturunun olmaması, peşəkar zabitlərin çatışmazlığı, zəif maddi-texniki baza Azərbaycanı ciddi problemlər qarşısında qoyurdu.
Belə bir vaxtda Azərbaycan dərin hakimiyyət böhranı ilə üzləşdi. Ordu, nəinki nizami qurum kimi mövcud deyildi, praktiki olaraq yox idi. Könüllü dəstələr və zəif idarə olunan silahlı birləşmələr nizami qoşunları əvəz edirdi. Ermənistanın Qarabağ istiqamətində təcavüzü getdikcə genişlənirdi. Bu da ondan irəli gəlirdi ki, ölkədə rəsmi elan olunmuş Milli Ordu ordu idarəçiliyinin mərkəzləşdirilmiş sistemi yox idi. Belə siyasi xaos şəraitində ordunun yaradılması qeyri-mümkün olduğundan Azərbaycan cəhbədə bir-birinin ardınca məğlubiyyətlərlə üzləşirdi.
Xaosdan nizama və mükəmməlliyə
Azərbaycan tarixində müasir, nizami və yüksək döyüş qabiliyyətinə malik ordunun formalaşdırılmasında ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı müstəsna rol oynadı. Hələ SSRİ hakimi mütləq olduğu dövrlərdə Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə dərin zəkası və siyasi intuisiyası ilə tarixin müəyyən bir dönəmində milli zabit kadrlarına böyük ehtiyac olacağını dərk etdiyindən, Moskvanın kəskin etirazlarına baxmayaraq Bakıda C.Naxçıvanski adına hərbi təmayüllü məktəbin açılmasına, hər il SSRİ-nin müxtəlif Ali Hərbi məktəblərində təhsil almaq üçün azərbaycanlı gəncləri yerləşdirməyə nail olmuşdu.
1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə hərbi sahədə köklü transformasiya başlandı. 1994-cü ildə Qarabağda atəşkəsin imzalanması isə ordunun sistemli şəkildə yenidən qurulmasına geniş imkan açdı. Hələ Naxçıvan Ali Məclisinin sədri olduğu dönəmdə Heydər Əliyev bu ərazidə yerləşən SSRİ Silahlı Qüvvələrinə məxsus əmlakı bir atəş açmadan belə Azərbaycanın mülkiyyəti etməyi bacardı.
Azərbaycan Prezidenti seçildikdən sonra isə ümummilli liderin ilk addımlarından biri nəzarətsiz silahlı birləşmələrin ləğvi, Sovet məktəbini bitirmiş keçmiş etibarlı milli zabitləri cəlb etməklə Milli Orduda şaquli hərbi komandanlığın bərpası oldu. Müdafiə Nazirliyinin institusional əsasda formalaşdırılmasına başlandı. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun qəbul edildi və ordunun hüquqi əsası qoyuldu. Silahlı qüvvələrin nizam-intizamını və strukturunu tənzimləyən nizamnamələr təsdiq edildi. Ləngimədən ölkənin və Türkiyə öndə olmaqla xaricdəki hərbi təhsil müəssisələrində milli kadr hazırlığına başlanıldı.
Ali Baş Komandan Heydər Əliyev başa düşürdü ki, ordusuz dövlət yoxdur və ola bilməz. O, təkcə Ordunun silahlarının təkmilləşdirilməsinə və instutisional quruluşa deyil, həm də ordu mühitində vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirirdi. Ordunun bütün xalqın təfəkküründə dövlətçilik rəmzi anlayışına çevrilməsi, orduda milli rəmzlər və mərasimlər, ideoloji təlim elementləri, intizamlı, savadlı, Vətənə bağlı “yeni tipli zabit” hazırlığı Heydər Əliyevin ordu quruculuğu siyasətinin əsas elementləri sırasında idi. O, hərbçilərin təltif edilməsində şəxsən iştirak edir, ön cəbhədəki bölmələrdə olur, döyüşçülər üçün böyük mənəvi əhəmiyyət kəsb edən nitqləri ilə təkcə dövlət başçısı deyil, həm də əsl Ali Baş Komandan olaraq Silahlı Qüvvələrin şəxsi heyətini səfərbər edirdi.
Heydər Əliyevin tarixi irsə sədaqəti
Silahlı Qüvvələri gününün təsis edilməsində də özünü parlaq şəkildə göstərdi. Prezident Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanına əsasən, Azərbaycan Xalq Cümhuriyyətinin Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 1918-ci il 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edildi.
Ulu öndər Heydər Əliyev Azərbaycan ordusunun yaradılmasında əsas strateji rol oynamışdır. Heydər Əliyev sadəcə olaraq nizami silahlı qüvvələr yaratmadı - ordunun təkcə güc strukturu deyil, həm də suverenliyin və milli ləyaqətin qarantı olduğu müstəqil Azərbaycanın hərbi fəlsəfəsinin əsasını qoydu. Azərbaycan ordusunun Heydər Əliyev epoxasından sonrakı uğurları onun qurucusunun başladığı siyasətin bilavasitə davamıdır.
Ümummilli lider Heydər Əliyevin mükəmməl və müasir Azərbaycan Ordusu fəlsəfəsinin ən parlaq şəkildə reallaşması isə şübhəsiz onun davamçısı və nəini Silahlı Qüvvələri, bütövlükdə müasir modern Azərbaycanın qurucusu Prezident İlham Əliyevin adı ilə biləvasitə bağlıdır. Ordu quruculuğunun sıçrayışlı və ən mükəmməl şəkildə həyata keçirilməsi İlham Əliyevin hakimiyyətə gəldiyi 2003-cü ilin ilk günlərindən başladı desək, əsla yanalmarıq. Onun rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri müasir, hərtərəfli təchiz edilmiş və təlim keçmiş, təkcə müdafiə deyil, həm də strateji hücum vəzifələrini həll etməyə qadir orduya çevrilib.
Strateji baxış və siyasi iradə
Prezident İlham Əliyev hakimiyyətinin ilk illərindən XXI əsrin tələblərinə cavab verən ordunun yaradılması vəzifəsini qarşıya qoyub. Dövlət başçısı çoxsaylı çıxışlarında daim vurğulayırdı: “Güclü ordu Azərbaycanın suverenliyinin təminatıdır”.
Prezident İlham Əliyev hökumətinin silahlı qüvvələrdə əsaslı islahatlar aparmaq, onu ən masir mobil ordular sırasına qaldırmaq yolundakı fəaliyyəti ölkənin modernləşdirilməsi və demokratikləşdirilməsi ilə bağlı bəyan edilmiş məqsədlərin bir hissəsi olsa da, əslində çox vacib hissəsi idi. Azərbaycan ərazilərinin 20 faizinin işğal altında olduğu və münaqişənin açıq yara kimi qaldığı müddətdə, dünyanın bu münaqişəyə ədalətsizcəsinə ikili standartlardan yanaşan hegemon dövlətlərinin təzyiqləri altında müasir və moderen ordu qurmaq elə də asan məsələ deyildi.
Bir çox dövlətlərin Azərbaycana müasir silah və hərbi texnika satışına əsl mənada embarqo qoyduğu bir vaxtda dövlət başçısı qətiyyət, siyasi iradə nümayiş etdirir və dövlətinin haqqını böyük diplomatik ustalıqla müdafiə edirdi. Ona görə də hərbi islahatlar çox vaxt NATO ilə əməkdaşlıq səviyyəsində həyata keçirilirdi. Azərbaycan Heydər Əliyevin siyasi iradəsi sayəsində hələ 1994-cü ildə Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramına qoşulan ilk keçmiş sovet respublikalarından biri idi.
2003-cü ildən başlayaraq Avroatlantik inteqrasiya kursu daha da gücləndi. Bu, aspektlərdən ən sıx olanı Türkiyə vektoru idi. Türkiyə Azərbaycanın əsas hərbi tərəfdaş oldu. Minlərlə azərbaycanlı zabit Türkiyənin hərbi təhsil müəssisələrində təhsil alırdı. İkinci vektor NATO standartlaşdırması idi: komandanlıq strukturlarını, təlimləri və logistikanı alyansın standartlarına uyğunlaşdırmaq üçün islahatlar aparılmağa başlandı. Üçüncü vektor, əlbəttə Silahlı qüvvələrin yeni hissələrinin yaradılması idi. Bu dövrdə əlahiddə ümumqoşunlar, hava-desant və mexanikləşdirilmiş birləşmələr, eləcə də pilotsuz bölmələr fəal şəkildə formalaşdırıldı.
Prezident İlham Əliyev Azərbaycana neft-qaz gəlirləri artmağa başlayan gündən hərbi büdcənin artırılmasını ön plana çəkdi. Dövlət başçısı nəinki hərbi büdcənin əhəmiyyətli artımını təmin etdi, həm də hərbi sistemin bütün komponentlərinin - texniki bazadan tutmuş insan resurslarına qədər dərin modernləşdirilməsi təşəbbüsü ilə çıxış etdi. Azərbaycanın müdafiə xərcləri 2003-cü ildəki 135 milyon dollardan 2008-ci ildə 1,85 milyard dollara yüksəldi. Artan neft və qaz gəlirləri fonunda orduya ayrılan vəsait kəskin şəkildə artırdı. 2004-cü ildən 2010-cu ilə qədər müdafiə büdcəsi təxminən 15 dəfə artmışdı. 2005-ci ilin dekabrında silah istehsalına nəzarət etmək üçün Müdafiə Sənayesi Nazirliyi yaradıldı.
Ermənipərəst Qərb dövlətləri isə Azərbaycanın hər an hərbi yolla Ermənistan–Azərbaycan münaqişəsini öz xeyrinə həll edə biləcəyindən ehtiyat edirdi. Amma bunlar əbəs idi. Azərbaycanın dövblət başçısı açıq siyasət müstəvisinə keçmişdi və sözün əsl mənasında böyük siyasi iradə nümayiş etdirirdi. 2008-ci ildə keçirilən hərbi paradda çıxış edən Prezident İlham Əliyev bunu açıq bəyan etdi: “Ermənistanla Azərbaycan arasında mövcud olan qüvvələr balansı artıq yoxdur. Bu gün Azərbaycan ordusu regionun ən güclü ordusudur”.
Həqiqət belə idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərbi büdcəsi 17 ildə 10 dəfə artmışdı. 2020-ci ilə qədər hərbi büdcə hər il 2 milyard dolları keçirdi. Artırılan vəsait müasir silah və texnikanın alınmasına yönəldilirdi. Şübhəsiz, bu, Azərbaycana düşmən üzərində texnoloji üstünlük əldə etməsinə imkan verdi.
Prezident Əliyev reallığı ən yüksək dərəcədə qiymətləndirməyi bacaran müdrik dövlət xadimi idi və yaxşı bilirdi ki, peşəkar və motivasiyalı zabit və əsgərlər olmadan güclü ordudan söhbət gedə bilməz. Ona görə də dövlət rəhbəri təşəbbüslə çıxış edib Silahlı Qüvvələrin Milli Akademiyasının modernləşdirilməsini, ən yaxşı kursantların Türkiyə, Pakistan, ABŞ və digər ölkələrə təhsil almağa göndərilməsini, komanda heyətinin hazırlanmasında NATO standartlarına keçirilməsini, Türkiyə, İsrail və digər ölkələrlə birgə təlim mərkəzlərinin yaradılmasını gerçəkləşdirdi.
Bütün bunlarla paralel olaraq strateji ittifaqlar və hərbi əməkdaşlıq sahəsində ciddi müqavilələr imzalanmağa başlandı. Prezident İlham Əliyev ardıcıl olaraq ilk növbədə Türkiyə ilə hərbi-siyasi ittifaq qurdu. Bu, əməkdaşlığın inkişafında təməl daşı oldu. Azərbaycan hərbi sahədə əməkdaşlığını İsrail, Pakistan, İtaliya və digər ölkələrlə də genişləndirməyə müvəffəq oldu.
Ali Baş Komandanın Zəfər zirvəsi
İslahatların kulminasiyası 2020-ci ilin payızında Azərbaycanın 44 günlük müharibədə qazandığı qələbə oldu. Bu, yeni ordu modelinin effektivliyinin parlaq nümayişi idi. Həmin ilin sentyabr-noyabr aylarında baş verən müharibə Azərbaycan Silahlı Qüvvələrinin tarixində mühüm məqam oldu.
2020-ci il sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələri cəbhə xətti boyunca Azərbaycana qarşı genişmiqyaslı təxribat törətməklə xalqımızın 30 illik səbir kasasını daşırdı. Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusuna “Dəmir yumruq” adlanan əks-hücum əməliyyatına başlamaq əmri verdi. Azərbaycan ordusunun 44 gün davam edən hərbi əməliyyatları Silahlı Qüvvələrimizin Zəfəri ilə başa çatdı. Azərbaycan ordusu öz Ali Baş Komandanı İlham Əliyevin yüksək sərkərdəlik məharəti sayəsində bütün dünyaya müasir müharibənin necə aparılmalı olduğunu parlaq qələbə qazanmaqla nümayiş etdirdi.
Bütün cəbhə boyu hücuma keçən Azərbaycan Silahlı Qüvvələri mobillik, sürətli qərar qəbul etmək, kamikadze dronların və artilleriya qurğularının dəqiq zərbələrindən aktiv istifadə və döyüşçülərmizin yüksək peşəkarlığı sayəsində düşmənə göz açmağa imkan verməyib onun döyüş nöqtələrini, canlı qüvvəsini və hərbi texnikasını məhv edirdi. Az bir vaxtda Erfmənistan silahlı qüvvələrinin minlərlə əsgəri döyüş mövqelərini tərk edib qaçmağa üz qoydu.
“Yaşma” adı ilə döyüşlərdə misilsiz şücaət nümayiş etdirib düşmənin kabusuna çevrilən Xüsusi Təyinatlı Qüvvələr Laçında, Cəbrayılda, Şuşada bütün dünyanı heyrətə gətirən misilsiz qəhrəmanlıqları ilə Zəfər tarixi yazdılar. Şuşa, Hadrut, Füzuli, Cəbrayıl və digər ərazilərə nəzarəti bərpa etməyə imkan verən hərbi-diplomatik hərəkətlərə isə şəxsən Ali Baş Komandan İlham Əliyev rəhbərlik edirdi.
Rusiyanın Xəzər Strateji Araşdırmalar İnstitunun direktoru, tanınmış beynəlxalq hərbi ekspert İqor Korotçenko müharibədən dərhal sonra baş verənləri şərh edərkən qeyd edirdi ki, Azərbaycanın bu qələbəsi uzunmüddətli, düşünülmüş hərbi strategiyası, Silahlı Qüvvələrin bütün növ və qollarının sistemli şəkildə inkişaf etdirilməsi sayəsində mümkün olub.
Bu gün Azərbaycan ordusu haqlı olaraq dünyanın ən güclü ordularından biri hesab olunur. Bu, real döyüş əməliyyatları zamanı əldə edilən nəticələrlə bağlıdır. Konkret ölkədə hərbi quruculuğun necə və hansı formada aparıldığını göstərən ən yaxşı sınaq məhz müharibə oldu. Dövlətimiz, millətimiz, xalqımız üçün son dərəcə həyati əhəmiyyət kəsb edən belə bir müharibədən Azərbaycan Ordusu öz müzəffər Ali Baş Komandanı İlham Əliyevin sayəsində Zəfərlə çıxdı.
2020-ci il noyabrın 10-da döyüş meydanında məğlubiyyətini qəbul edən Ermənistanın kapitulyasiya aktına imza atdı. Amma bu hələ sülh demək deyildi, çünki ermənilərin revanşıst qüvvələri nəyəsə ümid etməkdə idilər. Bu ümidlə də olnlar 2023-cü il sentyabrın 9-da səhər saatlarında azad edilmiş Qarabağda Azərbaycan Silahlı Qüvvələrini və dinc sakinləri atəşə tutdular. Azərbaycanın Müdafiə Nazirliyinin "Antiterror əməliyyatı" adı verdiyi cavab tədbirləri başladı.
23 saat davam edən hərbi əməliyyatlar sentyabrın 20-də, saat 13:00-da əldə olunan razılığa əsasən dayandırıldı. Razılığa əsasən Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin bütün birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyub döyüş mövqelərindən və hərbi postlardan çıxmaq məcburiyyətində qaldılar. Bununla da Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi.
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev münaqişə ilə bağlı verdiyi müsahibələrinin birində dedi: “ Hərbi qarşıdurma başa çatıb. Həqiqətən də Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdi, həmçinin Azərbaycan öz ərazilərinin 30 ildir davam edən hərbi işğalına son qoydu. Azərbaycan hələ 2020-ci ildə 44 günlük müharibə başa çatdıqdan sonra Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edib. Buna görə də Azərbaycan sülh müqaviləsinin fundamental prinsiplərini və mətnini təklif edib”.
Doğrudur, Ermənistanda hələ də bəzi revanşist siyasi qüvvələr bu acı məğlubiyyətləri ilə barışmaq istəmirlər. Hansı qüvvəyə ümid etdikləri bəllidir. Erməni revanşıstləri bir şeyi anlamırlar ki, Azərbaycan daha 30 il əvvəlki Azərbaycan deyil. İndi onun Silahlı Qüvvələri ölkənin ərazi bütövlüyünü göz bəbəyi kimi qorumağa və istənilən düşmənə layiqli cavab verməyə hər an hazırdır.
Beləliklə, Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi 22 ildə nəinki ordunu müasirləşdirə bildi - o, regionun ən güclü ordularından birini yaratdı, onu milli təhlükəsizliyin təminatçısına çevirdi, ərazi bütövlüyünü bərpa etdi. Onun rəhbərliyi ilə Azərbaycan hərbi və geosiyasi müstəvidə hesablaşılan ölkəyə çevrildi və bu gün beynəlxalq aləmdə böyük hörmətlə qəbul edilir.
Sonda qeyd edək ki, müasir hərb tarixində 44 günlük müharibə və antiterror əməliyyatı öz uğuru və yekun hərbi-siyasi məqsədləri baxımından misilsiz bir Zəfərdir. Bu səbəbdən dünyanın onlarla müasir ordusu bu gün Azərbaycanın təcrübəsini öyrənməyə başlayıb. Bu təcrübə bu gün dünyanın aparıcı hərbi akademiyalarında araşdırılır. Şübhəsiz ki, bu təcrübə hərb sənətinin şah əsəridir və müasir hərbi fikrə ciddi təsir göstərir. Bununla qürur duyur və fəxr edirik.
Məhərrəm SƏFƏRLİ,
Həsən bəy Zərdabi mükafatı laureatı, Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü